Qədim Səmərqənd şəhərindəki İmam Buxari ziyarətgahının muzeyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən göndərilən “Qurani-Kərim”in təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın İmam Buxari Ziyarətgah Kompleksinin rəhbəri İlhom Ramazanov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli, humanitar elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, səfirliyin müşaviri Mahir Hacıyev, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Səmərqənd vilayəti üzrə Azərbaycan diaspor təşkilatının rəhbəri Adilağa Mirzəyev və Səmərqənd vilayət hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Hüseyn Quliyev Azərbaycan-Özbəkistan əlaqələrindən, iki xalq arasında əsrlərlə davam edən dostluq münasibətlərindən danışıb, xalqlarımızın din, dil birliyindən, eyni kökə, mədəniyyətə, dinə malik olduğunu xatırladıb. O, Azərbaycan dövlətinin dinə qayğısından, ölkəmizdə mövcud olan tolerantlıq mühitindən bəhs edib. Diplomat bildirib ki, bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səmərqənddə olarkən İmam Buxari ziyarətgahına gedib və buradakı muzeydə müxtəlif dövlət rəhbərləri və din xadimləri tərəfindən hədiyyə olunmuş “Qurani-Kərim” kitabları ilə tanış olub. Diplomat deyib ki, Ali Məclisin Sədri muzeydə olarkən buraya Azərbaycandan da nəfis şəkildə hazırlanmış müqəddəs “Qurani-Kərim”in hədiyyə olunmasına qərar verib.
İsa Həbibbəyli 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə “İslam Həmrəyliyi ili” elan edildiyini və Azərbaycanda bu il “İslam həmrəyliyi oyunları”nın keçirildiyini qeyd edib. Azərbaycanın İslam dünyası ilə dostluq və əməkdaşlığa can atdığını bildirən akademik tədbirin əhəmiyyətindən, Azərbaycanda İslam ənənələrinin qorunub saxlanılmasından və bu sahədə həyata keçirilən dövlət siyasətindən danışıb.
İlhom Ramazanov ziyarətgah kompleksi haqqında məlumat verib, Azərbaycan tərəfinin təşəbbüsünü yüksək qiymətləndirib. O, Azərbaycan-Özbəkistan dostluğundan danışaraq bu əlaqələrin yüksək səviyyəyə çatdırılmasında hər iki ölkənin liderlərinin rolunu qeyd edib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə minnətdarlığını bildirən İlhom Ramazanov Azərbaycan tərəfdən hədiyyə edilən nəfis “Qurani-Kərim” kitabının kompleksin muzeyində nümayiş etdiriləcəyini bildirib.
Sonra Hüseyn Quliyev nəfis “Qurani-Kərim” kitabını İlhom Ramazanova təqdim edib.
Qulu Kəngərli AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd