Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı ümummilli lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin 26-cı ildönümünə həsr olunmuş “Naxçıvandan başlanan böyük xilaskarlıq missiyası” mövzusunda tədbir keçirib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 1991-ci il 3 sentyabr özünün qurtuluş, istiqlal və inkişaf missiyası ilə Azərbaycan tarixində şanlı bir səhifə olaraq əbədiləşib. Blokada vəziyyətinin yaratdığı çətinliklərə sinə gərən, düşmən təcavüzünə qarşı rəşadətlə müqavimət göstərən naxçıvanlılar ulu öndər Heydər Əliyevə böyük məhəbbət və inam bəsləyərək ümummilli liderin öz fəaliyyətini Ali Məclisin Sədri kimi davam etdirməsini istəyirdilər. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə iclasında ulu öndər Heydər Əliyev Ali Məclisin Sədri seçildi.
Qeyd olunub ki, dahi rəhbərimiz Ali Məclisin Sədri kimi fəaliyyət göstərdiyi dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər görüb, “hakimiyyət xalq üçündür” prinsipini reallığa çevirib. Ümummilli lider real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə nail olub. Görkəmli dövlət xadiminin uzaqgörən siyasətinin nəticəsi olaraq 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul edib. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olundu. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası qoyuldu.
Xalqımızın böyük oğlu Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməsi üçün də tədbirlər görməyi diqqət mərkəzində saxlayırdı. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. Bu baxımdan 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Həmin qərara əsasən 1991-ci il dekabr ayının 31-də həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olundu.
Bildirilib ki, bu dövrdə Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılıb, ulu öndər 1992-ci ildə qonşu İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər edib, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanıb. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başlayıb.
Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilib. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən ilk mühüm amil olaraq Azərbaycanda torpaq islahatı ilk dəfə Naxçıvanda aparılıb.
Vurğulanıb ki, 1992-ci il noyabr ayının 21-də Naxçıvanda ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə baş verdi: müstəqil Azərbaycanın qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Ciddi ictimai sifarişin nəticəsi kimi zamanın çağırışlarına cavab vermək məqsədilə yaradılan partiya ölkədəki və regiondakı ictimai-siyasi proseslərin əks-sədası olaraq, başlıcası isə xalqın arzu və istəklərinin reallaşdırılması üçün siyasət meydanında qısa zaman ərzində böyük nüfuz qazandı.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin yaşadılması, onun siyasətinin alternativsizliyinin birmənalı şəkildə qəbul edilməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlığı ilə əlaqədardır. Ölkəmizin dahi rəhbər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək fövqəladə uğurlar qazanması faktı da Onun şəxsiyyətinin nəhəngliyini əyani şəkildə təsdiq edir. Bütün bunlar sübut edir ki, görkəmli dövlət xadiminin qiymətli irsi ölkəmizin müasir inkişafının əsasını təşkil edir. Bu gün həmin ideyalar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının şura üzvü Tahir Məmmədov, Çalxanqala kənd ərazi ilk partiya təşkilatının sədri Etiram İbrahimov çıxış ediblər.
Sonda ümummilli liderin həyat və fəaliyyətini əks etdirən “Dahi Şəxsiyyət” filminə baxış olub.
Babək İSMAYILOV