Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Naxçıvan özünün ağır günlərini yaşayırdı. Sərhədyanı kəndləri erməni yaraqlıları tərəfindən hücuma məruz qalan, dincliyi əlindən alınan və blokadaya salınan Naxçıvanda iqtisadi və siyasi böhran daha da dərinləşmişdi. Məhz belə bir dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-cı il iyul ayının 22-də muxtar respublikaya gəlişi naxçıvanlılara böyük ümid və sevinc bəxş etdi. O dövrün mətbuatı yazırdı ki, əzablı və məşəqqətli günlərini yaşayan Naxçıvanı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü Tanrı dahi və müdrik insanı öz doğma yurduna xilaskar göndərmişdi. Sonralar ulu öndərimiz Heydər Əliyev bu barədə belə deyəcəkdi: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.
Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana gəlişi tarixi zərurətdən yaranmışdır. Böyük şəxsiyyət üçün Vətənin dar günündə xalqının yanına qayıtmaq, onunla bir yerdə olmaq çox vacib və əhəmiyyətli idi. Ümummilli liderimizin Naxçıvana qayıdışı Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının başlanğıcı olmuş, müstəqilliyimizin təməl daşları Naxçıvanda qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin dövrü belə xarakterizə etmişdir: “Ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə sürükləndiyi bir vaxtda səsini qaldıran, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran Heydər Əliyev və xalq amili bir daha fəal siyasi müstəvidə birləşdi. Xalqımızın böyük oğlunun qayıdışı Azərbaycan adlı parçalanmış, qan içində olan, 20 Yanvar faciəsinin məhrumiyyətindən özünə gəlməyə macal tapmayan, erməni yaraqlılarının hərbi müdaxiləsi, daxildə isə satqın rəhbərlərin xəyanəti ilə üzləşən yarımcan bədənə mənəvi ruh, bütövlük və tamlıq gətirdi”.
Naxçıvana gəldikdən qısa müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq ümummilli lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürməklə muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz ulu öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Ümummilli lider 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçilmişdi. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə öz işinə başladı. Həmin sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı.
1991-ci il sentyabrın 3-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə ulu öndər Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da, Azərbaycan tarixində ümummilli liderin adı ilə bağlı olan daha bir səhifə açıldı. Sessiyadakı ilk çıxışında ulu öndər öz taleyini xalqa tapşırdığını bildirərək demişdir: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan ümummilli lider Heydər Əliyev real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başlamışdır. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıcı idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olunmuş, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində Naxçıvanın müdafiə potensialı gücləndirilmiş, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası qoyulmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət naminə birləşməyə səsləmişdir. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmış, ulu öndər 1992-ci ildə qonşu İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmışdı. İmzalanan protokollara əsasən hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuş, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək və Culfa gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdı. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları açılmışdır.
Həmin dövrdə muxtar respublikanın ağır blokada vəziyyətinə salınması nəticəsində Naxçıvanın Azərbaycanın digər əraziləri ilə nəqliyyat əlaqələri kəsilmişdi. Əlbəttə, belə bir vəziyyət muxtar respublikada digər sahələrlə yanaşı, iqtisadi sferada da mühüm islahatların aparılmasını zəruri edirdi. Kənd təsərrüfatının dirçəldilməsi sahəsində mühüm addımlar atılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmişdir. Torpaq islahatlarına ilk dəfə Naxçıvanda başlanması, bütövlükdə, ölkəmizdə kənd təsərrüfatının gələcək inkişafını şərtləndirən əsas amillərdən olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov o dövrdə Naxçıvanda iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərkən demişdir: “Bu dövrdə müstəqilliyin bərpası istiqamətində görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan iqtisadi model də formalaşdırılmış, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edilmiş, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülmüşdü... Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın Heydər Əliyev yoluna qayıdan ilk region olmaqla Azərbaycanda böyük nümunə gücünə malik idi”.
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən, eyni zamanda Azərbaycan Respublikası Ali Sovetinin sessiyalarında da iştirak etmişdir. Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı çıxışında ulu öndər vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etmiş, dağılmaqda olan Sovet İttifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürmüş, prinsipial və konkret fikirlər söyləmiş, təkliflər vermiş, siyasi və iqtisadi böhranın səbəbləri, onların aradan qaldırılması yolları barədə qətiyyətli mövqeyini bəyan etmişdir.
1990-1993-cü illər ərzində Naxçıvanda atılan addımlar milli dövlətçiliyimizin inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır. 1992-ci il noyabrın 21-də ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, ölkə ziyalılarının dahi şəxsiyyətə ünvanladığı çoxsaylı teleqram, məktub və çağırışlar ictimai və siyasi sabitliyin gündən-günə ağırlaşdığı Azərbaycanın gələcək xilaskarının yalnız və yalnız Heydər Əliyev olduğunu təsdiq edirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndərin Bakıya dönüşü milli-mənəvi dəyərlərimizə, varlığımıza, tarixi yaddaşımıza QAYIDIŞ günü oldu. Dahi rəhbər bu qayıdışla müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı, suverenliyimizin etibarlı qarantı və xilaskarına çevrildi.
Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1969-1987-ci illərdəki təkamülü, 1990-1993-cü illərdə qədim Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi və burada dövlət müstəqilliyinin əsasının qoyulması, 1993-2003-cü illərdə ölkəmizin müstəqilliyinin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və bacarıq, dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz möhkəm, etibarlı təməl yaratmışdır. Müstəqil Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası indi bu təməl üzərində gələcəyə doğru inamla addımlayır.
Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində azadlıq və müstəqilliyimiz daimi və əbədi olmuşdur. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır.
“Şərq qapısı”