Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə seminar-müşavirə keçirib.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Yasin Əliyev, Elxan Novruzov və Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədovun çıxışları olub. Çıxışlarda hərəkətin təhlükəsizliyi və nizam-intizam qaydalarının möhkəmləndirilməsi, muxtar respublikada taksi fəaliyyətinin təkmilləşdirilməsindən söhbət açılıb. Qeyd edilib ki, bu gün sərnişinlərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılmasına xüsusi diqqət yetirilir. Avtomobil nəqliyyatı ilə sərnişindaşımanı yerinə yetirən sürücülərin nizam-intizam qaydalarına əməl etmələrini yoxlamaq məqsədilə reydlər keçirilir, qanun pozuntusuna yol verən sürücülər aşkar edilir.
Bildirilib ki, sərnişin və yük daşınmaları ilə məşğul olan sürücülərin başlıca vəzifələrindən biri də avtomobillərini vaxtında texniki müayinədən keçirmələridir. Bu məqsədlə müntəzəm reydlər aparılır, avtonəqliyyat vasitələrində aşkar olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılır. Nəqliyyat vasitəsi yola düşməzdən əvvəl sürücü tərəfindən onun texniki cəhətdən sazlığı yoxlanılmalı, yol hərəkətinin və daşımaların təhlükəsizliyi qaydalarına əməl edilməlidir. Nəqliyyat vasitəsi müəyyən edilmiş sürət həddini keçməməli, marşrut qrafikinə əməl olunmalıdır.
Sonra seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.
Nail ƏSGƏROV