26 Dekabr 2024, Cümə axşamı

Hər bir ölkənin inkişafında və gələcəyində sağlamdüşüncəli, qətiyyətli, bilikli, mənsub olduğu xalqın milli və mənəvi dəyərlərini yaxşı mənimsəmiş gənclər mühüm rol oynayır. Buna görə də gənclərin düzgün yetişdirilməsi, onların lazımi bilik və vərdişlərə yiyələnmələri qarşıda duran əsas vəzifələrdən biridir. Çünki dövlətçiliyin, müstəqilliyin daha da möhkəm­ləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların hazırlanmasından, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə görülən işlər, şübhəsiz ki, həmin dövlətin gələcəyinə hesablanmış siyasətin tərkib hissəsidir. 

Bəs şəhərimizdəki Gənclər Mərkəzi bu istiqamətdə hansı işləri görür? Elə bu sualla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevə müraciət etdik. O, bizimlə söhbətində əvvəlcə dövlət-gənclər siyasətindən danışaraq bildirdi ki, müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, onların müxtəlif sahələrdə irəli çəkilməsi, uğurlarının qiymətləndirilməsi bu siyasətin əsasını təşkil edir. Xüsusilə son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisində gənclərlə iş, bu sahədə qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr, verilən konkret tapşırıqlar, bu mənada, mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı gənclərə göstərilən yüksək diqqət və qayğının növbəti ifadəsidir. Fərmana əsasən Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunmuş, kitaba adları düşmüş istedadlı gənclərə təqaüdün verilməsi ilə bağlı qaydalar təsdiq edilmişdir. Həmçinin gənclər üçün Naxçıvan şəhərində Gənclər Mərkəzi inşa olunmuş, dövlət-gənclər siyasətinin davamı olaraq Ali Məclis Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada yaradılmış Gənclər Fondunun fəaliyyəti təmin edilmişdir. Bütün bunlar isə gənc­lərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır.

Məmməd Babayev qeyd etdi ki, tələbələrlə iş Gənclər Fondunun keçirdiyi bütün layihə və tədbirlərin prioritet istiqamətini təşkil edir. Həmçinin gənclər kateqoriyasına aid edilən yaş qruplarının bir hissəsi – 14-18 yaş qrupunda olan yeniyetmə və gənclər də tədbirlərə cəlb olunur.
Mərkəzdə mütəmadi olaraq muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müxtəlif idman yarışları, mədəni tədbirlər, bilik yarışları, film nümayişləri, muzey ekskursiyaları təşkil olunur. Muxtar respublikamızda yaşayan istedadlı gənclərin üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gənclər arasında yaradıcılıq müsabiqələrinin keçirilməsi də daim diqqət mərkəzində saxlanılır, müxtəlif rəsm, inşa yazı, foto, şeir, film, elmi məqalə, publisistika və digər növdən olan müsabiqələr keçirilir. Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlara vətənpərvərlik hisslərinin aşılanması, bu qrupdan olan istedadlı uşaqların üzə çıxarılması məqsədilə onlar arasında da müxtəlif vaxtlarda yazı, şeir, mahnı və rəsm müsabiqələri keçirilir. Həmin tədbirlər bu kateqoriyadan olan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır.
2014-cü il aprel ayından başlayaraq Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə ingilis, rus və fransız dilləri üzrə hazırlıq kursları keçirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları və xarici dilin tədrisi üçün lazım olan avadanlıqlarla təmin edilmiş linqafon kabinələrində dövlət vəsaiti hesabına həyata keçirilən kurslarda müxtəlif sahələrdə təhsil alan və ya işləyən gənc­lərin iştirakı, xarici dilləri mənimsəmələri üçün hər cür şərait yaradılıb. 2014-cü ildən ötən müddət ərzində 1500-dən çox gənc kurslara cəlb olunub. Bundan başqa, 22 muzey bələdçisi də xarici dil kurslarında iştirak edib. Hazırda kurslarda qeydiyyatdan keçmiş gənclərin sayı 1066 nəfərdir.
Söhbət əsnasında onu da öyrəndik ki, Gənclər Fondunun aidiyyəti təşkilatlarla birlikdə keçirdiyi tədbirlərdə gənclərin intellektual inkişafı daim diqqət mərkəzində saxlanılır, gənc­lər arasında intellektual hərəkatın formalaşdırılması, sağlamdüşüncəli, geniş dünyagörüşlü gənclərin yetişdirilməsi üçün müntəzəm olaraq intellektual oyunların keçirilməsi təmin olunur.
Mərkəzdə “Xəmsə” intellektual oyununun keçirilməsi üçün yaradılmış intellektual oyun zalından və müasir avadanlıqlardan səmərəli istifadə edilərək yeniyetmə və gənc­lərin iştirakı ilə mütəmadi olaraq “Nuh yurdu”, “Nə? Harda? Nə zaman?”, “Brain Ring” intellektual oyunları keçirilir.
Müsahibimiz bildirdi ki, indiyədək gənclərin daha çox rəğbətini qazanmış “Nuh yurdu” intellektual oyunu üzrə muxtar respublikanın bütün rayon mərkəzlərində yeniyetmə və gənclər arasında birinciliklər keçirilib, Gənclər Mərkəzində isə muxtar respublika və zona çempionat­ları təşkil olunub. Həmçinin burada “Lira” musiqili intellektual oyunu və qeyri-hüquq fənlərində təhsil alan gənclər arasında hüquq fənləri üzrə “Nuh yurdu” intellektual oyunu da təşkil edilib.
2013-cü ildən başlayaraq müntəzəm şəkildə muxtar respublikamızda kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulaq İstirahət Mərkəzində gənclərin yay məktəbləri təşkil olunur. Bu məktəblərdə və həftəsonu istirahətlərində sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin, aztəminatlı ailələrin uşaqlarının da iştirakına xüsusi diqqət yetirilir.
Bütün bu faktlar belə deməyə əsas verir ki, bu gün muxtar respublikamızda gənclərlə iş sahəsində aparılan tədbirlər gəncliyin inkişafına təkan verir. Onların vətənpərvərlik, ulu öndər Heydər Əliyevin Azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli və mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasında böyük rol oynayır. Gənclər üçün yaradılan imkanlar onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında daha da yaxından iştirakına stimul verir.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR