26 Dekabr 2024, Cümə axşamı

Azərbaycanın iyirminci əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulmuşdur. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev, sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olmuş, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görmüşdür. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi. Ona görə də 1969-cu ilin ­ 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər ­seçilməsi ölkə­mizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.

Ulu öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövrü eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu aradan qaldırmış, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmışdır. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanmışdı ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazımdır. Ulu öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratmışdı.
Türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılamış, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək bugünkü müstəqilliyimizin təməlini qoymuşdur. 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkə­sinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bütün bunlar Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələri idi.

Sonralar həmin dövrdə həyata keçirilən tədbirlərdən danışan ulu öndər demişdir: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqra­siya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.
1941-1945-ci illərdə SSRİ-nin neftə olan ehtiyacının 75 faizini ödəməsinə baxmayaraq, Azərbaycanın neftayırma zavodları 1970-ci illərdə müasir tələblərlə ayaqlaşmırdı. Ulu öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırmış və Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olmuşdur. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verilmişdir. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcəyi naminə həyata keçirilən tədbirləri belə xarakterizə etmişdir: “Tarixilik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infra­struktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı”.
Azərbaycanda milli dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız ulu öndərimiz Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı, cəsarətli bir dövlət xadimi, siyasi lider reallaşdıra bilərdi. Bu istiqamətdə o dövrdə görülən işlərin bəhrəsini biz indi daha aydın dərk edirik. Həmin illərdə görkəmli dövlət ­xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycandakı memarlıq abidələrində bərpa işləri aparılmış, tarix və mədəniyyət abidələrinin pasportu hazırlanmış, görkəm­li şair və yazıçıların yubileyləri keçirilmiş, tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının abidələri ucaldılmış, onların adlarını daşıyan yaşayış məntəqələri salınmış, milli varlığımızın, dəyərlərimizin və adət-ənənələrimizin təbliğinə xidmət edən filmlər çəkilmişdir.
1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günü­uzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. XX əsrin 70-80-ci illərində ulu öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək­ixtisaslı mütəxəssislərin yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaratmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər.
Ulu öndərimizin XX əsrin 70-80-ci illərindəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan 54 ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Xüsusi vurğulamaq lazımdır ki, ümummilli liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyəti­nin formalaşmasında müstəsna rol ­oynamışdır.
Bir faktı da qeyd edək ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirmiş, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ulu öndərimizin milli dəyərlərin qorunması, milli şüurun oyanışı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışarkən demişdir: “Ötən əsrin 70-ci illərində baş vermiş proseslərin təhlili göstərir ki, ulu öndərimiz genişmiqyaslı maarifçi­lik təşəbbüsünü milli ruhun yüksəlişi və millətin tarixi yaddaşının bərpası vəzifələri ilə vəhdət halında götürür, Azərbaycan dilinin tədrisi məsələlərini diqqətdə saxlayırdı. Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, akademik nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətlərindəndir”.
1969-cu ildən başlanan kompleks inkişaf dinamikası Azərbaycanın digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasını da öz əhatəsinə almışdı. Reallıq budur ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı sıralarda qərar tuturdu. Ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış qərarlar bu geriliyin aradan qaldırılması və Naxçıvanın inkişaf yoluna çıxarılmasında mühüm rol oynamışdır. Muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdir. Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı təxminən, üç dəfə artmışdır. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır.
Ümummilli liderin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atdığı addımlardan biri – Araz çayının üzərində su elektrik stansiyasının tikilməsi muxtar respublikanın gələcək taleyində mühüm rol oynamışdır. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına həyat ritmini qoruyub saxlaya bilmişdir.
1990-1993-cü illərdə Azərbaycanla yanaşı, Naxçıvanın da başı üzərini qara buludların aldığı bir vaxtda ulu öndər doğma Naxçıvana qayıtmışdır. Bundan sonra qədim diyarın xilası üçün lazım olan bütün addımlar atıldı. Eyni zamanda, yalnız muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mühüm rol oynayan qərarlar qəbul olundu. 1993-cü ilin yayında ölkədə qardaş qanı töküldüyü və milli dövlətçiliyimiz ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalq yenidən nicatını ulu öndərin hakimiyyətə gəlişində gördü, dahi rəhbəri Naxçıvandan Bakıya dəvət etdi. Vətəninin və xalqının taleyinə biganə qala bilməyən ümummilli lider 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıtdı və bu QAYIDIŞ Vətənin xilası, xalqın qurtuluş tarixinə çevrildi, Azərbaycan 1969-cu ildən başlanan quruculuq yoluna döndü. Torpaqlarımızın işğalının qarşısı alındı, milli ordu yaradıldı, sabitlik təmin olundu. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə səbəb oldu.
Azərbaycanın müasir tarixinin fenomen şəxsiyyəti kimi ümummilli liderimiz Heydər Əliyev xalqın qəlbində özünə möhtəşəm abidə ucaltmışdır. O, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik tarixini yaratmışdır. Ümummilli liderimizin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi və xalqın sosial rifah halını təmin edən inkişaf strategiyası ulu öndərin dövlətçilik konsepsiyasının uğurla davam etdirilməsinin nəticəsidir. İrəlidə Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını Heydər Əliyev quruculuq xəttinin daha böyük uğurları, nailiyyətləri gözləyir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR