Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Heydər Əliyev lektoriyasının 215-ci məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu olduğunu deyib. Vurğulanıb ki, xalq və dövlət naminə gərgin, qətiyyətli, fədakar və yorulmaz fəaliyyət dövlətçilik tariximizdə görkəmli siyasi xadim Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri səviyyəsinə yüksəldib. Dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəlməklə milli inkişaf platformasını gerçəkləşdirməyə müvəffəq olub ki, bu da, öz növbəsində, Azərbaycanı dövlət müstəqilliyinə hazırlamaq idi. Diqqətə çatdırılıb ki, yaşadığımız bu firavan günlərin, neçə-neçə aydın səhərlərin, əbədi və dönməz müstəqilliyin təməli məhz o illərdə qoyulub. Bu mənada, ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul tarixi Azərbaycanın ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcıdır.
“Daimi inkişafa və tərəqqiyə qovuşan yolun başlanğıcı” mövzusunda çıxışında Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov qeyd edib ki, 14 iyul tarixi Azərbaycanın həyatında ona görə dönüş günüdür ki, o gündən Azərbaycan Heydər Əliyev yolu ilə inkişaf edib, müstəqilliyə can atıb. Bu mənada, ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövr – 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşüb.
Bildirilib ki, dahi rəhbər Heydər Əliyev iki bir-birinə zidd olan quruluşda – Sovetlər Birliyi dövründə və müstəqillik illərində Azərbaycanı məharətlə idarə etməyi bacarıb. Müqayisə aparsaq, görərik ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə iqtisadiyyatın artım tempinə görə o vaxt SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxan Azərbaycan məhz bu gün dünyada ən sürətli inkişaf edən iqtisadiyyata malik ölkə kimi tanınır. Bu inkişaf, bu yüksəliş istər o dövrdə, istərsə də sonrakı illərdə və indi həyatımızın bütün sahələrində özünü göstərməkdədir.
Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev isə qeyd edib ki, Azərbaycan deyəndə göz önündə əzəmətli, əlçatmaz bir zirvə – Heydər Əliyev zirvəsi ucalır. Bu zirvə dünyanın hər yerindən görünür. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın ucalığı, əzəməti, vüqarıdır.
Səadət ƏLİYEVA