26 Dekabr 2024, Cümə axşamı

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev “14 iyul 1969-cu il: Azərbaycanın yeni tarixinin başlanğıcı” mövzusunda məruzə ilə çıxış edib. Müzakirələrdə təşkilatın sədr müavini İbrahim Hənifəzadə, idarə heyətinin üzvü Ünbülbanu Musayeva, partiya veteranı Musa Şir­əliyev, Cəlilkənd tam orta məktəbinin direktoru Eldəniz Musayev, Zeyvə kənd tam orta məktəbi ilk partiya təşkilatının sədri Məhərrəm Rəhimov və başqalarının çıxışları dinlənilib.

Qeyd olunub ki, ötən əsrin altmışıncı illərinin sonunda Azərbaycanda ciddi dəyişikliyə zəruri ehtiyac yaranmışdı. Bu dəyişiklik məhz 1969-cu il iyulun 14-dən başlandı. Həmin tarixdə dahi şəxsi­yyət Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən qısa vaxt sonra respublikada tənəzzülün qarşısı alındı, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində inkişaf dövrü başlandı. 1969-1982-ci illərdə Azərbaycan, sözün həqiqi mənasında, nəhəng tikinti meydanını xatırladırdı. Bu illər ərzində şəhər və rayonlarda böyük sənaye-istehsal kompleksləri, fabrik və zavodlar, səhiyyə və mədəniyyət müəssisələri, məktəblər, inzibati binalar, saysız-hesabsız yaşayış evləri, yollar, parklar, mehmanxanalar, iri şərab və konserv zavodları, çay, tütün fabrikləri tikildi. Kənd təsərrüfatı inkişaf etdirildi, heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində tədbirlər həyata keçirildi, nəhəng meliorativ qurğular tikildi.

Vurğulanıb ki, respublikada aparılan ciddi islahatlar, həyata keçiri­lən təşkilati tədbirlər nəticəsində iri metallurgiya, maşınqayırma, energetika, elektronika, kimya və neft-kimya sənayesi sahələri yaradıldı. Nəticədə, 1972-ci ildə Azərbaycan inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikaya çevrildi. Ulu öndər qarşısına həm də Azərbaycan xalqının mənəviyyatının, milli və mənəvi dəyərlərinin yaşadılması və təbliği, respublikanın mənəvi-psixoloji mühitinin ciddi şəkildə dəyişdirilməsi vəzifəsini qoymuşdu. Bütün bunlar uğurla həyata keçirildi. Xalqımızın böyük oğlunun həmin dövrdəki fəaliyyəti yalnız milli intibaha – müstəqil Azərbaycan Respublikasına aparan yolun ən vacib mərhələsini təşkil etdi.
Beləliklə, 48 il bundan əvvəl ulu öndər Azərbaycanda iqtisadiyyatın, sosial həyatın, hərbi qurucu­lu­ğun, elmin, mədəniyyətin inkişaf etdirilməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, mövcud olan neqativ halların aradan qaldırılması istiqamətində fədakar­lıqla çalışdı. Bu mübarizədə O, yalnız xalqına arxalandı, xalq da dahi rəhbərinə arxa, dayaq oldu. Heydər Əliyev – Azərbaycan, Azərbaycan – Heydər Əliyev vəhdəti də məhz o illərdən yaranmışdır. Xalqla, Azərbaycanla birlikdə ümummilli lider də ucaldı.
Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadiminin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə birlikdə müstəqilliyimizin dönməzliyi və əbədiliyi təmin edildi. Bu uzaqgörən siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində respublikamızın beynəlxalq aləmdəki mövqeləri gündən-günə daha da möhkəmləndi. Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutdu.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR