26 Dekabr 2024, Cümə axşamı

Sədərək rayonu

Yolumuz Sədərək rayonunadır, illərdən bəri düşmən qarşısında alınmaz qalaya, keçilməz səddə çevrilən Sədərəyə. Qaraqoyunlu və Ağqoyunlu dönəmində Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri Sədərək olub, XVI əsr mənbələrində sultanlıq kimi təqdim olunur. Fransız səyyahı Jan Şarden yazır ki, Sədərək adlı şəhərciyin yanından keçdik, mahalın sultanı da bu şəhərcikdə yaşayır.
Şarden ciddi bir adam idi. Ömrünü bir neçə il İranda və Azərbaycanda keçirmişdi, bu yerlərə də yaxşı bələd idi. Ermənilərdən bəhs edərkən bildirir ki, onlar “çox yoxsul, fəlakətli, nadan və cahil bir millətdir”. Bəli, o vaxtlar Naxçıvanın 11 mahalından biri, həqiqətən, Sədərək idi.
Sədərək şimalda və şərqdə dağlıq, Arazboyu hissədə tirə və yüksəkliklərlə ayrılan maili düzənlikdən ibarətdir. Şimal-qərbdən Sarıbulaq dağının cənub-şərq ətəkləri ilə sərhədlənib Ağrı düzü ilə birləşir, Ucubiz, Əjdəkan, Tejkar, Vəlidağ və Saraclı dağları təbii sipər kimi Sədərəyi əhatəyə alıb.

Ümummilli lider Heydər Əliyev hələ 1978-ci ilin oktyabrında Naxçıvana səfər edərkən, Sədərək kəndi ilə Ermənistan arasında nümunəvi yeni qəsəbə salınmasını tövsiyə etmişdi. 1980-ci ildə salınmasına başlanan həmin qəsəbə barədə danışarkən ulu öndər sonralar qeyd edirdi ki, o vaxtlar ermənilər yavaş-yavaş baş qaldırır, torpaqlarımıza iddia edirdilər, ona görə də qəsəbənin məhz həmin yerdə salınmasını tövsiyə etdim.
Ermənilər 1990-1993-cü illərdə 14 dəfə Sədərəyə hücum etsələr də, hər dəfə geriyə oturdulmuş və ciddi itkilərə məruz qalmışlar. O vaxtlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyev Sədərəyi “Qeyrət qalası” adlandıraraq demişdir: “Muxtar respublikanın sərhəd kənd­ləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq Sədərəyin üzərinə düşmüşdür. Sədərəkdə vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub”.
Ulu öndər Sədərəyi çiçəklənən, yüksək rifaha malik yaşayış məntəqəsi kimi görmək istəyirdi. Bu gün düşmən postundan, cəbhə xəttindən 200-250 metr aralıda olan Heydərabad qəsəbəsini, Sədərəyi görəndə, gözlərimizə inanmadıq. Bu qəsəbə düşmən üçün gözdağına çevrilib. Ətrafında gözəl bağ-bağça salınmış, abad evlər, muzey, park, mədəniyyət evi, enli asfalt küçələr ox olub düşmənin bağrına sancılır.
Hərbi hissədə əsgər və zabitlərimizlə görüş yaddaşımızda silinməz izlər qoydu. Bir daha əmin olduq ki, Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə müntəzirdir. Ən müasir silah-sursatla yaxşı təchiz edilmiş Silahlı Qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Yüksək dəqiqliyə, böyük dağıdıcı gücə malik silahlar düşmənə rahatlıq vermir, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu düşmənin qorxulu röyasına çevrilib. Düşmən qısa vaxt ərzində sarsıdıcı zərbə ilə birdəfəlik susdurula bilər.
KİVDF-in icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı Aqil Abbas əsgər və zabitlər qarşısında çıxış edərək, Vətənin onlara güvəndiyini, torpaqlarımızın işğaldan azad ediləcəyi günün yaxında olduğunu vurğuladılar, ordumuza qələbə sevinci arzuladılar.
Cəbhə xəttində dağın zirvəsinə qalxıb postda dayanan əsgərlərimizlə də görüşürük. Hər biri qorxubilməz igiddir. İlk həmlə ilə düşmənə ağır zərbə vuracaqları şübhə doğurmur. “Ötən hər gün bizi qələbəyə yaxınlaşdırır”,– deyir əsgərlərimiz. Ordumuzun gücünə, qüdrətinə daha yaxından bələd olduqca, qəlbimiz qürurla döyünür. Sərhəd xəttində güclü, qüdrətli bir ordu dayanıb. Belə cəsur oğulları olan Vətən basılmaz!

Şərur

Şərur rayonunda baş çəkdiyimiz ilk ünvan ikimərtəbəli tam orta məktəb oldu. Düzünü desəm, qarşısında dayandığımız əzəmətli binanın məktəb olduğuna inanmaq çətin idi. Amma üzərindəki lövhə şübhəmizə son qoydu. Giriş qapısının hər iki tərəfindəki qoşa sütunların arasından keçib dördmərtəbəli gözəl binanın içərisinə daxil oluruq. Binanın xarici görünüşünün yaratdığı xoş təəssürat anındaca birə-beş qat artır. Məktəb ən müasir tədris standartlarına cavab verir. 1020 şagird yerlik məktəbdə bir qismi elektron lövhəli olmaqla, 50 sinif otağı, 2 müəllimlər otağı, 4 kompüter otağı, 2 şahmat otağı, tibb otağı, idman zalı, idman qurğuları, fənn laboratoriyaları, hərbi kabinə, yeməkxana lazımi avadanlıq və tədris vasitələri ilə təchiz olunub. Kitabxanada 9 min nüsxədən çox dərslik, 10 min nüsxədən artıq bədii ədəbiyyat toplanıb. Sinif otaqları və məktəbin qazandığı uğurlarla tanış olduqda bizdə belə bir təəssürat yarandı ki, muxtar respublikada gələcək nəslin təlim-tərbiyəsinə xüsusi diqqət yetirilir. Hər bir şagirdə onun şəxsi keyfiyyətlərindən, maraq ­dairəsindən asılı olaraq fərdi yanaşma sərgilənir. Nəticə göz qabağındadır: burada yüksək təhsilli, geniş dünyagörüşlü gənc nəslin təlim-tərbiyəsi bütün məktəblər üçün örnək ola bilər.
Məktəbin həyəti xüsusi dizaynı, salınan yaşıllıq və səliqə-sahmanı ilə göz oxşayır.
Məktəbin binasından çıxıb yan tərəfdəki daha bir gözəl binaya doğru gedirik. Bura Şərur Texniki-Peşə və Sürücülük Məktəb Kompleksidir.
Bələdçimiz Ramal Məmişov məlumat verir ki, son 10 ildə muxtar respublikada 142 məktəb binası istifadəyə verilib. Dərslərin daha yüksək təşkili məqsədilə ümumtəhsil məktəblərində 600 elektron lövhə quraşdırılıb, hər 12 şagirdə 1 kompüter düşür. Bütün təhsil ocaqları dərslik və dərs ləvazimatları ilə təmin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2014-cü il sentyabrın 14-də Şərur Texniki-Peşə və Sürücülük Məktəb Kompleksinin açılış mərasimində iştirak etmişdir.
Peşə məktəbi tədris korpusu və yataqxana binasından ibarətdir. Dördmərtəbəli tədris korpusu 360 şagird üçün nəzərdə tutulub, burada 17 sinif otağı, 4 laboratoriya, 5 emalatxana, şahmat, kompüter otaqları, hərbi kabinə, tibb məntəqəsi, idman zalı, yardımçı otaqlar var. Məktəbdə 11 ixtisas üzrə kadr hazır­lığı aparılır. Sürücülük peşəsinin təcrübədə yaxşı mənimsənilməsi məqsədilə üç avtotrenajor quraşdırılıb. Mühərrik gücünü, hava və yol şəraitlərini seçmək imkanı yaradan avtotrenajorlar sürücülük peşəsini öyrənmək üçün ideal tədris vasitəsidir.
Məktəbin 83 yerlik yataqxanası digər rayonlardan peşə öyrənməyə gələn müdavimlər üçün ideal şəraitə malikdir.
Şərur Olimpiya-İdman Kompleksi, gələn qonaqlar üçün nəzərdə tutulan 60 yerlik mehmanxana, Fizika-Riyaziyyat Təmayüllü Lisey və Şahtaxtı Gömrük İdarəsi ilə tanışlıq bizdə xoş təəssürat doğurdu.

Ordubad

Ordubadla tanışlıq Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyədən başladı. 540 kvadratmetr sahəsi olan möhtəşəm Qeysəriyyə abidəsi eni və uzunluğu 10 metr olan mərkəzi səkkizbucaqlı zaldan, onun üzərindəki günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd dayaqdan, dayaqlarla kənar divar taxçaları arasında 3,4 metr enində keçidlərdən ibarətdir. Kənar divar taxçaları çatmatağ konstruksiyalıdır. Keçidlərin tavanı 16 kiçik günbəzlə qapanıb.
Qeysəriyyə daş-qaş, ləl-cəvahirat satışı üçün nəzərdə tutulan Şərq bazarıdır. Mürəkkəb memarlıq quruluşuna malik bu nadir tarixi abidə XVII əsrdə çiy kərpicdən inşa edilib. Bütün dünyada Qeysəriyyənin yalnız iki oxşarı var: biri Təbrizdə, digəri Səmərqənddə.
Sonrakı dövrlərdə Qeysəriyyədən zorxana kimi istifadə olunub. Qalib gələn pəhləvan mükafat kimi hücrədə əyləşən xandan bir kisə qızıl alırmış.
1978-ci ildən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qeysəriyyədə yerləşir. Abidə 2011-ci ildə muxtar respublika rəhbərinin xüsusi nəzarəti və qayğısı nəticəsində bərpa olunub.
Qeysəriyyə, əsasən, 3 cəhəti ilə yaddaşımıza yazıldı: möhtəşəm və nadir tarixi abidə kimi, çox zəngin muzey kimi, bir də bu muzeyin direktoru, vətənpərvər ziyalı Vilayət Bağırovun tariximiz, mədəniyyətimizlə bağlı ətraflı məlumatı ilə.
Dünya şöhrətli alim Yusif Məmmədəliyevin, görkəmli yazıçı Məmməd Səid Ordubadinin, böyük maarifçi, şair Məhəmməd Tağı Sidqinin ev-muzeyləri ilə tanışlıq Ordubad haqqında dolğun təəssürat yaratdı.

Tarixi keçmişimizə və abidələrə böyük qayğı nümunəsi

Naxçıvan ərazisində aşkar edilən zəngin maddi-mədəniyyət nümunələri bu torpağın ilk insan məskənlərindən biri olduğunu sübut edir. İnsanlar qədim Daş dövründən başlayaraq, burada məskunlaşmış və nadir maddi-mədəniyyət nümunələri yaradaraq bu günümüzə zəngin irs qoymuşlar. İlk insanların sığınacaq yeri olmuş qədim mağaralar, yaşayış düşərgələri, erkən qayaüstü rəsmlər, qalalar, daş heykəllər... Naxçıvanın minilliklərin dərin qatlarında qalmış tarixinə işıq tutan dəyərli maddi sübutlardır. Qazma, Əshabi-Kəhf, Kilit mağaraları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Oğlanqala, Çalxanqala, Govurqala ilkin şəhər məntəqələri kimi tarixi keçmişimizin qədimliyinə və zənginliyinə dəlalət edir. 5-6 min ildən artıq yaşı olan Gəmiqaya qayaüstü rəsmləri kompozisiya və süjet baxımından müxtəlifdir. İnsan rəsmləri tək və kollektiv səhnələrdə, zoomorfik və fantastik elementlərlə təsvir edilib. Ov səhnələrində ovçular ox və kamanla silahlanıb. Öküz qoşulmuş araba təsviri bu ərazidə təsərrüfat sahələrinin yüksək inkişaf etdiyini göstərir.
Piktoqrafik rəmzi təsvir və işarələr, dairə, dördbucaqlı, üçbucaqlı kimi həndəsi fiqurlar bədii və elmi təfəkkürümüzün formalaşmasının ilkin mərhələləri haqqında mühüm məlumatlar verir. Qısaca desək, Gəmiqaya misilsiz yerüstü muzey təsiri bağışlayır.
Naxçıvanda qədim tariximizin, memarlıq abidələrimizin, xalqın etnoqrafik, estetik-fəlsəfi baxışlarının daşıyıcıları olan maddi-mədəniyyət nümunələrinin öyrənilməsinə, tədqiq olunmasına və mühafizəsinə xüsusi diqqət yetirilir. Son 20 ildə bu mövzularda çap olunmuş kitab və monoqrafiyaların sayı yüzlərlədir. Bu sahədə görülən işlərə, aparılan tədqiqatlara Muxtar Respublika Ali Məclisi Sədrinin hərtərəfli dəstək verməsi təqdirəlayiqdir.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi Möminə xatın türbəsi kompozisiyasına, incə, zərif elementlərinə, bitkin memarlıq həllinə görə Şərq memarlığının parlaq nümunəsidir. Bu abidə konservasiya olunub, Qarabağlar kompleksində isə təmir, bərpa və konservasiya işləri davam etdirilir. Əshabi-Kəhf, İmamzadə, Came məscidi, Zaviyə mədrəsəsi, Yusif Küseyir oğlu türbəsi, Xan sarayı, Naxçıvanqala, Əlincə qalası, Culfadakı Xanəgah kompleksi yük­sək sənətkarlıqla, zövqlə bərpa olunmuşdur.
Aşkar edilən maddi-mədəniyyət nümunələrinin tədqiqi və öyrənilməsi, muzeylərdə cəmləşdirilməsi, sərgilənməsi, Açıq Səma Altında Muzey yaradılması Naxçıvanda qədim tariximizə, arxeologiya, etnoqrafiya, toponimika, epiqrafika və numizmatika sahələrinə nə qədər böyük qayğı və diqqətlə yanaşılmasının bariz nümunəsidir.

Şahbuz Dövlət Təbiət Qoruğu

Yolumuz Şahbuz rayonunadır. Avtomobil ayna kimi düz asfalt yolda sürətlə irəliləyir. Naxçıvanın sərt, qeyri-adi dağlıq relyefi, maqmatik proseslərin müxtəlifliyi və mərhələli təzahürləri, kalder quruluşların törəmələri, vulkanogen təbəqələr getdikcə arxada qalır. Dağlara qalxdıqca bitki örtüyü dəyişir, subalp və alp çəmənlikləri başlayır. Arid iqlim şəraiti, nival-allüvial relyef, dağ-çəmən landşaftı heyrətamiz ovqat yaradır.
Şahbuz Dövlət Təbiət Qoruğu ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanması, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə görkəmli dövlət xadimi Heydər Əliyevin 16 iyun 2003-cü il tarixli Sərəncamı ilə yaradılmışdır. Qeyd edək ki, həmin sərəncama uyğun olaraq, həmçinin 12131 hektar sahədə Ordubad Milli Parkı yaradılmış və ona görkəmli təbiətşünas-alim, ictimai xadim, akademik Həsən Əliyevin adı verilmişdir.
Şahbuz Dövlət Təbiət Qoruğu dəniz səviyyəsindən 2200-2400 metr hündürlükdə dağlıq sahələri, Batabat gölü və Biçənək aşırımı ərazisini əhatə edir. Dərələyəz silsiləsinin cənubu və Zəngəzur silsiləsinin qərb yamacı, məşhur Qanel gölü bu qoruğa daxildir. Əsrarəngiz gözəlliyə malik bu ərazidə 2899 bitki növünün yayılması faunanın da zənginliyinə təsir göstərmişdir. Faunistik kompleks 285 növü əhatə edir.
Relyef, bitki və torpaq örtüyünün müxtəlifliyi təbii landşaft sahələrini ayırmağa imkan verir. Qoruğun su ehtiyatları atmosfer çöküntüləri hesabına formalaşan mineral bulaqlardan ibarətdir. Ərazi Zorbulaq, Südlübulaq kimi şirin sulu, Narzan tipli mineral bulaqları ilə məşhurdur. Eyniadlı üç göldən ibarət Batabat su anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. İkinci Batabat gölü üzərində əmələ gəlmiş torf qatı saysız-hesabsız çiçəklər və çəmənliklə örtülüb. İki metr qalınlığa malik torf qatı küləyin əsdiyi istiqamətdə aramla üzdüyündən ona “Üzən ada” adı verilib. Sahilə yan alan adanın üzərinə maşın belə çıxsa, qorxusu yoxdur.
Qoruğun meşə örtüyü zəngindir. Qocaman palıdlar, ətrafa xoş ətir saçan ardıc, yemişan, alma, armud, alça, vən, acı badam ağacları, müxtəlif kol bitkiləri təkrarolunmaz gözəllik bəxş edir bu yerlərə. Təbiət heç nəyi əsirgəməyib Şahbuzdan. Qalan şey insandan asılıdır. Bu gözəlliyə, bu sərvətə sahib çıxıb xarici ölkələrdən turist axınını bura cəlb etmək heç də çətin deyil. Dağların sinəsində qərar tutan Ağbulaq İstirahət Mərkəzində yaradılan şərait dünyanın tanınmış turizm mərkəzlərindəki şəraitdən heç də geri qalmır.
Təbiəti ilə gözoxşayan, heyrət doğuran, dağ-çəmən havası və iqlimi ilə könülləri sehrləyən, buz bulaqları ilə qəlblərə sərinlik gətirən, gülərüz, işgüzar, saf və sağlam əqidəli insanları ilə hamıya, hər kəsə nümunə olan, Naxçıvan, səni çox sevdik. Sən işgüzarlıq, intellektuallıq, müasirlik, vətənpərvərlik nümunəsi kimi qəlbimizdə silinməz izlər buraxdın!
Sosial-iqtisadi inkişaf sahəsində qazanılan böyük uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu və bütün naxçıvanlıları Naxçıvanda səfərdə olan media qrupumuz adından təbrik edir, ən xoş arzularımızı bildiririk.

Həsən HƏSƏNOV
“Xalq qəzeti”nin baş redaktoru
6 iyul 2017-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR