Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Skufs Naxçıvana səfəri müddətində ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, daha sonra Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Biznes Mərkəzinə gələn səfirə mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, mərkəzdə muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Bu gün muxtar respublikada 367 növdə məhsul istehsal edilir, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir.
Səfir Naxçıvan Günəş Elektrik Stansiyası ilə də tanış olub. Burada bildirilib ki, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri də Günəş Elektrik Stansiyasıdır. Stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilib. Stansiyada 78 min 684 ədəd ən müasir günəş panelləri quraşdırılıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunur. İsveçrənin “Ped” şirkəti ilə muxtar respublikanın Dövlət Energetika Xidməti arasında imzalanan müqaviləyə əsasən Günəş Elektrik Stansiyasında əlavə olaraq 7 min 700 ədəd günəş paneli quraşdırılacaq və şəbəkəyə qoşulacaq. Bu istiqamətdə görülən işlər yekunlaşdıqdan sonra stansiyasının istehsal gücü 30 milyon kilovat-saatdan 33 milyon kilovat-saata qədər artacaq. Layihə alternativ enerji mənbəyi kimi Naxçıvanın enerji təminatının tamamilə təbii ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaq.
Naxçıvan Dövlət Tarix Muzeyinə gələn səfirə məlumat verilib ki, muzey 1924-cü ildə təşkil olunub, 1968-ci ildə dövlət statusu alıb. Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponat Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır.
Naxçıvan Dövlət Xalça Muzeyində olan qonağa bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyində 3 mindən çox eksponat mühafizə olunur, Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində tədbirlər görülür.
Qonaq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olub.
İyulun 7-də Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Skufsun Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
“Şərq qapısı” qəzetinə açıqlamasında diplomat deyib: “Naxçıvana səfərimin məqsədi qədim diyar ilə yaxından tanış olmaq idi. Naxçıvan Biznes Mərkəzində olarkən blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikanın çox böyük inkişaf yolu keçdiyinin şahidi oldum. Qədim tarixə, mədəniyyətə malik olan Naxçıvan təbii sərvətlərlə zəngindir. Çox böyük strateji əhəmiyyətə malik olan muxtar respublikanın heyrətamiz təbiəti, havası, təmizliyi, insanların gülərüz və mehriban olması məndə xoş təəssürat oyatdı”.
Bert Skufs Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Belçika Krallığı arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
“Şərq qapısı”