O Naxçıvandır, tarixini qeyrətdən, mərdlikdən, mübarizlikdən yazmış, bu gününü daim yeniləşən gözəllik üstündə quran həmin Naxçıvan... Düşmən Ermənistanın, qardaş Türkiyənin və İranın əhatəsində fiziki sərhədləri ilə bir adadır. Həm də tək buna görə yox, eyni zamanda misilsiz çətin şəraitdə və mürəkkəb imkanlar çərçivəsində qeyri-adi sürətlə inkişaf etdiyinə görə də adadır.
Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində onu ağır blokada şəraitinə məhkum edən açıq və örtülü düşmənlərin hesabları başqa idi: Naxçıvanın məhv olacağına və əhalisinin kütləvi şəkildə köç edəcəyinə ümid bəsləyərək qara-qura planlar cızır, canını qurtarıb İrana, Türkiyəyə, başqa yerlərə səpələnmiş naxçıvanlıların miskin taleyini xəyalən göz önünə gətirərək feyzyab olurdular. Beləcə, ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan bir-birinə tam əks qüvvələrin arasında rəngi boz, cüssəsi zəif, bənizi solğun, mənən düşkün, gələcəyə inamsız görünən səssiz və hərəkətsiz bir məmləkət halında idi. Məmləkəti xilas etmək üçün çarpışan milli dövlətçi qüvvələrin onun bütün ağırlıqlarını öz çiyinlərinə almağa çalışdığı bir vaxtda Ermənistanın timsalında açıq və bəzi pərdələnmiş düşmənlər bu diyarın qanına susamış vəziyyətdə öz məkrli planlarının arxasında idilər. Tarixlər qədər yaşı olan xeyir-şər qarşıdurmasının başqa bir formada davamı və təzahürü olan bu amansız qarşıdurmanın müsbət sonluğuna ümidlə yanaşanlar bir güclü arqumentə söykənirdi: Naxçıvanın “əjdaha” planlarından nicatı naminə mücadiləyə atılan xeyir qüvvələrin liderliyini təcrübəli və ağıllı dövlət xadimi Heydər Əliyev öz üzərinə götürmüşdü. Ulu öndər Heydər Əliyevin başlatdığı bu yolda nələrin baş verdiyini yalnız bu prosesin iştirakçıları bilir, sonundan isə hamının xəbəri var. Naxçıvan daim yeniləşən, dəyişən, hərəkətli, cazibədar məkana çevrilib. Çevrilməsəydi, onun insanlarına xas qonaqpərvərlik, mərdlik, mübarizlik, vüqar, əzəmət, kişilik kimi dəyərləri də həmişəlik itirilə bilərdi. Demək, Naxçıvanı “a”-dan “z”-dək dəyişə bilənlər bu dəyişmə prosesinin içində məmləkətin xarakterik regional və milli-mənəvi dəyərlərini də xilas və hifz edə biliblər.
Muxtar respublikanın nə qədər əzəmətli şəkildə dəyişdiyinin tam mahiyyətini kiçik bir müqayisə ilə ortaya qoymaq olar. Ancaq belə müqayisəni, təəssüf ki, tam obyektiv səbəbə görə hamı yox, yalnız Naxçıvanın 90-cı illərdəki gün-dirriyini öz gözü ilə görmüş və onu dəyişdirən insanlar apara bilər. Hansılar ki, muxtariyyətin o zamanı ilə bərabər bu gününü də çox yaxşı xatırlayır və görürlər. Naxçıvanın dəyişmə prosesinin, bəlkə də, adi görünən, ancaq çoxmahiyyətli xarakterik bir xüsusiyyəti var – Naxçıvanın tək paytaxtı yox, tək rayon mərkəzləri yox, tək kənd mərkəzləri yox, külli-halı dəyişir, meşələri, çölü-biyabanı, təpəlikləri, düzənləri, yol qıraqları, hətta künc-bucaqları dəyişir. Çünki Naxçıvanı kosmetik əməliyyatla kiməsə, harasa göstərmək xatirinə dəyişmirlər, insanın zövq ala biləcəyi məkana çevirmək üçün dəyişirlər.
Cəmi bir neçə ay əvvəl ölkənin aparıcı media rəhbərlərindən ibarət bir qrupla Naxçıvanda olmuşduq. Bu yaxınlarda KİVDF-nin təşkilatçılığı ilə geniş tərkibdə media rəhbərləri sırasında Naxçıvanda yenidən oldum. Naxçıvanın iqtisadiyyatının, aqrar sektorunun, biznes, turizm, təhsil, mədəniyyət aləminin fasiləsiz dəyişdiyini, dəyişməkdə davam etdiyini yəqinləşdirmək üçün bu beş-altı ay da kifayət etdi. Nəinki qurub-yaradırlar, hətta yaradılanların solmasına, köhnəlməsinə, zəifləməsinə, sıradan çıxmasına belə, imkan vermirlər.
Beləliklə, Naxçıvanın dünəni, bu günü və sabahı bir-birinə bağlanılmaqla bərabər, onun müxtəlif zamanlarda yaradılmış maddi və mənəvi dəyərlərinin də bir-birinə calanması ilə canlı təbii-ictimai kompozisiya yaradılır. İllər öncə döşənmiş asfalt yollar, yol qıraqlarındakı tretuarlar ilkin təzə görünüşünü itirmir, yaşıllıq zolaqları azalmır, bir vaxtlar nadir sayılan heyvan növləri indi az qala sürü halını almaqdadır. Bəlkə, kimsə inanmaz ki, erkən yay fəslində Batabat meşələrindən keçən magistraldan o yan-bu yana adlayan kiçik qaban sürülərini də öz gözlərimizlə gördük. Heyvanat, bitki aləmi bərpa olunursa, yerli tələbatı ödəyən istehsal strukturları yaradılırsa, ağır və xüsusilə ağır cinayətlərin kökü kəsilirsə, bu, arxasında misilsiz insan əməyinin dayandığı unikal nailiyyətlərdir.
Naxçıvanın son illər ən çox artan gerçəkliklərindən biri də turizmlə bağlıdır. Naxçıvana ötənilki səfərimizdə də bu mövzunu aktual səviyyədə gördük. Ancaq bir neçə ay əvvəl məsələyə mövcud olan baxışın özü də dəyişib. Aylar öncə muxtariyyətdə əlaqədar rəsmiləri, iş adamlarını, əsasən, bu sual düşündürürdü: “Naxçıvanın turizm potensialını dünyaya necə açaq?” Artıq sualın xarakteri dəyişib və bu dəyişiklik sözügedən prosesdəki müsbət dinamikanı, şübhəsiz, ifadə edir. İndi insanlar Naxçıvanın turizm potensialının dünyaya açılması sahəsində görülmüş ilk işlərin bəhrələrini müzakirə edir. Mütərəqqi dinamikanı nəinki rəsmi şəxslərin mülahizələrində, hətta sıravi ucqar rayon və kənd sakinlərinin davranışlarında da görmək mümkündür. Sıravi adamların kənd turizmi, öz evlərinin bir guşəsini əcnəbi turistlərin istifadəsinə şəxsi qazanc məqsədləri ilə verməsi barədə danışmaqları, həqiqətən də, qürurverici tərpənişdir.
Naxçıvan 90-cı illərin əvvəllərinə xas miskin və ümidsiz görüntüdən sürətlə uzaqlaşır: elə o zamanlardan əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf, sabitlik, tərəqqi, dəyişmə, yenilənmə yolu ilə... Bu yol Naxçıvanı sovet dövründən miras qalmış miskinlik və kasıbçılıq girdabında məhv etmək istəyən qara qüvvələrin sinəsinin üstündən keçən tarixi qələbə yoludur... Bu yolun məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, onunla başladığını isə burada heç kəs unutmur. Cəmi 420 eksponatla fəaliyyətə başlamış Heydər Əliyev Muzeyində hazırda 4500-dən çox maraqlı eksponatın toplanması və üzə çıxarılmasında ictimaiyyətin, alim və ziyalıların fəal iştirakı buna sübutdur. Təsəvvür edin ki, Heydər Əliyev Muzeyi həm də ən müasir tədris texnologiyalarına malik tədris korpusuna çevrilib. Muxtariyyətin məktəb fənlərinin bir sıra dərsləri nəinki bəzi hallarda muzeydə keçilir, həm də bu dərslər onlayn rejimdə respublikanın 200-dən artıq orta məktəbində şagirdlər tərəfindən birbaşa izlənir. “İnkişaf daha necə olar ki?” deyimi bu gün muxtariyyətin tək təhsil yox, bütün sahələrini qat-qat açmaq üçün ünvanlanan sualdır.
Naxçıvanın 90-cı illərin əvvəllərinə xarakterik miskin mənzərəsini hələ də unutmayanlar üçün son gördüklərimizdən bir müqayisə faktı da deyim. Muxtariyyətin elə o zaman da ən ucqar nöqtəsi Sədərək idi. Həmişə düşmənlə üz-üzə idik. O zaman Ali Məclisin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi Heydər Əliyev Ermənistan rəhbərliyi ilə sərhədlərdə atəşkəs barədə razılaşma danışıqlarını çox yöndəmsiz bir “budka”da aparmışdı. Başqa alternativ də yox idi. Səfər zamanı Sədərəkdə ən yüksək səngərdəki Milli Ordumuzun məntəqələrindən Ermənistan tərəfə – Arazdəyənə baxdıq. Ermənistan hələ də 90-cı illərin əvvəllərində Naxçıvana da aid olan o miskin və kasıb mənzərədə idi, dəyişməmişdi – yollar çala-çuxur, evlər yöndəmsiz, avtomobillər sınıq-salxaq, sovet istehsalı... Sədərəyin ucqarında isə ən müasir görüntülü yollar, hərbi və sosial infrastruktur obyektlər.., gözoxşayan bir mənzərə... Eyni abad və yeniləşməkdə olan mənzərəni muxtariyyətin başqa ucqarlarında – Şahbuzda, Ordubadda da gördük... Ermənistanla sərhəddə yerləşən bu guşələrin göz ləzzəti bizə, gözdağı ermənilərə düşür...
Naxçıvanda olarkən burada saysız ürəkaçan hadisələrlə qarşılaşdıq. Sədərək rayonunun Heydərabad qəsəbəsində olarkən məlumat aldıq ki, qəsəbə düşmənlə hava xətti ilə 500 metr məsafədə yerləşir. Onu da vurğulayaq ki, Heydərabad qəsəbəsi 1990-cı ildə əsl döyüş meydanına çevrilib və bunun nəticəsində də 1992-ci ildə sakinlər öz evlərindən köçürülüb. Sonradan onlar evlərinə qayıtsa da, yaşayış binaları bərbad vəziyyətdə olub. Bu səbəbdən də qəsəbə 2010-cu ildə tam yenidən qurulub. 84 yeni yaşayış mənzili tikilərək və ya yenidən bərpa edilərək sakinlərin istifadəsinə verilib. Qeyd edək ki, hazırda qəsəbədə 450 sakin yaşayır. Sözsüz ki, düşmən düşmənçiliyini davam etdirir, ara-sıra atəşkəsi pozur, ancaq sakinlər mərdlik, cəsarət göstərərək öz evlərini tərk etmir.
Biz Sədərək Tarix-Diyarşünaslıq Muzeyinə də getdik. Son illər yaradılan muzeydə Naxçıvan tarixinə, yerli mühitə aid çoxlu eksponatla tanış olduq. Burada tarixin həm qədim, həm də çağdaş nümunələri sərgilənir. Muzeyin fondu zəngindir və muzey əməkdaşlarının səyilə bura daim yeni eksponatlar, materiallar cəlb edilir.
Naxçıvanda təhsilin yüksək səviyyədə inkişaf etdiyini danmaq mümkün deyil. Düşmənlə nəfəs-nəfəsə dayanan Sədərək kənd 1 nömrəli tam orta məktəbdə olarkən də bunun bir daha şahidi olduq. 810 yerlik məktəbin 2014-cü ilin yanvar ayından istifadəyə verildiyini və burada 726 nəfər şagirdin təhsil aldığını öyrəndik. Sədərək kənd 1 nömrəli tam orta məktəbin keçənilki 45 məzunundan 15 nəfərin ali məktəbə daxil olması, əlbəttə ki, bir kənd məktəbinin böyük uğuru sayılmalıdır. Qəbul imtahanlarının birinci mərhələsində isə 2 şagird 500-dən çox bal toplayıb.
Günü-gündən abadlaşan Ordubad rayonunun zəngin tarixə malik olduğu sirr deyil. Rayonda olarkən Ordubad şəhərindəki tarixi Qeysəriyyə binasında fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkdik. Muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov bizə Ordubad abidələri və muzeylə bağlı ətraflı məlumat verdi. Qeysəriyyə abidəsinin tarixindən danışan muzey direktoru bildirdi ki, abidə XVII əsrə aiddir. “Qeysəriyyə” sözünün mənasına gəlincə, öyrəndik ki, bu, keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahiratın satışı məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililər dünyada üç yerdədir. Onlardan biri Səmərqənddə, digəri Təbrizdə, üçüncüsü isə Ordubadda yerləşir. O da bəllidir ki, Ordubad tarixən ticarət, mədəniyyət, sənətkarlıq məkanlarından olub. Dünyanın hər bir yerindən bura səyyahlar, tacirlər gəlib, bu füsunkar məkanı gəzib-dolaşıblar. Muzeyə çevrilənə qədər Qeysəriyyə binası müxtəlif məqsədlər üçün istifadə edilib. Bina “Zorxana” kimi də fəaliyyət göstərib. Həmin dövrdə İrandan, Türkiyədən, Həmədandan və başqa məmləkətlərdən pəhləvanlar bura gələrək öz gücünü sınayıb. Məlumatlara görə, kim qalib gəlirdisə, yarışı izləmək üçün hücrələrdə oturan xanlardan ənam alırdı. XIX əsrin sonlarında Ordubadda yaranmış “Əncüməni-şüəra” ədəbi məclisinin üzvləri də bu binaya toplaşaraq öz şeirlərini oxuyar, ədəbi müzakirələr apararmış. XX əsrdə bu abidə bir müddət ipək sarıyan sex kimi fəaliyyət göstərir. 1978-ci ildə isə ordubadlı memar Zakir Babayev tərəfindən bərpa edilir. Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi binanın şöhrətini daha da artırıb. Onu da deyək ki, böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda inşa olunub. Cəmi 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4 mindən artıq eksponat saxlanır.
Ordubadda olarkən görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin və Məhəmməd Tağı Sidqinin ev-muzeylərində də olduq. Hər iki böyük şəxsiyyətin ev-muzeyləri ilə tanışlıq gözəl təəssüratlarla yadda qaldı.
Nümayəndə heyəti ilə Buzxana memarlıq abidəsinə də tamaşa etdikdən sonra Ordubad torpağından ayrılaraq Şahbuza üz tutduq. Şahbuz rayonunda yerləşən Şahbuz Dövlət Təbiət Qoruğunda olarkən burada heyvanlar, quşlar aləminin gözəlliklərinin, unikallığının şahidi olduq.
Qoruğun elmi işlər üzrə direktor müavini Mürsəl Seyidov bizimlə söhbətində bildirdi ki, 2003-cü ildə yaradılan qoruq füsunkar Batabat gölü ilə Biçənək aşırımı ərazilərində yerləşir. Onun sözlərinə görə, bu ərazidə 2899 bitki növü yayılıb. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunaya malikdir. Ərazinin 85 faizini palıd, 5 faizini ardıc, ağıriyli ardıc, Araz palıdı, 7 faizini yemişan, qalan 3 faizini isə alma, alça, Şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil edir. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa tüvüyü, kəklik, oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, hop-hop kimi unikal quş növləri var. Muxtar respublika ərazisində məskunlaşmış quş növlərindən bir çoxu “Qırmızı Kitab”a daxil edilib. Burada 12 növ yırtıcı heyvan yaşayır ki, bu heyvanlardan Qafqaz qonur ayısı, canavar, tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir çox heyvanlara qoruğun da ərazisində rast gəlinir. Hətta bu yaxınlarda burada cüyürün də olduğu bildirilib.
Səfər çərçivəsində Batabat Dövlət Təbiət Qoruğunda olmağımız da bizə təkrarsız hisslər yaşatdı. Əsrarəngiz təbiəti ilə bizi mat qoyan Batabat yaylağının gözəlliyi, təmiz havası, qeyri-adiliyi ilə yanaşı, ərazidəki “Üzən ada” bizi həm təəccübləndirdi, həm də sevindirdi ki, Şahbuz təbiətinin dünyada analoqu olmayan belə bir adası var. Batabat yaylağı özünəməxsus landşaftı, bitki örtüyü ilə seçilir. Bu ərazilərdə bitən bitki növlərinə heyrətlə, heyranlıqla baxmamaq olmur.
Səfər çərçivəsində Ağbulaq İstirahət Mərkəzində yaradılan şəraitlə yaxından tanışlıq imkanı əldə etdik. Öyrəndik ki, İstirahət Mərkəzi 2013-cü ildə istifadəyə verilib, 38 otaqdan ibarət mehmanxanada buraya üz tutan qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada qonaqlara təklif edilən qidalar sırf kənd məhsullarıdır, işçilər isə yerli əhalidən ibarətdir. Sevindirici haldır ki, mövsümlə əlaqədar olaraq bura ekoturlar təşkil edilir. Ümumiyyətlə, bu ərazilərə turist axını yüksəkdir və maraqlıdır ki, onlar qar örtüyü olan dağlıq ərazilərə daha çox maraq göstərirlər.
Muxtar respublikada üçgünlük səfər müddətində bu qədim diyarın həm ictimai-sosial həyatı, həm mədəniyyəti, həm elm və təhsili, həm də iqtisadiyyatı və turizm infrastrukturu ilə ətraflı tanış olmaq imkanı əldə etdik.
Naxçıvanda olarkən yerli medianın da vəziyyətilə maraqlandıq və media sektorunun da inkişafda olması bizi təəccübləndirmədi. Belə ki, burada dövlət tərəfindən KİV-in inkişafına güclü dəstək verildiyinin şahidi olduq. Öyrəndik ki, azad mətbuatın inkişafı, söz azadlığının təmin olunması və informasiyanın operativ çatdırılması istiqamətində nailiyyətlər əldə olunub. Muxtar respublikada televiziya və qəzetlərin redaksiyaları ən müasir avadanlıqlarla təchiz edilib. Hazırda burada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziyası və radiosu daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir. Universitet televiziyası həftənin üç günü kabel şəbəkəsi vasitəsilə universitet şəhərciyində və açıq formada Naxçıvan şəhərində yayımlanır. Bundan başqa, ölkəmizdə və dünyada çap olunan 100-dən artıq qəzet və jurnal abunə yolu və mətbuat yayımı vasitəsilə muxtar respublika əhalisinə çatdırılır. Naxçıvan Dövlət Televiziyası və Radiosunun internet üzərindən bütün dünyaya yayılması, muxtar respublikada ölkə televiziyalarının və informasiya agentliklərinin müxbir postlarının fəaliyyət göstərməsi isə Naxçıvanın informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynayıb.
Muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən yeniliklər də diqqətimizdən qaçmadı. Bu gün Naxçıvanda bütün yeni texnologiyaların müvafiq sahələrə tətbiq olunması böyük uğurdur. Qeyd edək ki, 4-cü nəsil mobil rabitə şəbəkəsinin, vətəndaşların müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyə Sistemlərinin istifadəyə verilməsi, yaşayış məntəqələrinə fiber-optik kabel xətlərinin çəkilməsi, sürətli internetə çıxış imkanlarının yaradılması informasiyaların daha çevik formada əldə olunmasına, ötürülməsinə və yayılmasına imkan verir. Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet fəaliyyət göstərir. Muxtar respublikanın yaşayış məntəqələrində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilib və quraşdırılan Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək, digər imkanlardan yararlanmaq mümkündür. Muxtar respublikada rəqəmsal televiziya ötürücüləri quraşdırılıb ki, bu vasitə ilə 67 televiziya proqramının yayımı, Naxçıvan Dövlət Televiziyasının isə ölkədə ilk dəfə olaraq yüksəkkeyfiyyətli HD formatda yayımlanması təmin edilib. Burada jurnalist kadrlarının hazırlanmasına da xüsusi əhəmiyyət verilir. Belə ki, Ali Məclis Sədrinin təşəbbüsü ilə 50 illik zəngin kadr hazırlığı təcrübəsinə malik Naxçıvan Dövlət Universitetində 2001-ci ildən jurnalistika ixtisasının tədrisi həyata keçirilir. 2002-ci ildən isə Jurnalistika və dünya ədəbiyyatı kafedrası yaradılıb. Bu sahədə uğurlar bununla da bitmir. Universitetdə 2005-ci ildən etibarən mətbuat tarixi, eləcə də radiotelejurnalistika ixtisasları üzrə magistr hazırlığına başlanıb. Məlumatlara görə, ötən dövrdə universiteti jurnalistika ixtisası üzrə 200-ə yaxın tələbə bitirib. Məzunlar ölkəmizdə, eləcə də Naxçıvanda fəaliyyət göstərən KİV-lərdə çalışırlar. 2011-ci ildən isə universitetdə Media Mərkəzi fəaliyyətə başlayıb. Təhsil ocağında həm də “Qeyrət” mətbəəsi yaradılıb ki, burada “Yeni fikir” qəzeti və “Elmi əsərlər” jurnalı çap olunur. 2006-cı ildən tədris yönümlü Universitet televiziyası fəaliyyət göstərir. “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi uğurla tamamlanıb. Bu layihənin də ikinci mühüm tərkib hissəsi məhz rəqəmsal multimedia infrastrukturu ilə bağlıdır. Layihə çərçivəsində Universitet televiziyasında yaradılan yeni infrastruktur videodərslərin hazırlanmasında və distant tədrisin tətbiqində geniş imkanlar açıb. Bu məqsədlə televiziya müxtəlif texnologiyalarla təchiz olunub, burada virtual studiya quraşdırılıb. 2011-ci ildən efirə çıxan “Nuhçıxan” radiosunda universitetin gündəlik həyatını işıqlandıran informasiya proqramlarının, vətənpərvərlik mövzusunda verilişlərin, maraqlı müsahibələrin hazırlanmasında tələbələr böyük əmək sərf edir.
Muxtar respublikanın turizm potensialı haqqında ayrıca danışmaq yerinə düşər. Bu gün turistlər bu qədim diyara böyük maraq göstərir və əsrarəngiz Naxçıvan təbiətini böyük zövqlə izləyirlər. Sovet İttifaqı dövründə Naxçıvan sərhədyanı ərazi olaraq öz qapılarını turistlərin üzünə açmaq imkanlarından məhrum olub. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra Naxçıvan bütün gözəlliyilə dünya turistlərinin qarşısında öyünmək imkanı qazanıb. Bu imkanlar sırasına muxtar respubli-kada turistlərə xidmət göstərən sərhəd-keçid məntəqələrini, ən müasir təyyarə qəbul edən beynəlxalq hava limanını, əlverişli yol-nəqliyyat infrastrukturunu, müasir tələblərə cavab verən komfortlu mehmanxanaları, zəngin milli mətbəx, yeməkxana və restoranların fəaliyyətini əlavə etsək, Naxçıvan turizminin inkişaf potensialının əlavə şərhə ehtiyacı qalmır. Qədim və zəngin tarixi-mədəni irsə, memarlıq abidələrinə, gəzməli yerlərə malik olan muxtar respublikaya gələn turistlərə böyük diqqət göstərilməklə yanaşı, həm də onların rahat gəzib-dolaşmaqları üçün tam təhlükəsiz şərait mövcuddur. Bu da son illər Naxçıvana gələn turistlərin sayının artmasına səbəb olub. Hazırda 400 mindən artıq turistin səyahət etdiyi Naxçıvan, eyni zamanda dövlət başçılarının işgüzar görüşlər keçirdiyi, tanışlıq-maarifləndirmə, müalicə-rekreasiya, idman-sağlamlıq və dini ziyarət məqsədilə səyahət edən turistlərin ən çox üz tutduğu məkana çevrilib. Burada artıq formalaşmış turizm potensialından bəhrə götürmək üçün tələb olunan çox ciddi təşkilat-kadr məsələləri ilə yanaşı, səmərəli təbliğat mexanizmi də mövcuddur.
Son zamanlar Naxçıvana Duzdağa müalicə üçün gələnlər də az deyil. Bu gün Naxçıvan təkcə bu kimi göstəriciləri ilə diqqəti cəlb etmir. Məlumdur ki, 2018-ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı missiyasını yerinə yetirəcək. Əlbəttə, Naxçıvanın dünya ilə paylaşa biləcəyi çox dəyərləri var və ümid edirik ki, o, bu missiyanı, həmişə olduğu kimi, ləyaqətlə yerinə yetirəcək. Sözsüz ki, 2018-ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı missiyasını yerinə yetirdiyi zaman muxtar respublikaya səfər edən qonaqlar Naxçıvanda tolerantlığın yüksək səviyyəsinin də əyani şahidi olacaqlar. Görəcəklər ki, turistlərin marağına səbəb olan və gələcək turistləri də öz sehrinə salacaq Naxçıvan abidələri yüksək səviyyədə mühafizə olunur, onların dünya mədəni irsinə qazandırılması üçün mümkün olan hər bir tədbir görülür. Naxçıvan şəhərinin tarixini və qədim mədəniyyətini özündə ehtiva edən Naxçıvanqalanın, Nuh Peyğəmbərin məzarüstü türbəsinin, xalqımızın qürur simvolu Əlincəqalanın bərpa olunması, Gülüstan türbəsinə yenidən nəfəs verilməsi, qədim tarixə və mühüm əhəmiyyətə malik Qarabağlar Türbə Kompleksinin bərpa işlərinə başlanması bu sahədə də Naxçıvanın öncül olmasının göstəricilərindəndir. Eyni zamanda müqəddəs Əshabi-Kəhf ziyarətgahına gələn zəvvarların da rahatlığı üçün hər cür şərait yaradılıb. Bundan başqa, Naxçıvanda yaşıllıqların qorunması və ərazisinin daha da artırılması istiqamətində işlər görülür. Naxçıvanın bütün kənd yaşayış məntəqələrinə aparan yolların müasir standartlara uyğun yenidən inşa olunması və kəndlərdə aparılmış müasirləşdirmə muxtar respublikada kənd-yaşıl turizmin inkişafına da geniş yol açıb. Bir vaxtlar hətta yerli sakinlərin çətinliklə keçdiyi kənd yolları ilə hazırda on minlərlə turist öz lüks avtomobilləri ilə Naxçıvanın dağ kəndlərinə gedə bilir.
Ötən ildən başlayaraq Naxçıvanda keçirilən “Yaradıcı əllər”, ölkəmizdə və dünyada ilk olan “Göycə”, “Çörək”, “Bal və arıçılıq məhsulları” və “Kətə” festivalları, on gün davam edən özünəməxsus Novruz şənlikləri Naxçıvanın turizm etiketinə çevrilib və böyük əks-səda doğurub. Naxçıvan şəhəri üzrə ekskursiya marşrutu, muxtar respublikanın paytaxtından Duzdağ şaxtaları, Əlincə qalası, Batabat, Əshabi-Kəhf, Ordubad, Gəmiqaya və Qarabağlar istiqamətinə təşkil olunan turlar turistlər tərəfindən maraqla qarşılanır.
Aydın QULİYEV
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü