Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, cari ilin iyun ayı ərzində Xidmət miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirləri davam etdirib. Ötən ay Xidmət tərəfindən muxtar respublikada olma, müvəqqəti yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərinin pozulması üzrə 37 əcnəbi aşkarlanıb. Onlardan 27-si barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 5-i barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib. 5 əcnəbinin isə ölkə ərazisində yaşaması leqallaşdırılıb.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1338 müraciət daxil olub. Bu müraciətlərdən 83-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı Xidmət tərəfindən 1255 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərin 365-i Xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.
Xəbərlər şöbəsi