26 Dekabr 2024, Cümə axşamı

Yolum Şərur elinə düşəndə beynimdə həmişə fərqli düşüncələr dolaşır. İstər-istəməz xəyal gəmisində illər öncəyə qayıdır, tarixə qısa səyahət edirəm.
Şüşə kimi yolları, şoran torpaqlarda bu gün qol-budaq atan ağacları, ilan mələyən, tikan-qanqal basmış düzlərdə dəniz kimi dalğalanan taxıl zəmilərini, kərpic-kərpic tikilən Kəngərli rayonunu, Şərurun yan-yana düzülmüş abad kəndlərini, Arpaçaydan evlərə süzülən nuru, işığı, zəmilərə axan bərəkəti, Oğlanqalada, Qızqalada vərəqlənən tariximizi, göz işlədikcə uzanan düzənliklərdə soğan, kartof, taxıl əkən zəhmətkeş insanları, bara dolan meyvə bağlarını görəndə insan muxtar respublikanın digər bölgələri kimi, bu yerlərin də çox dəyişildiyinin şahidi olur. Xüsusilə bu günlərdə dalğalı dənizi xatırladan taxıl zəmiləri adamı illər öncəyə aparır, çörək növbələri, un qıtlığı yada düşür.
Yaxşı yadımdadı, 1990-cı illərdə dağ kəndlərinə, eləcə də böyüdüyüm Kükü kəndinə ara-sıra un maşını gələrdi və camaat zor-bəla ilə bir kisə un alardı. Yəni insanlar şəhərdə çörək növbəsinə, kənddə un növbəsinə durmağa məcbur idilər. Müharibə gedirdi, Naxçıvan blokadaya salınmışdı, ölkənin başında oturanlar xalqın, dövlətin yox, kreslolarının qeydinə qalırdı, bir sözlə, gündəlik çörək tapmaq müşkül məsələyə çevrilmişdi.

Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlişindən sonra insanların sönmüş ümidləri, arzuları da özlərinə qayıtdı. Milli liderin xalqına, xalqın isə öz xilaskarına olan sonsuz inamı, güvəni yavaş-yavaş bütün işləri sahmanına qoydu, təsərrüfatlar özəlləşdirildi, zəmilər əkildi, insanlar torpağının sahibinə çevrildi, gün-güzəran yaxşılaşdı.
O illərdən xeyli keçmişdi, hardasa 1998-ci il olardı. Kəndimizdəki dükandan un almağa getmişdik. Unun urvatın soraq edəndə satıcı Çingiz dedi ki, bəs bu, yerli undur, Şərurdan gəlib, almağınız məsləhətdir. İki kisə un alıb üz tutduq evə. Nənəmə satıcının dediklərini deyəndə onun gözləri doldu, hətta bizi qucaqlayıb şükür edə-edə ağladı. O vaxt nənəmin niyə ağladığını və bu gün də yaddaşımdan silinməyən sözlərini böyüyəndən sonra başa düşdüm: “Ay bala, torpaq çörəyi, insan əməyi ilə yüksələr. Öz torpağının taxılın biçən, çörəyin yeyən xalq əyilməz, güclü, vüqarlı olar”.
Əslində, nənəmin bu sözlərində böyük hikmət vardı. Çörək tarixən xalqın sərvəti olmaqla yanaşı, həm də qüdrəti hesab olunub. Həqiqətən, istər qədim zamanlarda, istərsə də müasir dövrdə o məmləkət güclü hesab edilib ki, onun çörəyi bol olub. Naxçıvan qədim insan məskəni olduğundan bu torpaqda təsərrüfatçı­lıq ənənələri də min illər əvvəl formalaşıb, insanlar əkinçiliklə geniş məşğul olublar. Qədim yaşayış məskənlərindən tapılan kömürləşmiş buğda və arpa, eləcə də müxtəlif formalı təndirlər, daş dən yuyan hovuzlar (Kükü kəndində iki qədim hovuz bu gün də qalır), su dəyirmanları və əkinçilik alətləri bu ərazidə buğda bitkisinin becərilməsinin və çörək bişirilməsinin qədim tarixə malik olduğunu göstərir.
Tarixboyu çörək andımız, alqışımız olub, qonaq gələndə süfrəyə birinci duz-çörək gətirilib, çörək evin ruzi-bərəkəti hesab edilib, bir tikə duz-çörəyin mənəvi yükü dostluğun, yoldaşlığın məhvərinə çevrilib. Bu gün brend məhsula, damaq dadımıza çevrilən, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı olan Naxçıvan çörəklərinə – lavaş, dəstana, qalın, tapı və başqalarına tələbat çoxdur. Ötən il keçirilən “Naxçıvan çörəkləri” festivalı da Naxçıvanda müqəddəs nemət sayılan çörəyə verilən dəyərin, bolluq və bərəkətin daha bir ifadəsi olmaqla yanaşı, həm də əsrlərboyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliği işinə mühüm töhfə verdi.
Bu gün Naxçıvanda bir qarış torpaq belə, boş qalmır. Torpaqların hamısı rayonlaşıb, hansı torpaqda nə əkmək lazımdır müəyyənləşdirilib, suyu çəkilib qoyulub başının üstünə, torpaq mülkiyyətçilərinə texnika verilib, istehsal etdikləri məhsulun bazarı yaradılıb. Taxıl əkinində ən mütərəqqi metodlar öyrənilib tətbiq olunur. Ta “necə və nə gəldi əkim, necə gəldi suvarım, iki ildən sonra da torpağı şoran edim” halları yoxdur. Aylarla kombayn növbəsi də gözlənilmir. Biçin kampaniyası uzanmır, məhsul zay olmadan vaxtında tədarük edilir. Biçin işlərini sınıq-sökük, bir hektarı biçib sona çatdıranadək on dəfə təmirə dayanan kombaynlar yox, iş əmsalı yüksək, rahat, manevrli, kondisionerli kombaynlar aparır. Lizinq yolu ilə torpaq mülkiyyətçilərinə, fermerlərə o qədər texnika satılıb ki, artıq şum da, əkin də, biçin də optimal müddətdə başa çatdırılır.
İndi şəhərdə çörək, kənddə un növbəsi yoxdur. Demək olar ki, əksər kəndlərdə ən azından bir çörək sexi fəaliyyət göstərir. Şəhərdə bişirilən çörəklər hər gün dan yeri sökülməmiş artıq kənddəki xidmət mərkəzlərinə çatdırılır. Zəmilərdən, bostanlardan bərəkət yağır. Halallıq, ruzi-bərəkət ətri duyulur. Çəkilən zəhmət fermerin, kəndçinin qazancını bol, güzəranını xoş edir, anbarlar taxılla dolur, nəticədə isə ərzaq təhlükəsizliyimiz təmin olunur. Ən müasir taxıl anbarlarında, dəyirmanlarda biçin başlayan kimi taxılın qəbulu da aparılır. Toxumçuluq təsərrüfatları növbəti ilin toxum tədarükünü görür.
Naxçıvanın çayətrafı kəndlərinin hamısında vaxtilə su dəyirmanları olub. Bu dəyirmanlarda üyüdülən buğda unu həm keyfiyyətinə, həm də dadına-tamına görə seçilir. Ruzi-bərəkət rəmzi kimi baxılan su dəyirmanları haqqında maraqlı adətlər, mərasimlər, el məsəlləri və atalar sözləri yaranıb. Yəni bu gün, əslində, su dəyirmanları tarixi-mədəni irsimizin bir parçasına çevrilib. Son illər Naxçıvanda 3 su dəyirmanı bərpa edilib. Turizmin dünyada cövlan etdiyi və sağlam qidalanmanın ön plana çəkildiyi bir vaxtda qəbul edilən bu qərarın böyük iqtisadi, mədəni və sosial dəyəri vardır.
Onu da deyim ki, Naxçıvanda taxıl sahələrindən bol məhsul götürmək o qədər də asan məsələ deyil. Burada kəskin kontinental iqlim şəraiti, eləcə də yağıntıların az olması, torpaqların şoranlaşmaya meyilliliyi özü ilə bərabər bir sıra çətinliklər gətirir. Amma bunun da öhdəsindən gəlinib. İndi mütəxəssislər, aqronomlar əkində də, biçində də kəndlinin yanındadır. İzahat, maarifləndirmə işləri, aparılan söhbətlər, ən əsası isə iqlimə, şəraitə uyğun toxum sortlarından istifadə mövcud çətinlikləri aradan qaldırıb. Toxumçuluq təsərrüfatlarının səmərəli fəaliyyəti, biçin kampaniyasının vaxtında aparılması itkisiz və bol məhsul yığımına imkan verir. Bir sözlə, atalar demişkən, dənizçinin məharəti fırtınalı dənizdə məlum olan kimi, Naxçıvan taxılçılarının məharəti də şoranlaşmaya meyilli torpaqlarda ərsəyə gətirdikləri zəmilərlə, istehsal etdikləri bol taxılla bəlli olur.
Təbii ki, su tökməklə dəyirman işləməz. Gərək zəhmət çəkəsən, məsləhət verməkdən çox qolunu çırmayıb iş görəsən. Vətəni sevməyi əməlinlə, işinlə göstərəsən. Naxçıvan dəyirmanlarının da gecə-gündüz işləməsinin səbəbi bax budur: zəhmət və yurd sevgisi. Bu dəyirmanın suyu zəhmət təridir. Naxçıvanın iyirmi beş ildən artıq blokadada olmasına baxmayaraq, böyük inkişaf yolu keçməsinin, ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasının da səbəbi elə zəhmət və yurd sevgisidir. Bu gün həm xarici bazarlara, həm də ölkəmizin digər bölgələrinə hər gün tonlarla Naxçıvan məhsulu göndərilir. Naxçıvanın yazda göycəsi və pencəri, yayda əriyi, şaftalısı, pomidoru, bibəri, badımcanı, payızda alması, cəvizi, balı, pendiri, yağı, lavaşı, qışda quru meyvələri, əti, müxtəlif ev məhsulları qapı-qapı axtarılır. Əsrlər sonra da axtarılacaq. Çünki bu torpağın bərəkəti aşıb-daşır. Elə biçininin qızğın çağında olduğumuz barlı-bərəkətli taxıl zəmiləri kimi... Əkən də, yığan da, qəbul edən də razıdır. Məhsulumuz bol, ruzimiz bərəkətli, təknəmiz unlu, təndirimiz daim yanar, çörək-lavaş ətirli olsun...

Ülvi Hüseynli
jurnalist

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR