Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi idarə və təşkilatların, əhalinin diqqətinə çatdırır ki, son günlərdə dünya ölkələrinin informasiya sistemlərinə və şəbəkələrinə növbəti virus hücumu zərbə vurmağa başlayıb. Qonşu Rusiyada geniş yayılan virus muxtar respublikamızda da kompüter şəbəkələrini təhlükə qarşısında qoya bilər. “Petya” adlandırılan təhlükə bundan əvvəl yayılan “Wannacry” ziyanverici proqramının başqa bir formasıdır və daha təhlükəli hesab olunur. Belə ki, “Ransomware” tipli ziyanverici dünyada böyük şirkətlərin, bankların, vacib kritik infrastrukturların informasiya sistemlərində ciddi təhlükə yaradıb.
Bir sıra ölkələrdəki kompüter şəbəkələrini iflic edən virus çox sadə bir üsulla yayılır. İri şirkətlərin hər hansısa bir işçisinə spam mail göndərməklə virus bütün şirkətin şəbəkəsinə çökür. Daha sonra virus proqramı kompüterin blokdan çıxarılması üçün istifadəçidən 300 dolların ödənilməsini tələb edir.
Həmin ziyanverici proqram “Windows” əməliyyat sistemində SMB (şəbəkədə faylların paylanması) protokolunda olan boşluqdan istifadə edərək yayılır. Virus digər “Ransomware” növlərindən fərqli olaraq sistemdəki faylları sıra ilə şifrələmir. Əvvəlcə qurbanın kompüterini yenidən başladır (reboot) və MFT-i (the hard drive's master file table) şifrələyir və bütövlükdə, sistemə girişi məhdudlaşdırır.
“Petya” virusu, eyni zamanda e-poçt vasitəsilə “phishing” yolu ilə yayılır. Odur ki, naməlum şəxslərdən gələn sənədlər açılmamalı və linklər kliklənməməlidir. Kompüterin əməliyyat sistemində son təhlükəsizlik yeniləmələrini etməklə virusdan qorunmaq mümkündür.
Kompüter sistemlərini təhlükədən qorumaq üçün Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilər üçün aşağıdakıları tövsiyə edir:
– istifadə etdiyiniz kompüter və informasiya sistemlərinizdəki “Windows” əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə “patch” proqramın yüklənməsi və quraşdırılması işlərini aparmaq;
– e-poçt vasitəsilə göndərilən naməlum faylları, tanış olmayan hər hansı digər mənbəyə keçidi klikləməmək;
– vacib sənədlərin ehtiyat nüsxəsini yaratmaq;
– aktiv və antivirus bazası aktual olan antivirusdan istifadə etdiyinizdən əmin olmaq;
– əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, “Microsoft Defender” antivirus proqramından istifadə etmək;
– antivirus proqramı vasitəsilə kompüterinizdə mövcud ola biləcək yoluxmaları yoxlamaq.
İnternetdən istifadə zamanı virusa yoluxma barədə və ya əməli yardıma ehtiyac olduqda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin “209” nömrəli qaynar xəttinə zəng etməyiniz və ya
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
elektron ünvanına yazmağınız tövsiyə olunur.
Yuxarıda qeyd edilən profilaktik tədbirlərin həyata keçirilməsi elektron məlumatlarınızın qorunmasını təmin edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi