26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, mayor Cavid Məmmədov açıb.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov, təhsil nazirinin müavini Əli Vəliyev çıxış edərək əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Mahir Hüseynov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Nicat Mehtizadə Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov bildirib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bunun nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuzun hərbi birləşmələri qısa müddət ərzində işğal altında olan ərazilərimizin bir hissəsini yağı düşməndən azad edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində quruculuq-abadlıq işlərinin aparılması vətəndaşlarımızın vaxtilə düşmən tapdağı altında olan torpaqlarımıza qayıtmaq ümidini artırıb.
Xidmət rəisi qeyd edib ki, ordu qurucu­luğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi Silahlı Qüvvələrimizin istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir. Bu gün Azərbaycanın, eyni zamanda onun ay­rılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini sayıqlıqla təmin edən müasir və güclü ordusu vardır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən bu yaxınlarda muxtar respublikamızda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimlərinin keçirilməsi və təlimdə qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirilməsi də ordumuzun gücünü bir daha sübut edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 31 may tarixli “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamı ilə ölkəmizdə, eləcə də muxtar respublikamızda hərbi xidmətə çağırış kampaniyalarının başlandığını bildirən Səxavət Salmanov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR