26 Dekabr 2024, Cümə axşamı

Şəhidlərə ölüm yoxdur Vətəndə!

Vətən və torpaq o zaman yaşayır ki, onun uğrunda canından keçən qəhrəman övladları olsun. Bu gün haqqında söz açacağımız şəhidimiz qədim Naxçıvan torpağının igid oğlu, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Kərim Kərimov da həyatının ən gözəl çağında – 21 yaşında canını Vətən torpağına qurban verdi. 

Döyüşlərdə iştirak etdiyi ilk gündən igidliyi ilə tanınan Kərim Kərimov 1971-ci il iyul ayının 2-də Şərur rayonunun Qarahəsənli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Tümen şəhərində yerləşən Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə qəbul olub. O, siyasi və hərbi hazırlıq əlaçısı idi. Ürəyi hər zaman Vətən eşqi ilə döyünürdü. Qarabağda hadisələr şiddətlənəndə onunla təhsil alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayaraq deyib: “Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz günahsız insanların Qarabağda axıdılan qanına biganə qalsaq, onda torpaq bizi bağışlamaz”.
Kərim Tümendəki təhsilini yarımçıq qoyub könüllü cəbhəyə, ən qaynar nöqtələrə üz tutdu. O, rahat həyatına “əlvida” deyərək, özünü odun-alovun içinə, ən gərgin döyüşlərin cənginə atdı. Bu, sözün əsl mənasında, Vətən sevgisi idi. Həvəslə qəbul olub, sonradan Vətənin müdafiəsi üçün təhsilini yarımçıq qoyduğu ali məktəbin diplomunu almaq Kərimə qismət olmadı. Tümen Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinin son kursunda təhsil alan digər azərbaycanlı tələbələr də onunla bərabər Vətənə qayıdaraq təhsillərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində davam etdirdilər. Onlar Biləcəridə təlim keçdikdən sonra, aprelin 15-də Goranboy rayonuna yola düşdülər.

İlk gündən “Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı Kərim Kərimov istehkamçılar bölməsinə komandir təyin olunur. O, verilən bütün tapşı­rıqları layiqincə yerinə yetirir. 1992-ci il mayın 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ətrafında minalanmış sahələrin zərərsizləşdirilməsi əməliyyatı başlayır. Əməliyyat zamanı bir nəfər əsgərimiz yaralanır. Döyüşçüyə birinci qrup qan lazım olanda ilk dəfə Kərim özü qan verir. Mayın 5-də Kərim bir neçə döyüş yoldaşı ilə birlikdə quldurlar yuvası – Talış təpəsinə qalxır. Onların döyüş hünəri sayəsində 40 nəfərə yaxın erməni məhv edilir. Bölmə döyüşə-döyüşə yüksəkliyi ələ keçirir. Səhər saat 5 radələrində Talış kəndindən baş qaldıran düşmən güclü hərbi texnikanın köməyilə onları mühasirəyə alır. Şiddətli döyüş başlanır. Kərim öz avtomatını yoldaşına verib, qumbaraatanla hücuma keçir. Düşmənin bir döyüş maşınını vurur. Digərinə atəş açanda Kərim yaralanır. O, əsir düşmə­mək üçün odlu siqnal fişəngini sinəsinə sıxır. Ermənilər Kərimin və onun bir neçə döyüş yoldaşının cəsədlərini götürüb aradan çıxırlar.
Həmin il iyunun 12-də kəndlərin erməni silahlı quldur dəstələrindən təmizlənməsi əməliyyatı başlanır. Qısa müddət ərzində 14 kənd geri alınır. Ayın 16-da gündüz saat 12-də Talış kəndinin azad olunması barədə əmr veriləndə, Kərimin atası və əmisi də döyüşlərə qoşulurlar. Milli Ordumuzun tutduğu iki erməni əsirindən öyrənilir ki, Kərimin cəsədi fermanın yanında basdırılıb. Onun cənazəsi Gəncə aeroportuna gətirilərək, Naxçıvana yola salınır. 1992-ci il mayın 5-də Goranboy döyüşlərində qəhrəmancasına şəhid olmuş Kərim Kərimov iyunun 17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 sentyabr tarixli fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldü. Bu qərar dövlətimizin tək Kərimə yox, bütün Vətən şəhidlərinə ehtiramının növbəti təzahürü idi. Bu qərar dünyanın ən ağır dərdi ilə üz-üzə qalan bir ananın yarasına məlhəm oldu, alışan ürəyinə su səpdi. Bu qərar bir daha sübut etdi ki, Vətən onu sevənləri, qoruyanları unutmur.
Bu gün Qarahəsənli kəndində onun büstü qoyulub. Goranboy və Şərur rayonlarında adına məktəb və küçə var. Mənim üçün onun qəhrəmanlıq göstərdiyi “meydan” və zaman çox uzaqda deyil. Kərim mənim uşaqlıq xatirələrimin qəhrəmanıdır. Onun adı qeyrət, cəsarət, igidlik, məğrurluq simvolu sayılan oğulların, Azərbaycanın ən yeni tarixinin qəhrəmanlarının sırasındadır. Bizim dövrümüzə təsadüf edən və ölkəmizin zorla cəlb edildiyi müharibədə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən igidlərdəndir.
Bu gün Kərimin ata ocağının qonağıyıq. Xədicə ana bizi yenə eyni qonaqpərvərliklə qarşılayır. Hal-əhval tutduqdan sonra 2 iyul – Kərimin dünyaya göz açdığı gün ərəfəsində onu yad etməyə gəldiyimizi bildirəndə Xədicə ana deyir:
– Çox sağ olun, Kərimi həmişə yada salırsınız. Bütün şəhid anaları başını uca tutsun, bizim oğul itkimiz kədər, ağı deyil. Bu dərd həm də əzəmətdir. Əgər bizim övladlarımız dünyaya igidlik dərsi keçiblərsə, bununla ancaq öyünməliyik. İnsan var yüz il yaşayır, amma adı heç kimin yadında qalmır. Kərimin adı isə şəhid olduğu gündən bütün azərbaycanlılar üçün ən əziz ada çevrilib. O tək bir ailənin, bir kəndin, bir elin-obanın yox, bütün Azərbaycanın oğludur. Kərimovların ocağında Kərimin adını daşıyan bir oğul da böyüyür. Böyük qardaşı Mahmudun oğlu dünyaya göz açanda əmisinin adını bu körpəyə veriblər. Kərim öz adına layiq bir oğul kimi böyüyür, təhsil alır. “Gələcəkdə mən də əmimin və əmim kimi Vətən torpağı uğrunda canından keçən oğulların qisasını alacağam”, – deyir.
Kərimin ailəsi ilə birlikdə Qara­həsənli kənd qəbiristanlığına üz tuturuq. Milli Qəhrəmanımız yenə öz sakit baxışları ilə onu ziyarətə gələnləri qarşılayır. Keçən səfərki gəlişimizdə bu gözlərdə nigarançılıq, narahatlıq var idi. Bu, düşmən işğalı altında olan Şuşanın, Kəlbəcərin, Laçının, hər gün düşmən gülləsinin səsinə diksinən Tap­qaraqoyunlu kəndinin, orda qoyub gəldiyi insanların gələcək taleyinin nigarançılığı idi. Mənə elə gəldi ki, bu gün o baxışlarda sanki sevinc, qürur var. Öz-özümə: – Ruhun şad olsun, qəhrəman, uğrunda canından keçdiyin Talış yüksəkliyi sənin kimi mərd Vətən oğullarının qanı bahasına azad edildi, – deyirəm. Artıq Azərbaycanımızın üçrəngli bayrağı Talış yüksəkliyində qürurla dalğalanır. Rahat uyu, xalqımızın qəhrəman oğlu, uğrunda canını verdiyin o Vətən torpağı üzərində artıq Azərbaycan əsgəri keşik çəkir. Qarabağın azad olması yolunda Cocuq Mərcanlıdan, Talış yüksəkliyindən başlayan zəfər yürüşümüz torpaqlarımız azad edilənə kimi davam edəcək. Çünki ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusu öz qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Hər kəs bir daha gördü ki, bu xalqın, bu millətin hər bir övladı istənilən anda irəli atılaraq düşmənə qalib gəlməyə qadirdir.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR