Ana sözü ilə qoşa səslənən Vətən bizim üçün həmişə müqəddəsdir. Ona görə də Vətən daim göz bəbəyi kimi qorunur. Azərbaycan əsgəri də Vətəni dərin məhəbbətlə sevir və onu inamla qoruyur. Hazırda hər bir Azərbaycan əsgəri sinəsini Vətənə sipər edib. Hər əsgər üçün Vətənin müqəddəsliyi onun yaşam fəlsəfəsidir. Qətiyyətlə demək olar ki, Azərbaycan əsgəri ona tapşırılmış mövqedə sayıqlıqla dayanıb.
Düşmənin hər bir hərəkətini müşahidə edən, onu daim nəzarətdə saxlayan Azərbaycan əsgəri üçün ən böyük vəzifə torpağı qorumaqdır. Yayın bürküsündə, qışın sazağında səngərdə gecələyən əsgərlərimiz bunu özünə müqəddəs vəzifə hesab edir.
Əgər əsgər taktiki cəhətdən cəld və çevik, fiziki cəhətdən möhkəm və qüvvətli, atıcı kimi səbirli və mahirdirsə, silah və texnikanı mükəmməl bilirsə, siyasi cəhətdən ayıq-sayıq, prinsipial və vətənpərvərdirsə, o, psixoloji olaraq mükəmməl formada döyüşə hazırdır. Mənəvi-psixoloji, fiziki və taktiki cəhətdən hazırlıqlı olan əsgər döyüş əməliyyatları zamanı döyüş zolağının diktə edəni, aparıcı qolu olmaqla yanaşı, həm də yanındakı döyüşçü yoldaşlarının lideri, örnəyi və sevimlisidir. Tarixə nəzər salanda görürük ki, torpağın, Vətənin, millətin, dövlətin taleyi həmişə cəsur döyüşçülərin, ağıllı sərkərdələrin, müdrik dövlət başçılarının, uzaqgörən siyasətçilərin çiyinləri üzərindədir.
Dünyanın böyük fatehlərindən biri olan Çingiz xan psixoloji olaraq döyüşə hazır olmağın sirrini belə qiymətləndirirdi: “Bir mismar bir nalı, bir nal bir atı, bir at bir sərkərdəni, bir sərkərdə bir qoşunu, bir qoşun bir dövləti saxlayır”. Yəni bir dövlətin sarsılmazlığı və qüdrəti həm də əsgərlərin ayrı-ayrılıqda döyüşə hazırlığı, təminat və təchizatından asılıdır. Bu gün biz bunu başqa formada ifadə edirik. Belə ki, yüksək döyüş hazırlıqlı, hərtərəfli təmin və təchiz olunmuş əsgərin tərbiyə işini mənəvi-psixoloji təminat adlandırırıq. Sadə dillə desək, əsgər əlində tutduğu silahdan düzgün istifadəni mükəmməl qaydada bilməli, daim döyüşə hazır olmalıdır. Azərbaycan əsgəri məhz belədir.
Əsgər torpaq qədər müqəddəsdir, çünki torpaq üzərinə onun qanı tökülür. Torpaq öz gücünü, qüdrətini, dəyərini əsgərdən, əsgər qanından, əsgər dəyanətindən alır. Vətənin şərəfi də, şöhrəti də məhz belə oğullar, belə qəhrəmanlardır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər qan tökülməsə, o Vətən Vətən deyil, şəhid olmasa, o Vətən müstəqil dövlət ola bilməyəcək”. Vətənimizin, millətimizin, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda minlərlə oğul və qızlarımız öz arzu və istəyini, amalını qurban verərək canından keçib. Körpə bir uşağın dilində ilk dəfə səslənən “ana” sözü nə qədər şirin və ecazkardırsa, hər bir əsgər tərəfindən qürurla səslənən “Vətən” sözü də bizim üçün onun qədər doğma və əzizdir.
Vətənin müdafiəçisi olan əsgərin Vətəni tərənnüm edən fikir və ifadələri müqəddəsdir. Çünki əsgər Vətəni qoruduğu kimi, onu vəsf etməyi bacarırsa, demək, onun uğrunda ölməyə və öldürməyə daim hazırdır.
Əvvəldə dediyimiz kimi, əsgər öz Vətəni, torpağı uğrunda döyüşdə düşmənə qarşı mübarizə aparanda o, yalnız bir şeyi düşünür – Vətəni, torpağı qorumaq, müdafiə etmək, düşmənə bir addım da olsun, irəli keçməyə imkan verməmək. Həmin anda əsgərin gözü önündə onun şəxsi arzuları yox, yalnız milli dövlətçilik maraqları dayanır. Çünki hər şey torpağın üzərindədir. İlk növbədə, bizim arzularımız, istəklərimiz millətimiz, dövlətimiz, elmimiz, mədəniyyətimiz, incəsənətimiz, nəyimiz varsa, hamısı bu torpağın üzərindədir. Əgər bu torpaq varsa, yuxarıda sadaladığımız hər şey bizimdir, bizimlədir və bizim olacaq. Yox, əgər torpaq düşmən əlinə keçərsə, dediklərimizin heç birisi nə bizim olacaq, nə də bizimlə olacaq. Torpağı və Vətəni olmayan insan necə yaşaya bilər?
Azərbaycan xalqı hər zaman qəhrəmanları ilə öyünüb, onlarla qürur duyub. Buna onun haqqı var. Çünki qəhrəmanlıq hər kəsə qismət olmur. Qəhrəmanlıq Vətən naminə ölümün gözünə dik baxaraq bu zirvəni fəth edənlərin məkanıdır. Bu gün sərhədləri müdafiə edən əsgərlərimiz də qəhrəmandır. Ötən ilin aprel döyüşlərində aparılan hərbi əməliyyatlarda qəhrəman Azərbaycan Ordusunun düşmənə endirdiyi ağır sarsıdıcı zərbələr bir daha göstərdi ki, Azərbaycan əsgəri sarsılmaz və yenilməzdir.
Mirqiyas RÜSTƏMOV
polkovnik