26 Dekabr 2024, Cümə axşamı

Belə yerdə xidmət etmək böyük şərəfdir

Sədərək rayonunun Heydərabad qəsəbəsindəki “N” hərbi hissədə xidməti borcunu yerinə yetirən igid oğullarımızdan yazı hazırlamaq üçün bu ünvana gedərkən 15 il bundan əvvəl qəzetimizin yaradıcı kollektivi ilə bu rayondakı oxucularımızla görüşə getməyimiz yadıma düşdü. Elə o vaxt da həmin hərbi hissədə olmuşduq. Düzünü deyim ki, hərbi hissə yeni yarandığı üçün problemlər ilk baxışda diqqətimizi cəlb etmişdi. Qəvi düşmənlə, sözün həqiqi mənasında, bir addımlıqda üzbəüz dayanan igid oğullarımızın vətənpərvərlik hisslərini o vaxt yaxından duymuşdum. Üzləşdikləri çətinliklərə baxmayaraq, Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanaraq xidməti borclarını layiqincə yerinə yetirmələri bizim də qəlbimizi fərəh hissi ilə doldurmuşdu.

...Bu da həmin tabor. Bu kiçik hərbi hissənin timsalında Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını yüksəltmək üçün son illər həyata keçirilən məqsədyönlü tədbirlərin canlı şahidi oldum. Bir daha neçə illər bundan qabaq gördüyüm məqamları yadıma saldım. Elə ondan sonrakı dövrlərdə bu ünvanda həyata keçirilən tədbirləri də xatırlamağım yerinə düşər. Əsgərlər üçün yüksək səviyyədə şərait yaradılmış taborun binası, bir qədər aralıda ailəli zabitlər üçün tikilmiş mənzillər... Bu barədə bir qədər sonra ətraflı danışacağıq.

 İlkin təəssürat

Hərbi hissənin qapısının yanında avtomobildən düşürük. Bu zaman qarşımızda bir əsgər görürük. Təbəssümlə bizimlə görüşür. Onun səliqəli geyimindən, danışığından hiss olunan nizam-intizamı, əsgəri addımları belə, düşmənə gözdağıdır. Köksüm fərəhdən qabarır. Bir daha ürəyimdə əminlik yaranır ki, məhz belə igidlərin hesabına düşmən tapdağı altında olan torpaqlarımızı geri qaytarmaq, sözün həqiqi mənasında, bir içim su kimi bir şeydir. Əsgər mənə valideynlərlə burada xidməti borcunu yerinə yetirən övladlarının görüşü üçün ayrılmış yerdə gözləməyi təklif edir. İcazə üçün hərbi hissənin binasına gedir, bir qədər sonra qayıdır. Onunla hissənin həyətinə daxil oluruq. Bura valideynlərlə doludur. Onlar övladlarının yanına gəliblər. Hal-əhval tuturuq, söhbətə körpü salırıq. Bu an bir əsgər görüş yerinə yaxınlaşır. Valideynlərdən biri ayağa qalxaraq ona sarı addımlayır. Əsgər bizimlə də görüşməyi unutmur. Elə görüşür ki, sanki neçə illərdir, bir-birimizi tanıyırıq. Elə bu anda düşünürəm ki, başqa cür də ola bilməz. Ordu sıralarında Vətənə müqəddəs borcunu yerinə yetirən oğullarımız ata-baba əmanəti olan torpaqlarımızın keşiyində dayanıblar. Onlar hamımız üçün əzizdirlər. Söhbət zamanı daha bir qürur duyduğum məqam o oldu ki, əsgərlər torpaqlarımızın daha əziz və müqəddəs olmasını dəfələrlə vurğuladılar. Bu qiymətli, heç nə ilə əvəz olunmayan sərvətin keşiyində dayanmağı ən şərəfli bir vəzifə və vətəndaşlıq borcu saydıqlarını dilə gətirdilər.

Zabitlər dedilər ki...

Tabor komandiri, mayor Samiq Niftəliyevlə görüşürük.
– Hərbi hissənin öz qanun-qaydaları var. Bu qaydalara riayət etmək lazımdır, – deyərək gözləməyi xahiş edir, bizdən uzaqlaşır. Bu bir neçə dəqiqə ərzində valideynləri ilə görüşə gələn əsgərlərin əsgər həyatının özəllikləri ilə bağlı söhbətlərinə qonaq oluruq. Onların bir-birləri ilə mehribanlıqları, səmimi rəftarları bizə bir ailəni xatırladır.
Bu an zabit Cəlil Hüseynov bizə yaxınlaşır. O, tabordan yazı hazırlamağa rəhbərlikdən icazə alındığını bildirir. Haşiyə çıxaraq qeyd edim ki, bu məqamı, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrində yaradılmış yüksək nizam-intizam kimi qəbul etmək lazımdır. Nizam-intizam olan yerdə isə hər çətinliyi dəf etmək mümkündür. Taborda olduğumuz bir neçə saat ərzində burada heç bir çətinliyin olmadığını gördük.
Cəlil Hüseynovla söhbət edirik. Deyir ki, bu gün blokada vəziyyətində olmasına baxmayaraq, tərəqqidən intibaha qovuşan Naxçıvan Muxtar Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən ordu qurucu­luğu prosesi bütün hərbi hissələri əhatə edib. Bu yeniliklər real vəziyyətin obyektiv göstəricisidir. İndi doğma diyarımızın bütün hərbi hissələri belə yeniliklərlə doludur və bu ünvanlarda özünü qabarıq şəkildə göstərən nizam-intizam, səliqə-sahman, yüksək döyüş ovqatı qürur və sevinc hissi doğurur. Əsgər və zabitlərin nümunəvi xidmət və qulluğu üçün bu taborda da hərtərəfli şərait yaradılıb. Müasir tələblər səviyyəsində qurulmuş yeməkxana, anbar, əsgər çayxanası ilk baxışda səliqə-sahmanı, gigiyenik-sanitar qaydalara cavab verməsi ilə diqqəti cəlb edir. Əsgərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Bundan əlavə, şəxsi heyətin fiziki sağlamlığının təmin edilməsi məqsədilə hərbi hissənin həyətində idman qurğuları quraşdırılıb. Əsgərlər müntəzəm olaraq idmanla məşğul olur, fiziki hazırlıqlarını artırırlar.
Cəlil Hüseynov onu da vurğulayır ki, sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan əsgərlərin yüksək kalorili və keyfiyyətli ərzaq məhsulları ilə qidalanmasına xüsusi önəm verilir. O, bunu da diqqətə çatdırır ki, son illər ordu ilə xalq arasında yaradılmış sıx birliyi elə bu taborun və sədərəklilərin timsalında daha yaxından görmək olar. Müntəzəm olaraq rayon İcra Hakimiyyəti və sərhəd bölgəsində fəaliyyət göstərən dövlət qurumları, həmçinin Sədərək camaatı əsgərlərlə görüşə gəlir, onlara sovqatlar gətirirlər.
Müsahibim burada əsgərlərə göstərilən tibbi xidmətdən danışır. Deyir ki, hərbçilərin müayinəsini düzgün aparmaq, ilkin müalicəni təşkil etmək üçün taborda hərtərəfli imkanlar yaradılıb. Bu da taborda xidməti borcunu yerinə yetirən əsgərlərin sağlamlığının qorunmasında vacib şərtdir. Taborda müsbət mənəvi-psixoloji ab-havanın olması, əsgərlərin siyasi hazırlığının yüksəldilməsi diqqətdə saxlanılan başlıca vəzifələrdəndir. Bunun üçün ideoloji otaqda yaradılan şərait – televizor, qəzet və jurnallar, müxtəlif bədii ədəbiyyatlar əsgər və zabitlərin siyasi və hərbi biliklərinin artırılmasında mühüm rol oynayır. İdeoloji-siyasi təlim məşğələlərində əsgərlərə izah olunur ki, Azərbaycanın, həmçinin onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müxtəlif zamanlarda hərbi müdaxilələrə məruz qalması, əsasən, ordumuzun yeni formalaşdığı dövrlərə təsadüf edir. Elə ötən əsrin 90-cı illərinin əvvəllərində erməni hərbi birləşmələrinin muxtar respublikanın sərhədlərinə mütəmadi hücumlarının əsas hədəfi də bu qədim yurdu işğal etmək məqsədi daşıyırdı. Tarixdən bəllidir ki, Naxçıvan torpaqlarına olan iddialar çoxdan var idi. Mənfur ermənilər həm ötən əsrin əvvəllərində, həm II Dünya müharibəsi dövründə, həm də sovetlər zamanında bu iddialarından əl çəkməmişlər. “Böyük Ermənistan” yaratmağın əsas yollarından biri də qədim Naxçıvan torpaqlarını ələ keçirməklə Türkiyə Respublikası ilə Azərbaycan arasında on bir kilometrlik əlaqənin kəsilməsini təmin etmək idi.
Əsgərlərə o da çatdırılır ki, məhz ulu öndər Heydər Əliyevin Naxçıvanda ordu quruculuğuna başlaması ermənilərin bu arzusunu ürəklərində qoydu. Bu gün əsgərlərin qarşısında duran başlıca vəzifə sərhədlərimizin etibarlı qorunmasıdır.
Zabit Şaban Dibirov öncə muxtar respublikada fəaliyyət göstərən hərbi hissələrə qayğıdan danışır:
– Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hissə və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə 2013-cü ildə Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara yeni mənzillərin verilməsi, 2014-cü ilin yanvar ayının 29-da Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının açılış mərasiminin keçirilməsi, Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandir heyətinin yeni xidməti avtomobillərlə təmin olunması, əvvəlki illərdə aparılan hərbi quruculuq işlərinin ötən il də davam etdirilməsi və digər tədbirlərin reallaşdırılması, ümumilikdə, orduya və orduda qulluq edən, xidməti borclarını yerinə yetirən zabit və əsgərlərə göstərilən qayğıdır. Ötən 20 ildən bir qədər artıq dövrdə muxtar respublikamızda 200-dək hərbi obyekt tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu taborda da quruculuq sahəsində xeyli iş görülüb. Subay zabitlər üçün taborun binasında otaqlar ayrılıb. Hərbi şəhərcikdə isə ailəli hərbçilər üçün yaşayış mənzilləri tikilib. Bütün tələblərə cavab verən, yaxşı məişət şəraitinin yaradıldığı mənzillərdə yaşayan zabitlər onlar üçün həyata keçirilən belə tədbirləri yüksək dəyərləndirirlər.
Zabit Seymur Mancanov söhbətinə Azərbaycan Ordusunun qurucusu, ulu öndər Heydər Əliyevin sözləri ilə başlayır: “Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu bir tərəfdən canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz Silahlı Qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq”.
Ulu öndərin bu tövsiyələrinə ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ciddi əməl edilir, ordunun müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir, Vətənin müdafiə qabiliyyətinin artırılması üçün kompleks tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirilir. Bizim tabor da müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik hərbi hissəyə çevrilib. Şəxsi heyətin üzərinə düşən müqəddəs vəzifəni hərtərəfli yerinə yetirməsi üçün ən yüksək səviyyədə şərait yaradılıb. Bu isə biz zabitlərin məsuliyyət hissini daha da artırıb.

Əsgərlərlə söhbət

Əsgərlərlə söhbət edirəm. İlk ünsiyyətdən onların döyüş hazırlığına, yüksək vətənpərvərliyinə, dövlətə, xalqa bağlı olduqlarına heç bir şübhəm qalmır. Əsgər Afiq Zamanov Cəbrayıl rayonundandır. Fiziki və psixoloji cəhətdən əsl hərbçi, vətənpərvər və hərbi biliklərə malik gəncdir. Söhbət zamanı bildirdi ki, onlara şərəfli bir iş tapşırılıb. “Bizim üzərimizə böyük məsuliyyətli vəzifə düşür. Bu vəzifənin məsuliyyətli olduğunu dərk edirəm. Arxamızda güclü dövlətin durduğunu hiss edəndə daha mübariz olur, torpaqlarımızın işğaldan azad ediləcəyinə inamımız artır. Bütün əsgərlər arzulayırlar ki, torpaqlarımızın düşməndən azad edilməsi bizim hərbi xidmət dövrümüzə təsadüf etsin!” – bu sözləri qürurla deyir.
Beyləqan rayonundan olan əsgər Elgiz Quliyev bu qədim yurd yerində xidməti borcunu yerinə yetirməyindən fəxrlə danışır. Deyir ki, buraya gəlməmişdən Naxçıvan haqqında çox az məlumatı olub. O, bu diyarın təbiətinin zənginliyindən, insanlarının səmimiyyətindən və qonaqpərvərliyindən ağızdolusu danışır. Xidmət etdiyi taborda əsgərlər üçün yaradılmış şəraitdən də razılıq edir:
– Xidmətimi başa vurmağa az qalıb. Arxada qalan günlərin necə keçdiyini hiss etmədim. Çünki xidmətim dövrü taborda yüksək nizam-intizam, əsgərə qayğı gördüm, Naxçıvanda xidmət etməyimdən şərəf duydum.

Valideynlər razılıq edirlər

Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərinin etibarlı qorunmasından asılıdır. Sərhədlər isə o zaman etibarlı qorunur ki, onu qoruyan ordu çevik, peşəkar zabit və əsgər heyətindən ibarətdir. Azərbaycanın sərhədlərinin etibarlı qorunması bu gün onlara tapşırılıb. “Əgər bu heyət qayğı ilə əhatə olunubsa, onda heç bir nigarançılığa əsas yoxdur”, – bu sözləri valideyn Hüseyn Mehdiyev deyir və vurğulayır ki, əsgərlərə belə diqqət və qayğının göstərilməsi onların nigarançılığına son qoyub. O bildirdi ki, əsgərlərlə müəyyən edilmiş görüş günlərində buraya gəlir. Oğlunun, onunla birlikdə xidməti borcunu yerinə yetirən əsgərlərin keyfiyyətli qida məhsulları ilə təminatını, məişət qayğılarının yüksək səviyyədə yerinə yetirilməsini, asudə vaxtlarının səmərəli təşkilini görür. Düşünür ki, belə şəraitdə heç bir əsgərin pis xidmət etməyə haqqı yoxdur.
Valideyn Qasım Hüseynov da bizimlə söhbətə qoşularaq deyir ki, bu gün bütün valideynlər hərbi hissələrdə yaradılmış yüksək nizam-intizamdan razılıq edirlər: “Mən də bir valideyn kimi fəxr duyuram ki, oğlum bu gün Vətənə olan ən böyük və müqəddəs vəzifəsini belə bir yerdə – düşmənlə sərhəddə yerinə yetirir. Taborda gördüyüm şərait bu gün bütün hərbi hissələrdə vardır. Bu isə belə deməyə əsas verir ki, işğal altında olan torpaqlarımız tezliklə geri alınacaq. O gün uzaqda deyil”.

Vətənə xidmət etmək böyük şərəfdir

Zabitlərlə, əsgərlərlə, valideynlərlə söhbətlərimizi, taborda gördüklərimizi, qısaca da olsa, oxuculara çatdırmağa çalışdıq. Buna nə dərəcədə nail olduqsa, onu oxucular deyə bilər. Bizim gəldiyimiz qənaət isə belədir ki, bəhs etdiyimiz taborda qulluq və xidmət edənlər məsuliyyətlərini dərindən dərk edirlər. Vəzifə məsuliyyəti dərk olunan yer isə sərhəddir – Vətənin başlandığı yer. Vətənin başlandığı yer etibarlı, ayıq-sayıqlıqla qorunursa, deməli, müstəqilliyimiz, dövlətçiliyimiz də əbədi və daimi olacaq.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR