Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə gəlişi ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamışdır. 2000-ci il iyulun 21-də isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Azərbaycan Respublikasında bu gün də dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Dövlət qulluğu ilə bağlı mühüm proqramlar təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ-hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmışdır. Nəticədə, infrastrukturun digər sahələri kimi, dövlət qulluğu da özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Naxçıvan Muxtar Respublikasında da dövlət qulluğu sahəsində aparılan islahatlar uğurla davam etdirilir. Son illər muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılmış, “Elektron hökumət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmiş, bəzi dövlət orqanları üzrə səyyar xidmətlər təşkil edilmişdir. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi dövlət qulluğuna göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya muxtar respublikada kadr siyasətinin həyata keçirilməsi, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə yolu ilə seçilməsi, yerləşdirilməsi və digər məsələlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edir. Fəaliyyətə başladıqdan qısa müddət sonra komissiya üçün yeni inzibati binanın tikilməsi, informasiya və kommunikasiya texnologiyalarından istifadəyə imkan verən test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılması fəaliyyətin günün tələbləri səviyyəsində qurulmasına imkan verdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov komissiya qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Komissiyanın əməkdaşları daim öz üzərlərində çalışmalı, müvafiq qanunvericilik bazasını, normativ-hüquqi aktları dərindən öyrənməli, onların tətbiqinə çalışmalı, ədalət və şəffaflıq prinsipinə daim əməl etməlidirlər”.
Hazırda komissiyanın əməkdaşları fəaliyyətini qarşıya qoyulmuş bu vəzifələrin icrası istiqamətində qurmuşdur. Komissiya tərəfindən indiyədək keçirilmiş 13 müsabiqədə 3847 namizəd iştirak etmiş, onlardan 816-sı dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət işçilərinin, təqribən, 33 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabilliyyəti olan dövlət qulluqçularıdır. Bundan başqa, komissiyanın təşkilatçılığı ilə dövlət qulluğunun xüsusi növünə aid olan orqanlar üzrə 29 müsabiqənin test imtahanları keçirilmiş, bu imtahanlarda 1306 namizəd iştirak etmiş, onlardan 365-i müvafiq keçid balını toplamışdır. Keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və gənclərin dövlət qulluğuna marağı artır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən yeni proqram təminatının yaradılması komissiyanın fəaliyyətinin yaxşılaşmasına səbəb olmuş, elektron xidmətlərin həyata keçirilməsinə, namizədlərin internet üzərindən qeydiyyatdan keçməklə müsabiqədə iştirakına imkan yaratmışdır. Bütün bunlar elektron sənəd qəbulu işinin sürətlənməsinə, vaxt itkisinin minimuma endirilməsinə və şəffaflığın tam təmin olunmasına gətirib çıxarmışdır. Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün proqram təminatı hazırlanmışdır ki, bu da dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, dövlət qulluqçuları haqqında məlumatların toplanılması və təhlilini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin etmişdir. Hazırda muxtar respublikanın dövlət orqanlarında fəaliyyət göstərən 2419 vəzifəli şəxs barədə məlumatlar reyestrə daxil edilmişdir. Dövlət qulluqçularının 26 faizini gənclər, 22 faizini isə qadınlar təşkil edir.
Muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə uyğun dövlət idarəçiliyi sisteminin yaradılmasına da səbəb olmuşdur. Hər bir vətəndaş kimi, dövlət qulluqçuları da dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmuşdur. Göstərilən qayğının müqabilində hər bir dövlət qulluqçusu bundan sonra da səylə çalışmalı, muxtar respublikamızın inkişaf və tərəqqisinə öz töhfəsini verməlidir.
Dövlət qulluqçusunun əsas vəzifələri həmçinin xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməkdən, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir. Dövlət qulluğu təkcə geniş səlahiyyət deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Dövlət qulluqçusu unutmamalıdır ki, o, idarəetmə və digər funksiyaları icra edərkən, ilk növbədə, dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Hər bir dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə dövlətin güzgüsüdür. Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti