26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində bir əsgər anası tərəfindən redaksiyamıza ünvanlanmış məktubu həyəcanla, qürurla oxuduq. Hərbi xidmətdə Vətənin keşiyində dayanan əsgər övladlarımıza yazılmış, vətənpərvərlik hisslərini özündə əks etdirən bu məktubları ictimailəşdirmək üçün yeni bir rubrika yaratdıq.
“Məktubun var, əsgər” rubrikasında məktublarınızı gözləyirik!
Salam, əsgər balam!
İlk dəfədir ki, bu qədər uzun müddətə səndən ayrılıram. Altı ay mənə altı il kimi gəlir. Çox arzulamışdım bu günü. Vaxtilə həsəd aparardım əsgər analarına. İstəyirdim ki, mənim də oğlum olsun, Vətənin keşiyində dursun. Ona görə də sən dünyaya gələndə çox sevinmişdim. Heyif ki, qismət olmadı səni atanla birgə böyüdəm. Doğma elimiz Kəlbəcərin müdafiəsində atanı itirdim. Səni Murovdağın qarlı yollarında isti nəfəsimlə beşgünlük mühasirədə sağ-salamat saxlaya bildim. Amansız müharibə atanı əlimdən aldı. Səni Vətənə, atana layiq övlad kimi böyütməyə var gücümlə çalışdım. Atanı itirəndə sən ikiaylıq körpə idin. Müharibənin nə olduğunu, atasız böyüməyin necə olacağını anlaya bilməzdin. Böyüdün, məktəbə getdin, universitetdə tələbə oldun. İgid oldun, əsgər getdin. Əsgər anası oldum. Hərbi xidmətə çağırış gələndə Naxçıvan Muxtar Respublikasına göndəriləcəyini öyrəndim. Sözün düzü, çox narahat idim. Axı indiyə kimi səni heç bu qədər uzağa göndərməmişdim.
Andiçmə mərasiminə gəldiyim gün səni hərbi formada görəndə sevincdən gözlərim yaşardı. Naxçıvan elinə ilk dəfə əsgər anası kimi gəlirdim. Gördüyüm hörmət, qayğı, mehribanlıq, insanların qonaqpərvərliyi ana ürəyimə rahatlıq gətirdi. Andiçmədə tanış olduğum qadın hərbi qulluqçu əsgərlərə öz balası kimi qayğı göstərdiyini, onlara yemək hazırlayanda doğma anaları kimi diqqətli olmaqla öz vətəndaşlıq borcunu yerinə yetirməyə çalışdığını dedi. Əsgər yoldaşıngildə qonaq olduğumuz gün onun anasının səni öz balası kimi əzizləməyi məni qəhərləndirdi. Bilirəm ki, indi səni hər ay yerli əsgərlərdən biri öz evinə qonaq aparır. Sən o evdə qayğı, hörmət görürsən. Əlahiddə Ümumqoşun Orduda gördüyüm ənənə halını almış bu qayda inanıram ki, mənim kimi burada xidmət edən bütün əsgərlərin analarının ürəyincədi.
Yazırsan ki, ən yüksək sərhəd postlarında belə, vətənə xidmət edən əsgər və zabitlər üçün yaxşı şərait yaradılıb. Soyuq qış günlərində hava şəraitinə uyğun geyimlər, dadlı yeməklər biz əsgər analarını da məmnun edir. Orduda nizam-intizamın olması biz əsgər valideynlərinin diqqətindən yayınmır.
Əziz balam, sənin üçün çox darıxsam da, ürəyim rahatdı. Çünki Naxçıvan torpağında xidmət edən əsgər balaların necə qayğıyla, hörmətlə qarşılandığının şahidi oldum.
Gözümün ağı-qarası, sizin sayənizdə biz gecələr rahat yatırıq. Sizin kimi Vətən keşikçilərinin sayəsində uşaqlar məktəbə gedir, kəndlilər torpaqlarını becərir.
Mərd ol, mənim balam, qoy düşmən qorxsun! Ramil, Mübariz, Fərid, Kərim kimi oğullar yetirən bu torpağın övladları gərək dözümlü ola, oğlum! Dözümlü ol ki, düşmənin cavabını layiqincə verə biləsən.
Yaxşı ki Vətənimiz, müstəqil dövlətimiz üçün canından keçməyə hazır olan oğullarımız var. Atalarımız “Oğul düşmən çəpəridir”, – deyiblər. Oğul, Vətən uğrunda ölməyə dəyər. Yaxşı ki Vətənimiz, müstəqil dövlətimiz var. Dünyada bəzi xalqların heç müstəqil dövləti, azad Vətəni yoxdu. Canımız, Vətənimiz sizə əmanətdi, əsgər balam. Hamımızın arxalandığı, güvəndiyi sən və sənin kimi ordu sıralarında xidmət edən əsgər balalarımızdır. Nənən oğluyla qürur duyurdu. Mənim səninlə qürurlandığım kimi!
Unutma, sən şəhid övladısan! Atan 1993-cü ildə torpaq uğrunda can verdi. Ataya ən çox ehtiyacın olduğu vaxtda onu itirdin. Müharibəyə getdiyi üçün onu qınayırdım. Bu gün onunla fəxr edirəm! Çünki şəhid yoldaşı, əsgər anasıyam! İnanıram ki, şəhidlərimizin qisasını sənin kimi əsgər balalar alacaq!
Ordumuz günü-gündən güclənir. Xalqımızın sizə inamı, güvəni sonsuzdur. Sənin kimi övladların sayəsində Lələtəpəyə, Talış yüksəkliyinə üçrəngli bayrağımızı sancdıq.
Vətənə şərəflə xidmət edən şəxs daim alnıaçıq, üzüağ yaşayır. Sən də bu Vətənin keşiyində qürurla dayan! Əsgər olduğun üçün səninlə fəxr edirəm. İnşallah, 2017-ci il qələbə ili kimi tarixə düşər.
Sənin timsalında bütün əsgər balaları öpür, bağrıma basıram! Allah sizi qorusun, Azərbaycan əsgəri!
Alimə İSMAYILOVA
Goranboy rayonu, Ağcakənd qəsəbəsi