Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri bunu bir daha təsdiq etdi
Hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. Azərbaycan tarixən güclü ordu ənənələrinə malik olsa da, müstəqilliyimizin yenidən qazanılmasından sonrakı dövrdə bu ənənələri bərpa etmək elə də asan olmadı.
Ölkəmizin ciddi böhranla üzləşdiyi ötən əsrin sonlarında vətənimizin ərazi bütövlüyünün pozulması milli ordu quruculuğunu zəruri etsə də, ayrı-ayrı şəxslərə və siyasi partiyalara tabe hərbi birləşmələrin yaranması həmin dövrdə çox ciddi səhvlərin buraxılmasına gətirib çıxardı. Hakimiyyətdəki özbaşınalıq, vahid komandanlığın olmaması, ordu quruculuğu sahəsində əməli işlərin görülməməsinin nəticəsi o oldu ki, qısa müddət ərzində torpaqlarımızın bir qismi işğal olundu, müxtəlif faciələrlə qarşılaşdıq. Bir sözlə, ayrı-ayrı silahlı qruplaşmalar arasındakı qarşıdurmalar ölkəmizdə ciddi problemlərin yaranmasına gətirib çıxardı. Respublikamızda daxili sabitliyin pozulması, torpaqlarımızın bir-birinin ardınca işğal olunması nəinki müstəqilliyimizin itirilməsi, həm də Azərbaycanı sonu görünməyən bir məhvə sürükləyirdi. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəmizi bu məhvolma burulğanından xilas etdi.
Həmin dövrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da ictimai-siyasi vəziyyət ürəkaçan deyildi. Muxtar respublikanın şimal sərhədləri boyunca edilən hücumlar, ölkəmizin digər regionları ilə əlaqələrin kəsilməsi, ərzaq, yanacaq qıtlığı kimi problemlər Naxçıvanın vəziyyətini gündən-günə daha da ağırlaşdırırdı. Belə bir vaxtda xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi bu qədim Azərbaycan diyarını böyük fəlakətlərdən qorudu. Məhz ulu öndərin atdığı qətiyyətli addımlar nəticəsində Naxçıvan taleyin ağır sınaqlarından çıxaraq varlığını qoruyub saxladı. Ordu quruculuğu prosesinə ötən əsrin yetmişinci illərindən başlanılsa da, müstəqilliyimizin ilk illərində bu proses ulu öndərin rəhbərliyi ilə Naxçıvanda yenidən bərpa olundu. Ötən müddətdə Silahlı Qüvvələrimizin Naxçıvanda yerləşən hərbi birləşmələri böyük inkişaf yolu keçərək daha da təkmilləşdi, düşmən üçün arzuolunmaz fenomenə çevrildi. Muxtar respublikada həyata keçirilən ordu quruculuğu prosesi 2013-cü ildə yeni bir mərhələyə qədəm qoydu. Belə ki, həmin ilin dekabrında muxtar respublikada 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordu yaradıldı. Ötən 4 il ərzində Əlahiddə Ümumqoşun Ordu müxtəlif təyinatlı müasir döyüş texnikaları ilə təmin olunaraq şəxsi heyətin sayı dəfələrlə artırıldı. Güclü maddi-texniki baza muxtar respublikamızın quru sərhədləri ilə bərabər, hava məkanının da mükəmməl mühafizəsinin təmin edilməsinə şərait yaratdı.
Ölkə başçısı muxtar respublikaya hər səfərində buradakı hərbi hissələrin vəziyyəti ilə yaxından tanış olur, ordu quruculuğu sahəsində görülən işləri yüksək qiymətləndirir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, buradakı hərbi hissələrdə böyük quruculuq tədbirləri həyata keçirilir, zabit və əsgərlər üçün lazımi xidmət şəraiti yaradılır, yeni əsgər yataqxanaları, əsgəri-məişət kompleksləri istifadəyə verilir. Bundan əlavə, hərbi qulluqçuların mənzil-məişət şəraiti yaxşılaşdırılır, onlar yeni mənzillərlə təmin olunurlar. Xidmətdə fərqlənənlərin isə əməyi layiqincə qiymətləndirilərək mükafatlandırılır. Həyata keçirilən tədbirlər sayəsində muxtar respublikada birləşmə və hissələrin döyüş qabiliyyəti və peşəkarlığı artırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı xeyli yüksəldilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mütəmadi olaraq hərbi hissələrdə olması, şəxsi heyətlə görüşləri hərbçilərimizi ruhlandırmaqla yanaşı, xalq-ordu birliyinin nümunəvi gücünü də ortaya qoyub.
Naxçıvanın hərbi gücünün artırılmasının prioritet istiqamət olduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bu haqda deyib: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur... Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu artıq reallıqdır. Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq. Buna imkan vardır”.
İstənilən ordunun gücü aid olduğu ölkənin iqtisadi potensialından, maddi-texniki təminatından və şəxsi heyətin vətənpərvərlik ruhundan çox asılıdır. Bu gün ölkəmizin dinamik iqtisadi gücü ordumuzun ən müasir texnika və döyüş silahları ilə təmin olunmasına, şəxsi heyətin hərtərəfli hazırlığına şərait yaradıb. Bu sahədə görülən işlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu yarandığı gündən müxtəlif təlimlərdə iştirak edir, şəxsi heyətin döyüş hazırlığı yüksəldilir. Keçirilən təlimlərdə birgə əks-hücum əməliyyatlarının təşkili və aparılması, taktiki-hava desantının düşmən bölmələrinin arxasına atılması və hakim yüksəkliklərin ələ keçirilməsi, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyətinin öyrənilməsi, bundan əlavə şəxsi heyətin gecə dağlarda fəaliyyəti, silah və döyüş texnikasının gecə vaxtı tətbiqi məqsədilə taktiki gecə təlimlərinə cəlb edilməsi ordumuzun gücünü artırıb. Son illərdə təlimlərin keçirilməsində əhəmiyyəti ilə seçilən tərəflərdən biri də budur ki, Əlahiddə Ümumqoşun Ordu bu əməliyyatları NATO-nun ikinci ən böyük gücü sayılan Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növləri ilə birgə keçirir.
12-15 iyun tarixlərində Naxçıvanda növbəti Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi də muxtar respublikada aparılan ordu quruculuğunda əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu göstərir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən budəfəki birgə əməliyyat taktiki təlimləri mühüm tərəfləri ilə diqqəti cəlb edirdi. Bu təlimdə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri ilə yanaşı, Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Əməliyyat Briqadasının və Mülki Müdafiə Alayının bölmələrinin, ümumilikdə, 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilib. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətləri arasında əməliyyatların birgə icra edilməsində uzlaşmış fəaliyyətə nail olunması, qoşunların idarə edilməsində vahid proseduraların işlənib hazırlanması və Əlahiddə Ümumqoşun Ordu ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması məqsədini daşıyan təlim 3 mərhələdə keçirilib. Təlimin birinci mərhələsində Əlahiddə Ümumqoşun Ordunun, digər güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək düşmənin dayandırılması və əks-zərbə əməliyyatı planlaşdırılması aparılıb. İkinci mərhələdə əks-zərbənin endirilməsi, düşmənin darmadağın edilməsi və itirilmiş vəziyyətin əlverişli hədlər üzrə bərpa edilməsi, üçüncü mərhələdə isə əks-hücumu davam etdirərək, düşmən ehtiyatlarının məhv edilməsinin başa çatdırılması və əlverişli ərazi sahələrinin nəzarət altına alınması tapşırıqları icra olunub. Habelə təlimdə ssenariyə əsasən düşmənin fəaliyyətinin izlənməsi, vacib obyektlərin koordinatlarının dəqiq təyin olunması məqsədilə pilotsuz uçuş aparatları və vizual müşahidə vasitələrindən istifadə etməklə kəşfiyyat bölmələrinin fəaliyyəti izlənib. Müxtəlif artilleriya vasitələrindən, xüsusilə son illərdə hərbi ekspertlər tərəfindən “Cəhənnəm silahı” adlandırılan və Silahlı Qüvvələrimizin də arsenalında mühüm yer tutan “TOS-1A” müasir ağır odsaçan sistemlərindən istifadə olunaraq şərti düşmən mövqelərinin məhv edilməsi həyata keçirilib.
Təlimi yaxından izləyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iyunun 15-də Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil olmuş yeni silah, texniki avadanlıqlar və pilotsuz uçuş aparatlarına baxıb, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin başa çatması və Azərbaycan xalqının Milli Qurtuluş bayramı münasibətilə şəxsi heyəti təbrik edib. Ali Məclisin Sədri cənab Vasif Talıbov deyib: “ ...Azərbaycan xalqının Milli Qurtuluş tarixinin mühüm bəhrələrindən biri də Azərbaycan-Türkiyə birliyinin daha da möhkəmlənməsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərini bir millətin iki dövləti səviyyəsinə qaldırmışdır. Hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən hərbi təlimlər bu birliyin, dostluğumuzun və qardaşlığımızın daha bir parlaq ifadəsi oldu... Birgə hərbi təlim bir daha təsdiq etdi ki, ordunun gücü yalnız silah və texniki təminatla ölçülmür. Ordunun gücü həm də onun sıralarında xidmət edən şəxsi heyətin ruh yüksəkliyi, möhkəm iradəsi, vətənpərvərliyi və peşəkarlığı ilə ölçülür. Hərbi təlimlərdən çıxan nəticə budur ki, Azərbaycan və Türkiyə ordusu peşəkar olduğu qədər də vətənpərvərdir. Şəxsi heyətlərimiz ən yüksək mənəvi keyfiyyətlərə malikdirlər. Bu, bizim ən böyük nailiyyətimizdir”.
Təlimdə qarşıya qoyulmuş tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi onu göstərdi ki, Əlahiddə Ümumqoşun Ordu Naxçıvanın dayanıqlı və etibarlı müdafiəsinə tam hazırdır. Ötən əsrin 90-cı illərində düşmənlə qarşı-qarşıya primitiv ov tüfəngləri, bəzi hallarda isə əliyalın dayanan Naxçıvan bu gün öz təhlükəsizliyini ən müasir silah və texnikalarla təmin edir. Əlahiddə Ümumqoşun Ordunun bu cür təlimlər sayəsində artan gücü nəinki muxtar respublikanın etibarlı müdafiəsinə, eyni zamanda düşmən mövqelərinin dərinliklərində lazımi əməliyyatların aparılmasına imkan verir.
Ordu quruculuğu tükənməyən bir prosesdir. Yəni müasir dünyada istənilən ölkə öz ordusunda modernləşmə aparır, hərbi təlimlər keçir, döyüş texnikaları yeniləri ilə əvəz olunur, peşəkarlığın yeni metodları tətbiq edilir. Bu baxımdan yanaşsaq, Əlahiddə Ümumqoşun Ordunun yaradılması ilə muxtar respublikamızın müdafiəsinin gücləndirilməsində, təhlükəsizliyimizin yüksək səviyyədə qorunmasında yeni bir tarixi dövrə qədəm qoyulub. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər onu göstərir ki, Əlahiddə Ümumqoşun Ordu bu gün qədim Naxçıvanın keşiyində inamla dayanır, muxtar respublikamızın müdafiəsində ona həvalə edilmiş missiyanı şərəflə yerinə yetirir.
Səbuhi HƏSƏNOV