Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə, qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.
Narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı “Volvo” markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yeri müəyyən olunub.
Gömrükçülər tərəfindən 34 JA 7009 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş ümumi çəkisi 93 kiloqram narkotik vasitə – heroin aşkar edilərək götürülüb.
Narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni Xoy şəhərindən aldığını, Naxçıvan üzərindən Türkiyəyə keçirməklə Mardin vilayətində adı istintaqa məlum olan şəxsə təhvil verəcəyini deyib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi əmin edir ki, qaçaqmalçılığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək, narkoticarətdə muxtar respublikamızın tranzit kimi istifadə olunmasına imkan verilməyəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti