Kəngərli rayonunda keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Ali Məclisin deputatı Sevda Quliyeva məruzə ilə çıxış edib. Bildirib ki, dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün şüurlu həyatını xalqının yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib.
Qeyd edilib ki, 1993-cü il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni mərhələsinə qədəm qoydu. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Beləliklə, ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi ölkənin formalaşdırılmasına hesablanmışdısa, onun ikinci hakimiyyəti əsl qurtuluş erasını yaratdı.
Vurğulanıb ki, qədirbilən xalqımız ulu öndərin Azərbaycan dövləti və millətinin xoşbəxt gələcəyi naminə gördüyü işləri heç zaman unutmayacaqdır. Çünki bugünkü müstəqil, güclü Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bu gün ulu öndərin siyasi xətti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında inkişafın keyfiyyətcə yeni və uğurlu mərhələsinə qədəm qoyub. Bu uğurlar iqtisadi-sosial və mədəni həyatın bütün sahələrinin dinamik inkişafına təkan verib, əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Naxçıvan bu gün beynəlxalq tədbirlərin, zirvə görüşlərinin keçirildiyi, mötəbər yarışların təşkil edildiyi bir məkan kimi dünyada şöhrət qazanıb. Bütün bunlar ulu öndərin ideyalarına sədaqətin bəhrəsi, Milli Qurtuluşdan başlanan inkişafın davamıdır.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının sədri Novruz Kətənov, Qıvraq qəsəbə ərazi ilk partiya təşkilatının sədri Yunis Ələkbərov çıxış ediblər. Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin memarı olan ulu öndərimiz fəaliyyətində daim ümumxalq mənafeyindən çıxış edib və hakimiyyətdə olduğu hər iki dövrdə bu amal uğrunda bütün gücünü səfərbər edərək əlindən gələni əsirgəməyib.
Sonra rayonun ümumtəhsil məktəbləri şagirdlərinin ifasında Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər bədii qiraət edilib.
Sonda tədbir iştirakçıları Qurtuluş Gününə həsr olunmuş filmə baxıblar.
Babək İSMAYILOV
* * *
Dünən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri şuranın sədr müavini Xatirə İbrahimli açaraq bildirib ki, o dövrdə ölkəmizdə günü-gündən genişlənən anarxiyanın, hərc-mərcliyin qarşısı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra alınıb, respublikamız düşdüyü bəlalardan xilas olub, inkişaf və tərəqqi yoluna qədəm qoyub. Xalqımızın dahi oğlu qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasını aradan qaldırıb, cəmiyyət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatlar həyata keçirilməsini təmin edib.
Qeyd olunub ki, məhz həmin tarixdən başlayaraq ulu öndərin müdrik daxili və xarici siyasəti nəticəsində vaxtilə Naxçıvandan başlanan hüquqi-demokratik dövlət quruculuğu, milli ordunun formalaşdırılması istiqamətində əsaslı addımlar atılıb, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülüb. Ermənistanla münaqişənin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülüb.
Vurğulanıb ki, bu gün ümummilli liderimizin siyasi xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib, dünyada söz sahibi olan müstəqil dövlətə çevrilib.
Sonra şuranın əməkdaşlarından Nüsrəddin Əsədov, Rövşən Hüseynov, Leyla Abbasova, Eyvaz Əsgərov və Sənan Hüseynov çıxış ediblər.
Səbuhi HƏSƏNOV