26 Dekabr 2024, Cümə axşamı

Hər bir xalqın taleyində çətin məqamlar olur. Onu bu mürəkkəb şəraitdən qurtara biləcək milli liderə, ümumxalq məhəbbəti qazanmış şəxsiyyətə zərurət də xalqın iradəsinin nəticəsi kimi meydana çıxır.
XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan belə bir siyasi böhran vəziyyətində idi. 1991-1993-cü illərdə ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Azərbaycan doğma torpaqlarımızın işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri azmış kimi, siyasi qarşıdurmalar, vətəndaş müharibəsi məngənəsində də boğulurdu. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti isə ölkəyə rəhbərlik etmək iqtidarına malik deyildi. Azərbaycan sonu görünməyən dəhşətli bir uçurum – minlərlə qurbanlar bahasına qazandığı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Belə bir vaxtda xalqın ümid dolu baxışları sövq-təbii olaraq bəşər həyatının yeni başlanğıc məskəni, qədim Nuh yurdu, görkəmli dövlət xadimi Heydər Əliyevin yaşayıb fəaliyyət göstərdiyi Naxçıvana yönəldi. Bunun da əsası vardı. Çünki ölkəni ağır vəziyyətdən yalnız əsl rəhbər xilas edə bilərdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə gələcək müstəqilliyin hazırlanması, milli iradə və özünüdərkin formalaşması naminə məqsədyönlü fəaliyyət göstərməsi hamıya yaxşı məlum idi. Digər tərəfdən bu dahi şəxsiyyət 1987-ci ildə Moskvada olarkən təhlükə və təhdidlərə baxmayaraq, Sovet İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən istefa verərək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə milli iradə, qətiyyətli və prinsipial mövqe, həqiqi vətənpərvərlik nümayiş etdirmişdi.

Ulu öndərin ozamankı iqtidarın ögey münasibəti ucbatından “təklənmiş ada” vəziyyətinə salınan və işğal təhlükəsi yaşayan Naxçıvanı xilas etməsi, taleyüklü tarixi qərarlar qəbul etməsi xalqın qəlbində dahi şəxsiyyətə ümid işığını daha da alovlandırmışdı. Tarixə nəzər salsaq görərik ki, Naxçıvanın işğaldan xilas edilməsi, burada iqtisadi islahatların aparılması, ilkin beynəlxalq iqtisadi əməkdaşlığın təməlinin qoyulması məhz ümummilli liderin tarixi xidmətləri idi. Hələ Sovetlər İttifaqının mövcud olduğu bir dövrdə üçrəngli dövlət bayrağının Naxçıvanda qaldırılması, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, Naxçıvanın 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda iştirak etmə­məsi ölkəmizin gələcək milli istiqla­lına rəvac verən əsas amillər idi. Ulu öndərin rəhbərliyi ilə hələ o zaman Naxçıvanda Azərbaycanın müstəqil dövlətçilik prinsipləri işlənib hazırlanırdı. Muxtar respublikada ərazinin bütövlüyü, sosial-iqtisadi müdafiəsi, cəmiyyət quruculuğu baxımından qazanılan əhəmiyyətli uğurları, ən əsası isə xalq-rəhbər birliyinin qısa zaman kəsiyində nələrə qadir olduğunu görən müdrik Azərbaycan xalqı da bütün bunların Azərbaycan siyasi mühitində həyata keçirilməsi tələbi ilə ayağa qalxdı.
Bu ümumxalq tələbini gerçəkləşdirmək üçün Azərbaycanın nüfuzlu ziyalıları – alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər 1992-ci il oktyabrın 16-da ulu öndər Heydər Əliyevə rəsmi müraciət etdi. Həmin günlərin reallıqlarını ifadə edən müraciətdə erməni təcavüzü, baş alıb gedən siyasi, iqtisadi, mənəvi böhran, sosial ədalətsizlik, rəhbərliyin siyasi naşılığı, idarəetmə səriştəsizliyi, hakimiyyət hərisliyi, iflic vəziyyətinə düşmüş ölkənin həm daxildən, həm də xaricdən müəyyən qüvvələr tərəfindən parçalanma təhlükəsi öz əksini tapmışdı. Ziyalılar ulu öndəri təkidlə ölkəyə rəhbərliyə dəvət edərək yazırdılar: “Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda, yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək”.
Ümummilli lider ziyalıların müraciətinə cavabında Azərbaycanın düşdüyü vəziyyətin köklü səbəblərini təhlil etmiş, ölkəni böhrandan xilas etməyin konsepsiyasını təqdim etmişdi. Təkcə bu tarixi sənəd deməyə kifayət edər ki, xalq müstəqil Azərbaycan dövlətinin gələcək taleyini həll etmək üçün dahi rəhbərə üz tutmaqda heç də yanılmayıb. Bu müraciət əsasında yaradılan, 700 minə yaxın siyasi həmfikri öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan bir partiya kimi bu gün də öz liderlik missiyasını qoruyub saxlayır. Nəhayət, 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmış, bununla da, ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyulmuşdur. Azərbaycan parlamentinin iclasındakı çıxışında ulu öndər dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab edərək demişdir: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Ulu öndər Heydər Əliyev həyatı qədər sevdiyi Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən qurtardı. İlk olaraq siyasi sabitliyə, milli həmrəyliyə nail oldu, torpaqlarımızın işğalının qarşısı alındı və atəşkəs elan edildi. Azərbaycanda tarixi ənənələrin, dünyəvi dəyərlərin məcmusu olan modern dövlətçilik konsepsiyası həyata keçirildi. Bir vaxtlar Azərbaycanı tanımaq belə istəməyən dünyanın əksər böyük dövlətləri artıq Azərbaycanla, onun rəhbəri ilə hesablaşmalı oldu. Ümummilli lider uğurlu daxili və xarici siyasət həyata keçirdi, Azərbaycançılıq ideologiyasını dövlət siyasəti kimi müəyyənləşdirdi. Bütün bunların sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrildi. Dünyanın aparıcı dövlətləri və şirkətləri siyasi sabitliyə və dinamik inkişafa nail olmuş Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdi, bağlanan beynəlxalq müqavilələr ölkəyə xarici investisiyanı cəlb etməklə iqtisadi tərəqqidə, əhalinin rifah halının yüksəlməsində mühüm rol oynadı. Ölkəmizdə dövlət quruculuğu prosesinə başlandı, güclü ordu yaradıldı, ölkənin demokratik prinsiplərini, insanların siyasi hüquq və azadlıqlarının toxunulmazlığını bəyan edən müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olundu.
Qazanılan nailiyyətlərin əsasında isə ulu öndər Heydər Əliyevin Vətənə, xalqa sonsuz məhəbbəti, milli köklərə bağlılıq, tükənməz ümumxalq sevgisi dayanırdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Naxçıvandan Bakıya qayıdışı məhv olmaqda olan Azərbaycanı QURTULUŞ yoluna, yeni inkişaf və intibah mərhələsinə çıxardı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “1993-cü ilin 15 iyununa qədər Azərbaycan formal olaraq müstəqil dövlət idisə, həmin tarixdən sonra real müstəqilliyin əsası qoyuldu. 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, həmin tarixdən sonrakı dövr ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi ilə xarakterizə edilir. 1993-cü ildən sonra Azərbaycanın inkişafı göz qabağındadır. Əgər o vaxt Azərbaycanda xaos hökm sürürdüsə, bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idisə, bu gün Azərbaycanda əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdısa, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycanda total böhran hökm sürürdüsə, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir”.
Qürurla demək olar ki, ulu öndərin bizə əmanət qoyub getdiyi Azərbaycan, onun əbədiyyət qazandığı dövlət müstəqilliyi bu gün etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndəri­miz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən ötən dövrdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmləndirilmiş, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artmışdır. Azərbaycanın tranzit ölkəyə çevrilməsi bu qədim diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirmişdir. Ölkəmizdə Azərbaycançılıq məfkurəsi dərinləşmiş, respublikamız bütün dünyada tanıdılmış, bu istiqamətdə geniş təbliğat işləri aparılmışdır. Mədəniyyət, elm, təhsil və səhiyyənin inkişafı istiqamətində görülən işlər xalqın mənəvi varlığının və milli kimliyinin qorunub saxlanmasına, bu sahələrin sıçrayışlı inkişafına təkan vermişdir. Bu gün Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır.
Naxçıvan Muxtar Respublikası da bugünkü dinamik inkişafına məhz Milli Qurtuluş yolundan keçərək nail olmuşdur. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq prosesləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirmişdir. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yenitipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilmişdir. Əlbəttə, bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir.
Bu gün blokada şəraitində olsa da, Naxçıvan yaşayır və inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, şəhər və kəndlərimiz abadlaşıb gözəlləşir, ən ucqar dağ kəndi belə, inanılmaz dərəcədə dəyişir. Bütün bunlar xalqın xilaskarı, dahi Heydər Əliyev siyasətinin təntənəsidir.
Yaşadığımız, şahidi olduğumuz tarix özü sübut edir ki, Milli Qurtuluş Günü tərəqqi, intibah dövrünə aparan mərhələnin başlanğıcıdır. Azərbaycan Respublikasının Milli Məclisi dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününün rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olunması ilə bağlı 1997-ci il 27 iyun tarixli qərar qəbul etmişdir. Xalqımız hər il bu günü ümumxalq bayramı kimi, ümummilli liderə dərin minnətdarlıq hissi ilə qeyd edir. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətini qəlbində yaşadır və yaşadacaqdır”.

 Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR