Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına əsasən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iyunun 14-də gənclərin Naxçıvan şəhərində yürüşü keçirilmişdir.
Əvvəlcə yürüş iştirakçısı olan bir qrup gənc ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşdur.
Heydər Əliyev adına Hərbi Liseyin kursantlarından, Əlahiddə Ümumqoşun Ordusunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının nümunəvi bölmələrinin əsgərlərindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Təhsil, Gənclər və İdman nazirliklərinin gənc fəallarından və idmançılardan ibarət minə yaxın gənc Heydər Əliyev Muzeyinin önündən başlayaraq Heydər Əliyev prospekti boyunca Heydər Əliyev Sarayına və geriyə qədər olan yolu Hərbi Orkestrin təntənəli marş sədaları altında nizami addımlarla qət etmişlər.
Ulu öndərin ali hakimiyyətə qayıdışı ilə tarixə yazılmış Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, vətənimizi qorumağa qadir olan nizami ordu yaranmış, Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmiş, vətəninə və dövlətinə sadiq gənclik yetişmişdir. Ümummilli liderimiz Heydər Əliyev milli qurtuluşun mükəmməl fəlsəfəsini yaratmış və onu müstəqil Azərbaycanın gələcək müqəddəratına çevirmişdir. Azərbaycan tarixinin 1969-cu ildən başlanan intibah dövrü 1993-cü ilin 15 iyununda özünün Milli Qurtuluş mərhələsinə yüksəlmişdir.
15 İyun – Milli Qurtuluş Gününə Naxçıvandan hazırlanan zəmin isə müstəqil dövlətçilik tariximizin mühüm mərhələsini təşkil edir. Ulu öndərin istər ötən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi tədbirlər, istərsə də ölkəmiz və xalqımız üçün ağır bir dövrdə – 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərdiyi zaman qəbul etdiyi tarixi qərarlar həqiqi dövlət müstəqilliyinin bünövrəsini yaratmışdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə Naxçıvanda müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunmuş, bununla da Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilmişdir. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən ali hakimiyyətə qayıdan ümummilli lider Azərbaycanı davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, dövlət müstəqilliyimiz əbədi xarakter almışdır.
Bu gün Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası özünün inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi islahatlar da Milli Qurtuluşdan başlanan inkişafın davamıdır. Muxtar respublika gəncliyi ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət ruhunda tərbiyə olunur, əsl vətəndaş kimi yetişir. Gənc nəslin təhsili, tərbiyəsi və sağlamlığının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilir.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə keçirilən yürüşdə zəkası və bacarığı ilə müstəqil Azərbaycanın işıqlı gələcəyini, onun inkişafını təmin edən gənclik sabaha inamla addımlayırdı.
Yürüş Naxçıvan şəhər sakinləri tərəfindən maraqla qarşılanmışdır.
“Şərq qapısı”