Bəşəriyyətin müasir dövr siyasi və dövlət idarəçiliyi təcrübəsi göstərir ki, gənc demokratiyaların söykəndiyi mühüm ideoloji dayaqlardan biri hakimiyyət fəlsəfəsidir. Bu həqiqəti bizim üçün Azərbaycanın müstəqilliyini və demokratiyasını tarixi fəlakətdən xilas etmiş ulu öndər Heydər Əliyevin siyasi fəlsəfəsi daha bariz şəkildə sübut etmişdir. Ümummilli liderin hakimiyyət fəlsəfəsinin maddi-mənəvi resursunu Azərbaycan xalqının tarixən formalaşmış azadlıq idealı və müstəqilliyini qorumaq əzmi təşkil edir. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyət fəlsəfəsi və psixologiyası barədə fikir, ideya və müddəaları konseptual şəkildə xalqımızın tarixi nikbinlik ideologiyasından bəhrələnmişdir. Onun Azərbaycana rəhbərliyinin birinci mərhələsini əhatə edən 1969-1982-ci illər dövrü də məhz mübarizlik prinspi ilə xarakterizə olunur.
Ulu öndər öz dövlətçilik fəaliyyətində həmişə belə bir ideyanı aşılamağa çalışmışdır ki, millətin tarixi inkişafının keyfiyyəti xalqın siyasi iradəsindən və dövlət başçısının insani keyfiyyətlərindən asılıdır. O, müdrik tarixi şəxsiyyət kimi tarixi keçmişi düzgün qiymətləndirdiyindən, öz dövrünün həqiqətləri ilə keçmişin dialektikasını aydın dərk etdiyindən sosializm sisteminin məhvini irəlicədən görmüş və özünün Azərbaycana ilk rəhbərliyi dövründə bütün fəaliyyətini gələcək müstəqil Azərbaycanın möhkəm bünövrəsinin hazırlanmasına həsr etmişdir.
Heç də təsadüf sayılmamalıdır ki, ulu öndər özünün siyasət fəlsəfəsinin mühüm tərkib hissəsi olaraq milli müstəqilliyi möhkəmləndirmək və inkişaf etdirmək strategiyasını zamanın buna ehtiyac duyduğu bir məqamda işləyib hazırlamış və bu strategiyanın siyasi təşkilatı olaraq 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratmışdır. Başqa sözlə, tarixin Azərbaycana XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyini bərpa etmək şansını verməsi məqamında Yeni Azərbaycan Partiyasının ümummilli liderin rəhbərliyi altında sürətli təşkilatlanması və fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin azadlıq və müstəqillik konsepsiyasının icrası üçün zəruri bünövrə tədbirlərindən idi. Partiyanın qurucusu onun fəaliyyətini bəri başdan aksiom formulla ifadə etmiş, bütövlükdə, xalqın aparıcı siyasi gücünün toplaşdığı bir siyasi təşkilatın məfkurəsini konkret müəyyənləşdirmişdi: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.
Məlumdur ki, tam müstəqilliyə nail olmaq, onu inkişaf etdirmək xalqın liderindən çox mühüm tarixi məsuliyyət tələb edir. Ümummilli lider Heydər Əliyev həyata keçirdiyi milli inkişaf strategiyası ilə bu tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Partiyanın yaradılması təklifi ilə müraciət edən “91-lər”ə cavabında ulu öndər müstəqil Azərbaycan dövlətini yaşatmaq üçün qarşıda yaxın perspektivdə həllivacib məsələlər kimi duran ümummilli vəzifələri irəli sürürdüsə, partiyamızın proqram prinsiplərini O, əbədi müstəqil Azərbaycanın siyasi dövlətçilik nəzəriyyəsi kimi işləyib hazırlamışdı. Bu mənada, 2017-ci ildə 25-ci yubiley ildönümünü qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyasını gücləndirən ən mühüm amillərdən biri də partiyanın təməl prinsipləri olan müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalətdir. Bu cür zəruri nəzəri ideyaların tərbiyəvi rolunu artırmaq məqsədilə dahi şəxsiyyət Heydər Əliyev həmişə belə bir konsepsiyadan çıxış edib ki, hər bir siyasətin uğurlu əsasları insanın öz təbiətindədir. Ulu öndər, eyni zamanda öz şəxsiyyəti ilə, fəaliyyəti ilə bu insan təbiətinin fenomenal nümunəsini də yaradıb. Həmin ideoloji prinsiplər gəlişi gözəl sözlər deyil, bütövlükdə, Azərbaycan cəmiyyətinin siyasi mühiti üçün, dövlətçilik ideologiyasının vahid məhək daşına çevrilməsi üçün aktuallığı zaman keçdikcə daha da artacaq böyük konsepsiyanın tezisləridir. Ulu öndər partiya və onun proqram prinsipləri haqqında deyirdi: “Bu partiya hakimiyyət uğrunda mübarizə aparan partiya kimi yaranmadı. Biz partiyanın nizamnaməsində yazdıq ki, partiya Azərbaycanın bu ağır dövründə, ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır. Bizim partiya xalqı birləşdirmək, ölkənin problemlərinin həll olunmasında iştirak etmək məqsədilə yaranıb. Mən məmnunam ki, 1992-ci ildə çox ağır şəraitdə Naxçıvanda bizim yazdığımız və qəbul etdiyimiz proqram bu gün də öz aktuallığını saxlayır”.
Məhz bu fundamental prinsipləri öz siyasi və dövlətçilik fəaliyyətində ehtiva edən ulu öndər Heydər Əliyev özünün siyasi hakimiyyət fəlsəfəsində demokratiya institutunun formalaşmasına xüsusi yer ayırmış, demokratiya anlayışını dövlətin ictimai hakimiyyət forması kimi işləyib hazırlamışdır. Ümummilli lider demişdir: “Demokratiya daim inkişafda, daim hərəkətdə olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir… Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır. Çünki hər şeyə tezliklə nail olmaq çətindir”.
Bu baxımdan beynəlxalq münasibətlərin xarakterinin sürətlə dəyişməsi zəminində xaricdən ixrac olunan demokratiya anlayışını qətiyyətlə rədd edən ulu öndərin demokratiya nəzəriyyəsinin başlıca mahiyyəti vətəndaşların cəmiyyətin və dövlətin məsul işlərində geniş iştirakının təmin edilməsidir. Ümummilli lider hesab edirdi ki, bundan ötrü insanların təşəbbüskarlığına, hakimiyyəti təmsil edən orqanların fəaliyyətinə, onların xalqla əlaqəsinin möhkəmləndirilməsinə geniş şərait yaratmaq lazımdır. Demokratikləşdirmə prosesi, ilk növbədə, milli inkişaf faktoru, qanunçuluğu və hüququ möhkəmləndirmək, seçki sistemini təkmilləşdirmək, vətəndaşların azad fəaliyyətini təmin etməkdir. Göründüyü kimi, hakimiyyət və idarəetmə demokratikləşmə prosesinin nüvəsini təşkil edir. Ona görə də özünün hakimiyyət fəlsəfəsində dahi şəxsiyyət Heydər Əliyev dövlətçiliyin rasional idarə olunması probleminin həllinə üstünlük vermişdir.
Xalqımızın və müstəqil dövlətçiliyimizin ən ağır günlərində ulu öndəri yalnız tarixi keçmişimiz deyil, həm də dövlətçilik ənənələrimiz dərindən düşündürmüşdür. Təsadüfi deyildir ki, O, müstəqil Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra dövlət idarəçiliyində özünün müdrik mövqeyini ortaya qoymuşdur. Hakimiyyətlə bağlı görüşlərində ulu öndər belə bir mühüm metodoloji prinsipdən çıxış edirdi ki, hakimiyyət institutu sosial-siyasi sistemin optimal fəaliyyəti üçün vətəndaşların davranışı hüquqi normalara, bəşəri dəyərlərə uyğun gəlməli və bunlar bacarıqla əlaqələndirilməlidir. O, müstəqilliyin ilk günlərində Azərbaycan xalqının mənəvi-əxlaqi hüquqlarını nəinki qorumayan, hətta onları pozan iqtidarın səriştəsizliyini çox narahatlıqla, ürəkağrısı ilə qarşılamışdı. Ümummilli lider özünün zəngin dövlətçilik təcrübəsindən bilirdi ki, hakimiyyət məsələsində insanın və cəmiyyətin mənafelərinin reallaşdırılmasına optimal şərait yaratmaq lazımdır.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyət fəlsəfəsinə görə siyasətdə obyektiv imkanı gerçəkliyə çevirmək məqsədi ilə cəmiyyətin sosial resurslarından bacarıqla istifadə edərək cəmiyyətin, sosial institutların, fərdlərin optimal fəaliyyətini təmin edən faktoru əsas qanun kimi təsnif etmək olar. Ulu öndər özünün idarəetmə fəlsəfəsinin əsas funksiyasından çıxış edərək milli liderin siyasi fəaliyyət konsepsiyasını işləyib hazırlamışdır. Bu nəzəriyyənin potensial imkanları çərçivəsində lider öz fəaliyyətini ictimai həyatın müxtəlif sahələri arasında, yəni cəmiyyətin ümumi mənafeləri ilə vətəndaşların maraqları arasında, beynəlxalq mühitlə milli siyasi mənafe arasında tarazlığı təmin etməyə yönəldir. Bu baxımdan ulu öndərin “Yönümüz Şərqə olsa da, yolumuz Qərbədir” devizi daha çox Şərq ölkəsi kimi Azərbaycanın qazandığı zəngin milli dəyərlərlə sintezdə Qərbin qabaqcıl elmi, siyasi, sosial-iqtisadi və texnoloji yeniliklərini əxz və dövlət həyatında tətbiq etmək məqsədinə xidmət edirdi.
Ulu önədər Heydər Əliyevin elmi cəhətdən inandırıcı şəkildə yaratdığı, əsaslandırdığı hakimiyyət fəlsəfəsi liderə siyasi hakimiyyət strukturlarında nöqsan buraxmağa, səhv etməyə imkan vermir. Dahi rəhbərin fəaliyyətinin idraki əhəmiyyəti bundadır ki, O, yüksək intellektual düşüncəyə malik milli lider olaraq nəinki ümumi inkişaf tendensiyalarını, həmçinin mövcud tarixi məqamda onların meydana gələ bilmə ehtimalını belə, nəzərə alırdı. Ulu öndər Heydər Əliyevin dünya siyasətində tanınmış lider kimi müvəffəqiyyətlərinin tərkib hissələrindən biri də budur ki, O, özünün fəaliyyətində cəmiyyətin intellektual qüvvələrinə söykənir, əsl milli ziyalı sözünə və fikrinə diqqətlə və hörmətlə yanaşır, özünün qurduğu nəhəng siyasi təşkilatda – Yeni Azərbaycan Partiyasında cəmiyyətin bütün təbəqələrinin geniş təmsilçiliyinə böyük əhəmiyyət verirdi. Görkəmli dövlət xadiminin liderlik fəaliyyətinin çox önəmli cəhətlərindən biri də hadisələrin məqsədinə çatması üçün əsas vəsiləni məharətlə sezməsi, onu yaradıcılıqla həyata keçirməsi idi. Başqa sözlə, ümummilli liderin siyasi fəlsəfəsi liderdə öz fəaliyyətində məqsədi düzgün müəyyənləşdirmək təfəkkürünü və ona nail olmağın nəzəri bacarığını birlikdə əxz edir.
Məhz ulu öndər Heydər Əliyevin hakimiyyət fəlsəfəsinin obyektiv elmi və siyasi prinsipləri Azərbaycanın bugünkü və gələcək müstəqilliyinin möhkəm əsaslarının yaradılmasında mükəmməl ideoloji zəmin rolunu oynamışdır. Bu gün Azərbaycanda müdrik dövlət xadimi, böyük strateq, görkəmli dövlət başçısı və siyasətçi dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətçiliyimiz üçün ulu öndər və partiya tandeminin əbədiyaşarlığını özünəməxsus şəkildə belə ifadə etmişdir: “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur”.
Bu gün dövlət başçımız Yeni Azərbaycan Partiyasının proqram prinsiplərini dönmədən həyata keçirməklə, həm müstəqil dövlətçiliyimizi XXI əsrin yeni siyasi tələblərinə adekvat inkişaf etdirir, həm də müasir siyasi tariximizin yaradıcısı kimi partiyamızın cəmiyyətdəki rolunun daha da artmasını təmin edir.
Məhz bu tarixi missiyanı uğurla yerinə yetirməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov partiyanın fəaliyyətini müstəqil dövlət quruculuğu kontekstində dəyərləndirərək demişdir: “Müasir, müstəqil Azərbaycan və ümumxalq hərəkatına çevrilən Yeni Azərbaycan Partiyası ulu öndərimizin özündən sonra xalqımıza ən böyük töhfəsi və əmanətidir”.
Elman CƏFƏRLİ
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent