Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın 215 ümumtəhsil məktəbi ilə Heydər Əliyev Muzeyi arasında interaktiv dərs təşkil olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Qurtuluş Günü mənim həyatımda” mövzusunda keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev əvvəlcə muzey barədə şagirdlərə ətraflı məlumat verib.
Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb. Muzey həmin ilin may ayının 10-dan fəaliyyət göstərir.
Qeyd olunub ki, Heydər Əliyev Muzeyi müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olan ulu öndərimizin ictimai-siyasi fəaliyyətinə dair materialların toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, tədqiq və təbliğini həyata keçirən elmi-tədqiqat müəssisəsidir. Muzey ekspozisiya zalından və kitabxanadan, muzey fondundan ibarətdir. Burada kitabxana yaradılıb, ümummilli liderimiz haqqında çəkilmiş filmləri nümayiş etdirmək üçün lazımi avadanlıqlar, kompüter dəstləri quraşdırılıb. Həmçinin muzeyin internet saytı yaradılıb.
“Muzey fondunda ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 656 ədəd eksponat toplanıb”, – deyən Ramil Orucəliyev bildirib ki, bu eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.
Muzeyin direktoru qeyd edib ki, xalqımız tarixin ən sərt, çətin sınaqlarından keçərək milli dövlətçilik ənənələri əxz edib, bu ənənələri məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanıb. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan 1993-cü ilin iyun ayına qədərki müddətdə böhranlar, xaos və çaxnaşmalarla qarşılaşmışdı. AXC-Müsavat iqtidarının hakimiyyəti dövründə idarəetmədə buraxılan kobud səhvlər, yaranmış ağır sosial-iqtisadi gərginlik və hakimiyyət davası ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Cəbhədəki məğlubiyyətlər, torpaqların itirilməsi yeni-yeni faciələrin baş verməsinə səbəb olmuşdu. Gəncədə 1993-cü ilin iyun ayında baş verən hadisələr vəziyyəti daha da ağırlaşdırmışdı. Məhz belə bir vaxtda, xalqın çətin günündə onu bu bəlalardan xilas edə biləcək tarixi bir şəxsiyyətin, müdrik siyasi xadimin hakimiyyətə gəlişi labüd idi. Vəziyyətdən çıxış yolu arayan Azərbaycan xalqı haqlı olaraq nicat yolunu ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqının çağırışına biganə qala bilməyən ulu öndərin yenidən siyasi hakimiyyətə qayıdışı insanların qəlbində sönmüş müstəqillik arzularını yenidən alovlandırdı.
Vurğulanıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın istək və tələbi ilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı və 6 gün sonra – iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi xalqımızın ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamının göstəricisi idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin səhifəsinə şanlı bir gün yazdı, 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.
Ramil Orucəliyev şagirdlərin nəzərinə çatdırıb ki, ötən dövr ərzində ölkəmizin nail olduğu hərtərəfli inkişafı muxtar respublikamızın simasında daha aydın görmək mümkündür. Milli Qurtuluşun işığında böyük və şərəfli yol keçən qədim diyarımızda cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların, dövlət proqramlarının həyata keçirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası bu gün ən müasir diyara çevrilib. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada Milli Qurtuluşun bəhrələri görünməsin. Yeni məktəblər, səhiyyə ocaqları, mədəniyyət müəssisələri, rahat və abad yollar, gözəl yaşayış binaları son 24 ildə əldə etdiyimiz hərtərəfli inkişafın nəticəsində həyata vəsiqə qazanıb. İndi hər kəs Milli Qurtuluşun bəhrələrini görür, ulu öndər Heydər Əliyevin bu gün də uğurla davam etdirilən dövlətçilik siyasətini, quruculuq missiyasını müdafiə edir, ümummilli liderin yoluna sədaqət göstərirlər. Çünki bugünkü firavan həyatımızın təməli məhz görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına və tədrisin səmərəliliyinin daha da artırılmasına hərtərəfli şərait yaradıb. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada distant tədrisin tətbiqi keyfiyyətcə özünün yeni mərhələsinə qədəm qoyub. Xüsusilə muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin yaradılması şagird və tələbələrin həmin muzeylərlə tanışlığının təmin olunmasına öz töhfəsini verir.
Səbuhi HƏSƏNOV