Müasir həyatı yeni texnologiyalarsız təsəvvür etmək çox çətindir. Texnologiyadan istifadə elə bir tələbatdır ki, o, iqtisadi-mədəni inkişafın bütün sahələrində cəmiyyətin demək olar ki, bütün üzvləri üçün özünü göstərir, ümumi həyat səviyyəsinə və ölkənin iqtisadi-hərbi gücünə bilavasitə təsir edir. Bütün bunlar ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların geniş tətbiqi ilə əldə olunan nəticələrdə açıq şəkildə görünməkdədir.
Bəzən tarixi dövrləri müqayisə edərkən keçmişdəki insanların həyat tərzi, mədəniyyəti, yaşadıqları dövrün iqtisadi-texnoloji inkişaf səviyyəsi arasındakı fərqdən bəhs olunur. Cəmiyyətin inkişaf yoluna nəzər saldıqda görürük ki, məhz iqtisadi inkişaf və onun mühüm hərəkətverici qüvvəsi olan texnoloji yeniliklər insan həyatına özü ilə yeni standartlar gətirib, mədəniyyəti zənginləşdirib. Ancaq insanın özü isə Uca Yaradandan ona bəxş olunan keyfiyyətləri ilə elə bugünkü kimi eyni ali duyğulara, sevgiyə və şəfqətə, fəlsəfi və dini düşüncələrə malik olub. Tək fərq isə zaman içində baş verən texnoloji yeniliklərlə iqtisadi sahədə əldə olunan sürət, komfort və təhlükəsizlik, təhsildə və mədəniyyətdə, idman, səhiyyə və turizmdə, bir sözlə, ictimai və sosial həyatın bütün sahələrindəki keyfiyyət dəyişiklikləridir. Elmin inkişafı ilə dünyanı dəyişdirən texnologiyalara sahib olmaqla bu gün insan yerin dərinliklərindən uzaq ulduzlara qədər hər yerə nüfuz edə bilir, minlərlə və hətta yüz minlərlə kilometr uzaqdan bir an içində informasiya mübadiləsi həyata keçirir, ən müasir nəqliyyat vasitələri ilə, əslində, o qədər də böyük olmayan Yer kürəsini boydan-boya keçib dolaşır. Cəmiyyət həyatında heyrətamiz dəyişikliklər yaradan bütün bu yeniliklər son onilliklər içərisində daha da sürətlənib və əvvəlki dövrlərdən fərqli olaraq bir nəslin insanlarının da öz həyatında hiss edə biləcəyi bir fərqlə görünməkdədir. Qloballaşan dünyanın bir parçası kimi ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da yeni texnologiyalar cəmiyyətin bütün sahələrində, dövlət idarəetməsindən tutmuş vətəndaşların fərdi istehlakınadək hər yerdə geniş tətbiq olunur, insanların rifahını yaxşıya doğru dəyişdirir.
Yeni texnologiyalar nədir? Bunların həyatımızda rolu nədən ibarətdir? Bəzən bir çoxları yeni texnologiyalar haqqında danışarkən, sadəcə, sürətli informasiya mübadiləsi, internet və yaxud bunlar üçün tətbiq olunan müasir elektron cihazlardan istifadə olunmasını nəzərdə tuturlar. Doğrudur, son dövrdə bu sahələrdəki inqilabi irəliləyişləri günbəgün müşahidə etmək mümkündür. Məsələn, Naxçıvanda istifadəyə verilən və muxtar respublika ərazisinin, demək olar ki, 100 faizini əhatə edən Naxtel 4G şəbəkəsi insanların, xüsusən mobil rabitə istifadəçilərinin xidmət anlayışına baxışlarını kökündən dəyişdirən bir hadisə olub. Bu sahədə yüksəksürətli mobil internet və keyfiyyətli informasiya mübadiləsi üzrə xidmətlər elə bir səviyyəyə çatıb ki, indi Şahbuzun ucqar bir dağ kəndindəki yaşlı nənə də gündə bir neçə dəfə universitetdə oxuyan nəvələri ilə 4G bağlantısı ilə danışmayanda darıxmağa başlayır. Uzaqları yaxınlaşdıran, Çindən Amerikayadək hər yerdə sosial şəbəkələrdə dostlar qazanmağa imkan yaradan, təhsildə, turizmdə tətbiq olunan sürətli informasiya mübadiləsi indi cəmiyyətin hər bir üzvündə görünməmiş fəallıq formalaşdırıb. Misal üçün, iyirmi il əvvəl kimsə Naxçıvanın iki yüzdən artıq kənd məktəbinin eyni anda izləyə biləcəyi elektron dərsin keçiləcəyini desəydi, həmin adama heç kəs inanmazdı. Ancaq bu günün reallığında fakt odur ki, vaxtaşırı olaraq keçilən belə dərslər məktəblilərin gündəlik tədris rejiminə çevrilib. Bu xəbərləri oxumaq üçün adamlar daha poçtalyonları gözləmədən internetdən həmin xəbəri oxuyur, daha geniş reportajı izləmək üçün isə yüksəkkeyfiyyətli rəqəmsal televiziya yayımlarından istifadə edirlər. Bütün bunlar hər birimizin həyatında sürətli və etibarlı informasiyanın əhəmiyyətini göstərir.
Başda elektron dövlət layihəsi olmaqla aparılan hər cür sənədləşmə və məktub dövriyyəsi, torpaq və yol xəritələri, əmlaka dair məlumatlar, elektron kitablar və elektron biletlər, internet arxivlər və sair kimi yeniliklər artıq çoxdan Naxçıvan sakinlərinin adi həyat tərzinə çevrilib. Bu gün Naxçıvanda fəaliyyət göstərən nazirlik, idarə, özəl firmaların internet saytlarında vətəndaşlara lazım olan hər cür məlumatlar əks olunur. Xüsusən muxtar respublikanın yaşayış məntəqələrində sürətli internetə çıxış imkanının olması Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat Sistemindən istifadəyə hərtərəfli şərait yaradır. Yeni sistem vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin sadələşdirilməsinə, vaxt itkisinə yol verilmədən daxil olan müraciətlərə baxılmasına və cavablandırılmasına imkan verir.
Naxçıvanda həyata keçirilən “Elektron Naxçıvan” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində atılan ilk əhəmiyyətli addımlardandır. 2005-ci ildən reallaşdırılan bu layihə muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron təhsilin inkişafı sahəsində mühüm mərhələyə çevrilib.
Bu gün Naxçıvanda kompüterləşmiş müasir kənd təsərrüfatı texnikasından tutmuş rəqəmsal diaqnostika avadanlıqlarınadək hər yerdə yeni texnologiyanın tətbiqi göz qabağındadır. Əhalinin istifadəsində olan səhiyyə ocaqlarında quraşdırılmış tibbi avadanlıqlar, aparılan unikal cərrahi əməliyyatlar üçün yaradılmış şərait dövlətin hər bir vətəndaşının rifahı üçün gördüyü işlərin bəhrəsidir. Muxtar respublikamızın təhsil ocaqlarında istifadəyə verilmiş müasir kompüter dəstləri, universitetlərdə elektron imtahanların keçirilməsi üçün yaradılmış müasir sistemlər təhsilin standartlarının yüksəldilməsində, gənclərin gələcəyə hazırlanmasında mühüm təsir gücünə malikdir. Naxçıvanın ali, orta ixtisas, peşə və ümumtəhsil məktəblərində elektron tədris təmin edilmiş, təhsil müəssisələrində 5 mindən artıq kompüter, 700-dən çox elektron lövhə quraşdırılmış, distant təhsil şəbəkəsi qurulmuş, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir.
Biliklərin əldə olunub mənimsənilməsində internetin və İKT-nin imkanlarından geniş istifadə olunması elmi və praktik innovasiyaların da inkişafına şərait yaradıb. Naxçıvanda mürəkkəb texnoloji proseslərin idarə olunduğu, maşınqayırma, emal sənayesi kimi yüksək elmtutumlu istehsal sahələrinin yaradılması muxtar respublikamızda yeni texnologiyaların uğurlu tətbiqinin nəticəsində mümkün olub.
İntellektual gücün cəmiyyətin inkişafındakı rolu şəksizdir. Mənimsənilən və tətbiq olunan yeni texnologiyalar cəmiyyətdə insan kapitalının formalaşdırılması baxımından həm bir sifariş bazası, həm də əlverişli mexanizm yaradır. Cəmiyyətdə həyat səviyyəsinin yüksəlməsi, insanların mobilliyinin artması ilə müşayiət olunan informasiya yükünün çoxalması və eyni zamanda vaxtın da azalması problemi məhz bu texnologiyalardan səmərəli istifadə ilə həll olunur. Nəticədə, əvvəlkindən daha bilikli, daha geniş dünyagörüşlü, xarici dillərə, dünyadakı proseslərə bələd olan gənclərin yetişdirilməsi mümkün olur.
Dünyada cərəyan edən mürəkkəb iqtisadi situasiyalara baxmayaraq, yeni texnologiyaların tətbiqi ilə XXI əsr insanının gələcəklə doğru daha nikbin olduğu görünməkdədir. Yeni elektron texnologiyaların tətbiqi ilə idarəetmə proseslərində yaranan şəffaflıq və dəqiqlik insanların rastlaşdıqları ənənəvi çətinliklərin həllində onlara yaxından kömək edir, daha çox yaradıcı və məhsuldar əməyə şərait yaradır. Bu mənada, son iyirmi ildə yeni texnologiyalar bizə nə qazandırdı? – deyə soruşsaq, bu, sadə naxçıvanlı üçün, hər şeydən əvvəl, şəhərlə kənd arasındakı kəskin sosial-mədəni fərqin aradan qalxması, insanların öz doğma yurd-yuvasında daimi olaraq məskunlaşması, məktəblərimizin, səhiyyə ocaqlarımızın, istehsal və xidmət müəssisələrinin daha keyfiyyətli iş görməsi ilə yadda qalıb. Dövlətimiz isə bu sahəyə çəkdiyi geniştutumlu xərclərin bəhrəsini, ümumilikdə, əhalinin sosial rifah halının yüksəlməsi və elm-iqtisadiyyat zəncirində əvvəlkindən daha etibarlı bağların yaradılmasında görür. Çünki yeni texnologiyalar daha dəqiq və daha keyfiyyətli elm-təhsil bazası və bunlardan istifadə edə bilən yetkin kadrlar tələb edən bir sahədir.
Əli CABBAROV