Ötən ayın mənzərəsinə nəzər yetirdikdə bir daha bunun şahidi oluruq
Müstəqil Azərbaycan Respublikası bugünkü mövcudluğunu və inkişafını xalqımızın ümummilli lideri Heydər Əliyevə borcludur. Müstəqilliyə, Milli Qurtuluşa gedən yolda Onun fəaliyyətinin Naxçıvan dövrü isə xüsusi əhəmiyyətə malikdir. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlayıb, 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldikdən sonra respublikamızı Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etməklə milli dövlətçilik irsimizə, milli prinsiplərimizə, tariximizə sahib çıxıb. Ümummilli liderin fəaliyyəti milli ideyanı gerçəkliyə və tarixi taleyə çevirib, Onun Vətənə sədaqət nümunəsi olan şərəfli həyatında ölkəmizə, həmçinin doğulub boya-başa çatdığı Naxçıvana bağlılığı, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbəti və ardıcıl qayğısı nəsillərə nümunə olub. Bütün Azərbaycan xalqı kimi, qədirbilən naxçıvanlılar da əvəzolunmaz liderin ölkəmiz naminə gördüyü bütün bu işləri heç vaxt unutmur, dahi şəxsiyyətin siyasi məktəbinin layiqli məzunları Onun əziz xatirəsini daim yad edir, Heydər Əliyev irsinin təbliğinə xüsusi diqqət yetirirlər. Məhz buna görədir ki, hələ sağlığında Naxçıvanda ulu öndərin abidəsi ucaldılıb, həyat və fəaliyyətinə həsr olunmuş muzey yaradılıb.
Hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikasında ümummilli liderin anadan olmasının 94-cü ildönümü təntənəli tədbirlərlə qeyd olunub.
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək ümummilli liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Ali Məclisin Sədri Heydər Əliyev Muzeyinə yeni eksponatlar təqdim edib.
Həmin gün Ali Məclisin Sədri muxtar respublikanın Əməkdar rəssamı Həbibə Allahverdiyevanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Rənglərdə zamanın təcəssümü” adlı fərdi rəsm sərgisinə baxıb.
Son illər milli və müasir memarlıq üslubunda inşa olunan çoxmənzilli ictimai yaşayış binaları qədim Naxçıvan şəhərinin arxitektura quruluşunu daha da zənginləşdirib, sakinlərin müasir və rahat mənzillərlə təminatına səbəb olub. Mayın 10-da – ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində 8 mərtəbədən ibarət yeni yaşayış binası istifadəyə verilib. İsti, soyuq və rütubətədavamlı izolyasiya qatına malik olan binada mənzillərin hər birinin ümumi sahəsi 240, yaşayış sahəsi isə 220 kvadratmetrdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb. Ali Məclisin Sədri binanın müasir mühəndis-texniki tələblər və iqlim şəraiti nəzərə alınaraq inşa olunduğunu bildirib, bundan sonra aparılacaq tikinti işlərində də bu amillərin nəzərə alınmasını tapşırıb.
Blokadanın yaratdığı ciddi çətinliklərə baxmayaraq, ötən illər ərzində böyük zəhmətlə, vətənpərvərliklə görülən genişmiqyaslı işlər, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikamız bu gün mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi dünyada şöhrət qazanır. Bu sırada beynəlxalq idman yarışlarının da yer alması muxtar respublikada həm də idman infrastrukturunun müasir dövrün tələbləri səviyyəsində qurulmasından və qədim diyarda idmanın sürətlə inkişaf etməsindən xəbər verir. Beynəlxalq tədbirlərin keçirilməsində qazanılan mükəmməl təcrübə bura gələn qonaqların da diqqətini cəlb edir, onlar hər il daha da böyük maraqla şahmat festivallarında iştirak edir, dünyada tanınan zəka sahiblərinin qədim diyara üz tutması Naxçıvanı özünəməxsus şahmat mərkəzinə çevirir.
Dünyanın idman ictimaiyyətinin diqqətini növbəti dəfə ölkəmizə yönəldən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ərəfəsində muxtar respublikada ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının keçirilməsi isə respublikamızın qlobal idman arenasında özünəməxsus yer tutduğunun göstəricisi kimi qiymətləndirilir. Beynəlxalq Şahmat Festivalının yüksək səviyyədə baş tutması, mötəbər idman yarışlarının Bakı şəhəri ilə yanaşı, qədim diyarda da keçirilməsi üçün geniş imkanların olduğunu bir daha göstərib.
Mayın 3-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tədbirdə iştirak ediblər.
Beynəlxalq Şahmat Festivalında 10 ölkədən 300-dən artıq şahmatçı iştirak edib. İsveçrə sistemi üzrə keçirilən festivalda iştirak edən şahmatçılar arasında 16 beynəlxalq qrossmeyster və 17 beynəlxalq şahmat ustası da olub.
Mayın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov ilə görüşüb.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin bugünkü inkişafı iki ölkə arasında daim güclənən strateji tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə yüksəlməsində xüsusi rol oynayır. Bu gün muxtar respublikalar arasında ticarət-iqtisadi, təhsil, səhiyyə və digər sahələrdəki əməkdaşlıq müasir dövrün çağırışlarına uyğun olaraq sürətlə inkişaf edir. Bu əlaqələrin möhkəmlənməsində məhz Naxçıvanın göstərdiyi təşəbbüslər həlledici rol oynayıb. 2012-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Gürcüstanın Acarıstan Muxtar Respublikasına 3 günlük səfəri ikitərəfli əlaqələrin inkişafının başlanğıcı olub. Ötən il iyunun 11-də Acarıstan Muxtar Respublikasının nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlməsi münasibətlərin inkişafına yeni dinamika qazandırıb.
Səmərəli əməkdaşlığın inkişafında xüsusi rol oynayan qarşılıqlı səfərlər bu il də davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfərə gedib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 5-də Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşüb. Ali Məclisin Sədri Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfərə dəvətə, eləcə də göstərilən diqqət və qonaqpərvərliyə görə Zurab Pataradzeyə təşəkkür edib, yenidən Batumidə olmaqdan məmnunluğunu bildirib.
Söhbət zamanı Naxçıvan və Acarıstan Muxtar respublikaları arasında əlaqələrin inkişaf perspektivləri, Naxçıvan ilə Batumi arasında birbaşa çarter reyslərin açılması, regionda aparıcı tur-operatorların əlaqələrinin və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, logistik mərkəzlərin yaradılması, turist axınının artımı və qarşılıqlı maraqdoğuran digər məsələlər müzakirə olunub.
Görüşlərin nəticəsi bir daha deməyə əsas verir ki, muxtar respublikalar arasındakı əlaqələr inkişaf edir. Gələcəkdə iş adamları arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının müzakirə olunması üçün Naxçıvan və ya Batumi şəhərlərində ikitərəfli görüşlərin keçirilməsi isə əlaqələrin yeni mərhələdə inkişafına əsaslı təsir göstərəcək. Bu gün Naxçıvan Dövlət Universiteti ilə Batumi Dövlət Universiteti arasında əməkdaşlıq, acarıstanlı uşaqların müalicə üçün Naxçıvana, Duzdağ Fizioterapiya Mərkəzinə gətirilməsi əlaqələrin inkişafına, insanlarımız arasında ünsiyyətin daha da möhkəmlənməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Acarıstan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində mayın 6-da Şota Rustaveli adına Batumi Dövlət Universitetində olub.
Ali Məclisin Sədri Azərbaycan-Gürcüstan təhsil və elmi əlaqələrinin inkişafına göstərdikləri səylərə görə universitetin professor-müəllim heyətinə təşəkkür edib. Sonra Ali Məclisin Sədri Batumi Dövlət Universitetində fəaliyyət göstərən “Heydər Əliyev-Azərbaycanşünaslıq Mərkəzi” və “Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyası ilə tanış olub.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Gürcüstanın Acarıstan Muxtar Respublikasına rəsmi səfəri başa çatıb.
Ötən ay ölkəmizdə, o cümlədən muxtar respublikamızda faşizm üzərində tarixi Qələbənin 72-ci ildönümü qeyd olunub. Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfələr verib, cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onlar arasında çox sayda naxçıvanlı da olub. Naxçıvanlılar müharibədə qəhrəmancasına döyüşüb, qələbənin qazanılmasında öz töhfələrini veriblər. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb, göstərdikləri igidliklərə görə 3 naxçıvanlı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 600-ə yaxını orden və medallarla təltif olunub.
Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gələrək Böyük Vətən müharibəsi veteranları ilə görüşüb, onları alman faşizmi üzərində qələbənin 72-ci ildönümü münasibətilə təbrik edib.
Ali Məclisin Sədri kompleksdəki abidənin önünə tər gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə dərin ehtiramını bildirib.
Blokada vəziyyətində yaşayan Naxçıvanın qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olması və ən əsası, bu inkişafın davamlılığını təmin etməsi böyük uzaqgörənliklə müəyyənləşdirilmiş iqtisadi strategiyanın nəticəsində mümkün olub. Bu gün muxtar respublikanın inkişafında yaxından iştirak edənlərin, öz fəaliyyətləri ilə fərqlənənlərin, ulu öndərin yoluna, dövlətçiliyə töhfələr verənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin, Azərbaycan Respublikası Prezidentinin mükafatının təqdimat mərasimi keçirilib.
Ali Məclisin Sədri təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü və Qələbə bayramı münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini, Azərbaycan Respublikası Prezidentinin mükafatını təqdim edib.
Muxtar respublikanın sosial-iqtisadi inkişafı və mövcud turizm imkanları tələbata uyğun yeni xidmət sahələrinin yaradılmasını zərurətə çevirir. Aparılan quruculuq işlərində bu amil əsas götürülür, müasir xidmət sahələri istifadəyə verilir. Mayın 10-da Naxçıvan şəhərində yeni xidmət sahəsi – “İdeal” ətriyyat və kosmetika mağazası fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri yeni xidmət sahəsinin yaradılmasında əməyi olanlara təşəkkür edib, xidmət sahəsinin fəaliyyətinin təşkili ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.
Sürətli sosial-iqtisadi yüksəlişi ilə diqqətləri üzərinə cəlb edən Naxçıvan Muxtar Respublikasına, demək olar ki, hər ay dünyanın nüfuzlu dövlətlərinin səlahiyyətli nümayəndələri səfər edir, muxtar respublikanın iqtisadi inkişafı, qədim tarixi, füsunkar təbiəti, yaradılmış möhtəşəm infrastrukturu ilə tanış olurlar, əlaqələrin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparırlar.
Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski, mayın 18-də Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, mayın 23-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav və həmin gün Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım İvana Duarte ilə görüşüb. Görüşlərdə gələcək əməkdaşlıq imkanları ətraflı müzakirə olunub.
Ötən ay Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib. Mayın 30-da Naxçıvan Muxtar Respublika Stadionunda “Araz-Naxçıvan” və “Mərkəzi Ordu İdman Klubu” arasında futbol üzrə “Heydər Əliyev kuboku”nun son turunun görüşü olub.
Ali Məclisin Sədri turnirin son oyununu izləyib.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Muxtar respublika rəhbəri futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirin qalibi olan “Mərkəzi Ordu İdman Klubu”na qızıl medalları və kuboku təqdim edib.
Ali Məclisin Sədri turnirdə mübarizə aparan komandaların oyunçuları ilə görüşüb, onlara təşəkkürünü bildirib və komandalarla xatirə şəkli çəkdirib.
Yüksək iqtisadi potensiala malik muxtar respublikada bu gün bütün dövlət proqramları, infrastruktur layihələri uğurla həyata keçirilir, irimiqyaslı quruculuq, abadlıq işləri aparılır. Muxtar respublikada aqrar siyasət, sənayeləşmə uğurla reallaşdırılır, kəndlər abadlaşır, şəhərlər daha da inkişaf edir, əhalinin sosial problemləri həll olunur. Bu gün muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri Avrasiyanın inkişaf etmiş regional mərkəzləri ilə müqayisə olunur. Müasir Naxçıvan dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik ideallarının işığında yaradıcı təfəkkürün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq inkişaf edən bir diyar kimi şan-şöhrət qazanmaqdadır. Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyevin siyasi xəttinin təntənəsinin əsaslı nümunələrindən biridir.
Ali Məclis Sədrinin qeyd etdiyi kimi: “Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu ölkəmizdə davam etdirilir, yaşadılır. Azərbaycanda Heydər Əliyev yoluna alternativ yoxdur. Heydər Əliyev yolu dövlətçilik, dövlət-xalq birliyi, müstəqillik və inkişaf yoludur. Azərbaycan dövlətinin inkişafı, müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, xalqımızın firavan həyatının təmin olunması ulu öndər Heydər Əliyev yolunun bəhrəsidir”.
Rauf KƏNGƏRLİ