İyunun 2-də Naxçıvan Dövlət Universitetində “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” kitabının təqdimatı olub.
Tədbiri giriş sözü ilə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” adlı yeni dərs vəsaiti enerji təhlükəsizliyi məsələlərini formalaşdıran amillərin təhlili, enerji resurslarının nəqli sahəsində beynəlxalq-hüquqi əməkdaşlıq məsələlərinin izahı, eyni zamanda regional dövlətlərin enerji təhlükəsizliyinin hüquqi aspektləri baxımından mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Yusif Hüseynov bildirib ki, bu gün təqdimatına yığışdığımız “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” adlı 264 səhifədən ibarət genişhəcmli monoqrafiya 1 giriş, 3 fəsil, 11 yarımfəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Giriş hissədə mövzunun aktuallığı əsaslandırılır, tədqiqatın məqsəd və vəzifələri, onun əsas yeni elmi və praktik əhəmiyyəti izah edilir. Monoqrafiyanın “Region dövlətlərinin enerji təhlükəsizliyi siyasəti və onun uzlaşdırılması üzrə əməkdaşlığın beynəlxalq-hüquqi formaları” adlanan I fəslində region dövlətlərinin enerji resurslarının beynəlxalq enerji təhlükəsizliyi üçün əhəmiyyəti, Xəzər regionu dövlətlərinin milli maraqları və beynəlxalq-hüquqi əməkdaşlığın xüsusiyyətləri, regional enerji təhlükəsizliyi üzrə əməkdaşlığın beynəlxalq-hüquqi prinsipləri, enerji təhlükəsizliyi sferasında region dövlətlərinin milli konsepsiyaları və onun qanunvericilik əsası məsələləri təhlil edilir. Monoqrafiyanın II fəsli isə “Regional energetika əməkdaşlığının həyata keçirilməsində Azərbaycan Respublikasının qanunvericiliyi” adlanır və 4 paraqrafdan ibarətdir. Bu fəsildə Azərbaycan Respublikasının energetika siyasəti və onun qanunvericilik əsası beynəlxalq-hüquqi əməkdaşlığın əsası kimi səciyyələndirilir, Azərbaycan Respublikasının energetika qanunvericiliyinin əsas xüsusiyyətləri, energetika sahəsində regional əməkdaşlığın beynəlxalq-hüquqi formaları tədqiqata cəlb olunur.
Qeyd olunub ki, monoqrafiyanın 3 yarımfəsildən ibarət III fəsli “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətində Naxçıvan Muxtar Respublikasının yeri” adlanır. Burada Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyəti və onun energetika sisteminin hüquqi əsasları, elektrik enerjisinin nəqlində beynəlxalq-hüquqi əməkdaşlıq, təbii qazın nəqlində dövlətlərarası əməkdaşlığın beynəlxalq-hüquqi məsələləri araşdırılır. Monoqrafiyada həmçinin tədqiqatla əlaqədar əldə edilmiş mühüm təklif və ümumiləşdirmələr irəli sürülür, o cümlədən bunların beynəlxalq və dövlətdaxili normativ hüquq sistemi üçün nəzəri-praktik əhəmiyyəti qeyd olunur.
Bildirilib ki, monoqrafiyada müasir qloballaşan dünyada enerji resursları, xüsusən karbohidrogen ehtiyatlarına sahib olmaq, onların ixrac və idxalına nəzarət geosiyasi maraqların, dövlətlərarası əməkdaşlığın xüsusi diqqət mərkəzinə çəkilib. Monoqrafiyada bu istiqamətdə kompleks məsələlərin təhlili müəllifin yaradıcılığının əsas istiqamətini təşkil edir. Belə ki, mövzunun beynəlxalq-hüquqi aspektləri ilə yanaşı, onun milli-iqtisadi, sosial, insan təhlükəsizliyinin təminatı, həmçinin regionun sabit və davamlı inkişaf aspektləri də təhlil olunur. Bu sahədə investisiya problemlərinin mövcudluğu, enerji resurslarından istifadənin neqativ nəticələr doğura bilən tərəfləri, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın ön plana çəkilməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan hasilatçı və tranzit dövlətlərin statusuna dair kompleks məsələlər elmi cəhətdən əsaslandırılır. Belə enerji təhlükəsizliyi ilə bağlı münasibətlər tənzimetmə obyekti olaraq həm dövlətlərarası, həm də dövlətlə hüquqi və fiziki şəxslər arasında baş verən münasibətləri birləşdirir.
Yusif Hüseynov vurğulayıb ki, bütövlükdə monoqrafiyanın elmi yeniliyi enerji təminatına yaranan təhdidlərin qarşısının alınması üçün beynəlxalq hüququn norma və prinsiplərinin kompleks şəkildə analizində ifadə edilir. Monoqrafiyanın nəzəri-praktiki əhəmiyyəti ondan ibarətdir ki, müəllifin bəzi təklif və tövsiyələrindən Azərbaycan dövlətinin enerji təhlükəsizliyi əlaqələrində praktik tətbiq məqsədilə və Azərbaycan Respublikasının qanunvericiliyi üçün maraq kəsb edən beynəlxalq enerji münasibətləri ilə bağlı ayrı-ayrı beynəlxalq-regional-milli hüquqi aktların norma və müddəalarının implementasiyasında istifadə oluna bilər.
Naxçıvan Dövlət Universiteti Fiziki energetika kafedrasının müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Şəmsəddin Kazımov və universitetin Hüquq fənləri kafedrasının müəllimi Reyhan Sadiqova Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətinin energetika sisteminə təsiri və regional dövlətlərin enerji təhlükəsizliyinin hüquqi aspektləri mövzusunda çıxış ediblər. Çıxış edənlər monoqrafiyanın tədqiqatçı alimlər, müəllimlər və tələbələr üçün faydalı olacağını bildirərək müəllifi yeni nəşr münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov yeni dərs vəsaitinin nəşrində əməyi olanlara minnətdarlığını bildirib.
Tədbirə Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov yekun vurub.
Səbuhi HƏSƏNOV