Mayın 30-da Naxçıvan Musiqi Kollecində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirmişdir ki, yeni nəşr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən, yüksək səviyyədə hazırlanaraq işıq üzü görmüşdür. Aid dövlət orqanlarının əlaqəli şəkildə fəaliyyətinin nəticəsi olan atlasda təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin və digər infrastruktur obyektlərinin mühafizəsi, təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda atlasda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilmişdir.
Qeyd edilmişdir ki, elm və texnologiyanın inkişafı ilə səciyyələnən müasir dövrümüzdə fövqəladə halların yaranma riski artmışdır. Fövqəladə hal risklərinin artması insanların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi işini mühüm vəzifəyə çevirmişdir. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri böyük əhəmiyyət kəsb edir. Yeni nəşr muxtar respublika ərazisində ehtimal edilən təbii, texnogen xarakterli fövqəladə hallar, aqroiqlim təhlükələri və sosial-bioloji risklər haqqında ensiklopedik məlumatları, elmi bilikləri özündə ehtiva edən normativ-metodik və tənzimləmə xarakterli vəsaitdir. Atlas hazırlanarkən mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində normativ-hüquqi aktlara istinad edilmiş, statistik məlumatlardan, arxiv sənədlərindən, müvafiq xəritə və sxemlərdən istifadə olunmuşdur. Bu isə, öz növbəsində, muxtar respublikanın hər bir sakininin yaşadığı ərazidə baş vermiş təbii və texnogen fəlakətlər haqqında müfəssəl məlumat əldə etməsi deməkdir.
Diqqətə çatdırılmışdır ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə nəşr olunan atlas fövqəladə halların qarşısının alınmasına və mülki müdafiə işinin təşkilinə öz töhfəsini verəcəkdir.
Nazir çıxışının sonunda “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşrinə göstərdiyi hərtərəfli dəstəyə və yüksək dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyəti sədrinin müavini Şamı Abdullayev, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin üzvü Hafiz Yaqubov, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, Naxçıvan Musiqi Kollecinin Fövqəladə Hallar Komissiyasının sədri Vüsal Camalov çıxış etmişlər.
Əli RZAYEV