Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Vətəndaşların dövlət qulluğuna qəbulunun yeni qaydaları” mövzusunda seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi (Dövlət qulluğuna qəbul) Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli Qanunu ilə dəyişdirilərək yeni redaksiyada verilmişdir. Qanunun muxtar respublikada icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası” və “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın forması” təsdiq edilmişdir.
İsmayıl Qəribli qeyd etmişdir ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə vətəndaşların dövlət qulluğuna qəbulunda bir sıra yeniliklər olmuşdur. Bugünkü seminarın məqsədi dövlət qulluğuna qəbulun yeni qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılması və tətbiqinin təmin edilməsidir.
Daha sonra komissiyanın sektor müdiri Türkan Gülməmmədli inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul, test imtahanının məzmunu, imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların sahələr və çətinlik dərəcəsi üzrə növü və bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal, həmçinin inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq namizədin dövlət qulluğu vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat haqqında yeni qaydaları izah etmişdir.
Slaydlarla müşayiət olunan çıxışlardan sonra seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti