26 Dekabr 2024, Cümə axşamı

Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin ilkin variantı 1919-cu ildə Azərbaycan Xalq Mətbəəsində nəşr olunmuş “Milli nəğmələr” kitabında “Vətən marşı” adı ilə dərc edilmişdir. Həmin marş “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Müvafiq Konstitusiya qanunları və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə” ilə dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi, dövlət himninə dərin ehtiram bəsləmək isə onun hər bir vətəndaşının vətənpərvərlik borcu kimi təsbit olunmuşdur. 

Milli dövlət qurmaq hər bir xalqın ən böyük və ülvi arzularından biridir. Lakin dünya xalqlarının heç də hamısı milli dövlətini qura və ya qoruyub saxlaya bilməmişdir.
Qədim dövlətçilik ənənələri, milli dəyərlər xalqları, millətləri bir-birlərindən fərqləndirən ən üstün keyfiyyətlərdir. Azərbaycan xalqının da özünəməxsus zəngin milli dəyərləri vardır – dilindən, musiqisindən, folklorundan, himnindən, gerbindən, bayrağından tutmuş dünya şöhrətli şəxsiyyətlərinə qədər. Bu mənada, Azərbaycan xalqının milli dəyərlərindən ən alisi, müqəddəsi, heç şübhəsiz, əbədi qürur yerimiz olan üçrəngli bayrağımız, gerbimiz, himnimizdir. Bu gün Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycançılıq ideologiyasının parlaq rəmzinə çevrilib.

Qeyd edək ki, “himn” sözü beynəlxalq dövlətçilik terminologiyasına görə “dövlət tərəfindən qəbul edilən milli müstəqillik və milli birlik rəmzi olan təntənəli musiqi əsəri, nəğmə, marş” mənasını ifadə edir. Həmin termin Azərbaycan dilində də eyni mənanı daşıyır. Dövlət himni müstəqilliyin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində və mövcud qanunvericiliklə müəyyən edilən digər hallarda həmişə ayaqüstə, yüksək vətənpərvərlik hissi ilə, qürurla oxunur və dinlənilir. Himn həmişə dövlət bayrağı ilə bərabər tutulur.
Himni obrazlı şəkildə hər bir dövlətin musiqi bayrağı da adlandırırlar. Təsadüfi deyildir ki, bir çox dövlətlərdə əsas dövlətçilik atributları məhz təkcə bayraq və ya himndən ibarətdir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət himni haqqında demişdir: “1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz, qanunla istifadə etdiyimiz dövlət himnidir. O vaxt vətənpərvər insanlar bu sahədə gözəl iş görmüşlər. Himnimizin sözləri də bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir”.
Dövlət himnimiz istər ideya məzmun, istərsə də musiqisinin zənginliyi baxımından milli ideologiyamızın aparıcı amili olan Azərbaycançılığı, Vətənçiliyi, Vətən sevgisini və vətənpərvərlik hisslərini, dövlət müstəqilliyini, Vətənə, millətə, dövlətə, dövlətçiliyə sədaqət ideyasını parlaq şəkildə əks etdirir.
Azərbaycan marşlarının melodiyası sadə, yaddaqalan olmaqla yanaşı, məzmun baxımından da coşqun və mübariz ruhludur. Dövlət himnimizdə də əsərin şeriyyəti musiqi ritminə tabe edildiyindən, onun musiqisi səslənən kimi himnin mətni sanki bulaq suyu kimi çağlayır. Onun əzəməti, coşqunluğu, mübariz ruhu da məhz musiqi ilə qəlblərə yol tapır. İnsanların qanını Vətən sevgisi, millət duyğusu ilə coşdurur, adamları doğma Azərbaycanın birliyi, bütövlüyü, bölünməzliyi uğrunda mübarizəyə səsləyir. Himnimiz səslənəndə hər birimizdə milli ruh yüksəlir, vətənpərvərlik, milli iftixar və qürur hissi coşub-daşır.
Azərbaycan Respublikası Dövlət Himninin mətni dərsliklərin birinci səhifəsində dərc olunur. Ümumtəhsil, texniki peşə, orta ixtisas və ali məktəblərdə yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə və ifasına həsr edilir. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində dövlətçiliyimizin əsas atributlarına, o cümlədən dövlət himnimizə hörmət etmək hər bir azərbaycanlının müqəddəs borcu hesab olunub. Hamımız bu borc hissini dərk və icra etməliyik.
Sözləri istiqlal şairi Əhməd Cavada, musiqisi görkəmli bəstəkar Üzeyir Hacıbəyova məxsus olan himnimizdə Azərbaycan xalqının və Vətən tarixinin səhifələri canlandırılır. Gənclərin tərbiyəsində mühüm rol oynayan himnimizin sözlərində həm qəhrəmanlıq tərənnüm olunur, həm də Vətənin qorunması uğrunda gənclərin hər zaman mücadiləyə, yeri gələndə şəhid olmağa, qurban getməyə hazır olmaq əzmi göstərilir. Bu gün uşaqdan tutmuş böyüyə qədər hər kəs himnimizi əzbər bilir, sevə-sevə oxuyur. Hər bir azərbaycanlı dövlət himnimizi ali mənəvi irs kimi dəyərləndirir, dövlət atributu kimi ona dərin ehtiram bəsləyir. Bu, bizim ən böyük tarixi uğurumuzdur. Çünki dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, Azərbaycançılıq ideologiyasını özündə əks etdirən dövlət himnimiz Vətəni, xalqı, dövləti qəlbən sevməyi, dövlət müstəqilliyi naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR