1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, həmin gün öz müstəqilliyinə qovuşdu. Birinci Dünya müharibəsinin gedişində Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi. Həmin dövrdə Çar Rusiyasının ağır vəziyyətə düşməsi, eyni zamanda imperiya mərkəzində baş vermiş inqilab imperiyanın müstəmləkələrində yaşayan xalqların azadlıq uğrunda mübarizəyə qalxması ilə nəticələnmişdi. 1918-ci ilin fevralında yaradılmış Zaqafqaziya seymi həmin il may ayının 25-də dağıldıqdan sonra mayın 27-də seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplaşdı. Fraksiya Azərbaycanın idarə olunmasını öz üzərinə götürərək Azərbaycan Milli Şurasını yaratdı. Milli Şuranın mayın 28-də keçirilən tarixi iclasında qəbul edilən 6 maddədən ibarət İstiqlal Bəyannaməsi ilə Azərbaycanın dövlət müstəqilliyi elan olundu. Bəyannamədə bildirilirdi ki, Azərbaycan tamhüquqlu müstəqil dövlət, onun idarə forması isə xalq cümhuriyyətidir.
1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti soyqırımı taleyini yaşamış Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Belə ki, hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra təcili olaraq dövlət quruculuğu prosesinə başlandı. Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm bir hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması, eləcə də xarici müdaxilənin qarşısının alınması üçün ordu quruculuğuna yönəltmişdi. İyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə ordu quruculuğu istiqamətində mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Birinci Dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində bütün türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırımı cinayətlərini araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etməli idi. 1918-ci il noyabrın 9-da mavi, qırmızı və yaşıl zolaqlı, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan bayraq dövlət bayrağı kimi qəbul edildi. Müstəqil respublikanın dövlət himninin qəbulu, eləcə də Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması da Cümhuriyyət hökumətinin uğurlu islahatlarından biri kimi böyük əhəmiyyət kəsb edirdi. 1918-ci il iyunun 27-dən iyulun 1-dək Göyçay ətrafında birləşmiş türk-Azərbaycan hərbi qüvvələri ilə Xalq Komissarları Sovetinin hərbi qüvvələri arasında gedən döyüşlərin nəticəsində Bakı sovetinin hərbi qüvvələri məğlub olmuş və onların Gəncə üzərinə hücumları dəf edildi. Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu iyun-avqust aylarında Gəncədə, Yevlaxda, Göyçayda və digər bölgələrdəki ağır döyüşlərdə bolşevik-daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil olmuş, Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etmişdir. Beləliklə, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, özbaşınalıqlara son qoyulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçmüş, mühüm dövlət təsisatları burada yerləşdirilmiş, ölkədə dövlət quruculuğunun əsas mərhələsinə başlanılmışdır.
Hökumət parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına uyğun olaraq Müəssislər Məclisinin çağırılması üçün bir sıra tədbirlər həyata keçirsə də, ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyət parlamentə seçkilər keçirməyi çətinləşdirirdi. Milli hökumət Azərbaycan parlamentini mümkün qədər tez formalaşdırmağa çalışırdı. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq, ali hakimiyyət orqanı kimi “Azərbaycan parlamentinin yaradılması haqqında” Qanun layihəsini hazırlamış və həmin il noyabrın 19-da bu qanunu qəbul etmişdir.
Milli Şura tərəfindən təşkil edilmiş parlamentin 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında təntənəli açılışı olmuşdur. İlk parlamentin sədri Əlimərdan bəy Topçubaşov, onun birinci müavini isə Həsən bəy Ağayev seçilmişdir. Dövrün bütün çətinliklərinə baxmayaraq, parlament 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə Azərbaycan dövlətçiliyi tarixində dərin iz qoymuşdur. Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilmiş, parlamentin işində Azərbaycanın ziyalı və ictimai fəal qadınları iştirak etmişlər. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan müstəqil dövlət kimi tanınmışdır. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi dövr ərzində 20-dən çox dövlətlə diplomatik əlaqələr yaratmışdır.
Ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyəti bütün imkanlardan istifadə edərək taleyüklü məsələlərin həllinə çalışırdı. Cümhuriyyətin ölkəmizin ərazi bütövlüyünü qorumağa yönəlmiş tədbirlərindən biri də Naxçıvan məsələsi idi. Çünki o dövrdə Naxçıvan ağır illər yaşayırdı. Naxçıvan həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif maraqların toqquşduğu nöqtələrdən birinə çevrilmiş, mənfur ermənilərin Naxçıvana hücumları vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Naxçıvan əhalisi regionun Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inamla mübarizə aparırdı. Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli Naxçıvanın Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün siyasi, diplomatik, maddi və mənəvi vasitələrdən istifadə edir, qəhrəman naxçıvanlıların fəaliyyətini yüksək qiymətləndirirdilər.
Fətəli xan Xoyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün öz həyatları və ailələri ilə risk edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. Nəsib bəy Yusifbəyli 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışında Naxçıvanın öz qüvvələri ilə istilaçıları devirərək, Azərbaycanla birləşməyə hazır olduğunu bildirərək demişdir: “İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti bütün vasitələrdən istifadə edərək Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş, bu istiqamətdə diplomatik danışıqlar aparılmışdır. Ancaq ölkədə yaranmış mürəkkəb ictimai-siyasi və hərbi vəziyyət bəzi hallarda hökumətin öz məqsədlərinə tam çata bilməməsinə səbəb olmuşdur. Beləliklə, naxçıvanlıların igidliyi və qəhrəmanlığı sayəsində bu qədim diyar Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bu qısa tarixi dövr Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycanın Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər – Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı”.
Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir. Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoymuşdur. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. Bu cümhuriyyət, eyni zamanda bütün Şərqdə, o cümlədən Türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçildiyi 1969-cu ilin 14 iyulu isə ölkəmizi həqiqi müstəqilliyə aparan yolun başlanğıcı olmuşdur. Görkəmli dövlət xadiminin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində həyata keçirilmiş tədbirlər ölkəmizin XX əsrin 90-cı illərində müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır. Ötən əsrin sonlarında Azərbaycan yenidən öz istiqlaliyyətini bərpa etmək imkanı əldə etmişdir. Lakin ötən əsrin əvvəllərində olduğu kimi, əsrin sonlarında da mühüm coğrafi-strateji mövqeyi olan ölkəmiz məhvolma təhlükəsi ilə üz-üzə qalmışdı. Erməni daşnakları tərəfindən hərbi təcavüzə məruz qalmış respublikamızda çox təhlükəli vəziyyət yaranmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə etmişdir: “Bütün tarix boyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.
1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ulu öndərimizin təşəbbüsü ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur. Həmin qərarlara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunmuş və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda qaldırılmışdır.
Ümummilli liderimiz Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik arzularını daha da gücləndirdiyini bildirmişdir. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətini yaratmışdır. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacarmış, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülmüşdür. Dahi şəxsiyyət Heydər Əliyevin böyük siyasi təcrübəsi, qətiyyəti və misilsiz xidmətləri nəticəsində Azərbaycan nəinki öz müstəqilliyini qorumuş, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasında varislik əlaqəsini təmin etmişdir.
Bu gün Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan gündən-günə daha da güclənir, beynəlxalq arenada ciddi tərəfdaş kimi qəbul olunur. Artıq Azərbaycan hərtərəfli inkişafı və nüfuzu sayəsində Şərqlə Qərb arasında çoxtərəfli əlaqələrin inkişafına əhəmiyyətli təsir göstərir, dünyada sülhün, tolerantlığın təminatçısı kimi çıxış edir. Bütün bunlar ümummilli liderimizin 1969-cu ildən əsasını qoyduğu və 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizə rəhbərliyə gəlişindən sonra davam etdirdiyi siyasi xəttin, müstəqil dövlətçilik ideyalarının bəhrəsidir. Ölkə Prezidentinin dediyi kimi: “1993-cü il əslində real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və möhkəmləndirilmişdir. 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim edir”.
“Şərq qapısı”