26 Dekabr 2024, Cümə axşamı

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusuna həsr olunub.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, bununla bağlı arxiv sənədlərində və materiallarında əks olunan məlumatların xalqımıza çatdırılması istiqamətində ulu öndərimiz Heydər Əliyevin göstərdiyi xidmətlərdən söz açıb. İsmayıl Hacıyev milli tarixi yaddaşımızın bərpa edilməsi istiqamətində ümummilli liderin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” 1998-ci il yanvarın 30-da və “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” 2003-cü il fevralın 1-də imzaladığı sərəncamlarını xatırladıb, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı Sərəncamın əhəmiyyətini qeyd edib.

Bildirilib ki, ulu öndər hər zaman xalqımızın dövlətçilik tarixində parlaq rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin, cümhuriyyət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət verib, müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib.
Lektoriyada bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Sonra bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərlinin mövzu ilə bağlı çıxışı dinlənilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

*   *  *

28 May – Respublika Günü ilə əlaqədar “Naxçıvan” Universitetinin Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq bildirib ki, 1918-1920-ci illərdə Azərbaycan bütün müsəlman Şərqində ilk demokratik respublika formasında dünyəvi dövlət qurub. Bu respublika ölkəmizin çoxəsrlik tarixi inkişafının, milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi.
Konfransda ali təhsil ocağının Ümumi tarix kafedrasının müəllimlərindən Elçin Zamanovun “XX yüz­illiyin əvvəllərində Cənubi Qafqaz böyük dövlətlərin planlarında”, Vaqif Hüseynovun “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” və Tarix müəllimliyi ixtisasının II kurs tələbəsi Sərxan Mustafayevin “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzularında çıxışları dinlənilib.
Qeyd olunub ki, 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün əzizdir. Çünki cümhuriyyətin yaradılması odövrkü şəraitdə Azərbaycan milli azadlıq hərəkatının böyük nailiyyəti, tarixi dövlətçiliyimizin uğurlu nəticəsi idi. Demokratik respublikanın yaranması ilə birlikdə Azərbaycan xalqının, onun mütəfəkkir insanlarının müstəqilliklə bağlı arzu və istəkləri də reallaşıb.
Vurğulanıb ki, bu gün müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutub. 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər həyata keçirilib, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilib, dövlətimiz strateji inkişaf yoluna çıxarılıb. Bu gün Prezident cənab İlham Əliyev ümummilli liderimizin yolunu uğurla davam etdirir. Ölkəmizdə və muxtar respublikamızda aparılan iqtisadi və sosial islahatlar öz bəhrəsini verir. Bu gün muxtar respublikada görülən məqsədyönlü işlər nəticəsində doğma diyarımız inkişaf dövrünü yaşayır. Son illərdə Naxçıvanın qazandığı uğurlar ulu öndər Heydər Əliyev ideyalarının gerçəkləşdiyini, onun arzularının həqiqətə çevrildiyini bir daha təsdiqləyir.
Qeyd edək ki, Respublika Günü ilə əlaqədar “Naxçıvan” Universitetində müəllim və tələbələrin rəsm və əl işlərindən ibarət sərgi də təşkil olunub. Ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev sərginin açılışında çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışıb, təşkil edilən belə sərgilərin önəmini vurğulayıb.
Sərgidə müəllim və tələbələrin 100-ə yaxın rəsm əsəri, eləcə də 50-yə yaxın əl işi nümayiş etdirilir. Muxtar respublikada keçirilən müxtəlif müsabiqələrdə mükafat və diplomlara layiq görülən rəsm əsərləri sərgidə yer alıb.

Nuray ƏSGƏROVA

*  *  *

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində 28 May – Respublika Günü münasibətilə açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan Tibb Kollecinin tələbələri iştirak ediblər.
Tədbirdə mərkəzin elmi katibi Emin Məmmədov 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, xalqımızın tarixində mühüm rol oynadığını diqqətə çatdırıb.
Bildirilib ki, xalqımız daim öz qəlbində azad yaşamaq, müstəqil dövlətin vətəndaşı olmaq ümidini yaşadıb və bu yolda çətin mübarizələrdən keçib. Azərbaycanın müstəqilliyə gedən yolu çox çətin və keşməkeşli olub. Tarixi şərait nəticəsində ötən əsrin əvvəllərində –1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə müstəqil Azərbaycan dövlətinin yaradıldığı bütün dünyaya bəyan edilib. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya Aktının qəbulu ilə Xalq Cümhuriyyəti forması elan olunub.
Qeyd edilib ki, Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaq kimi ali prinsipləri özündə ehtiva edən İstiqlal Bəyannaməsi yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca istiqamətlərini də müəyyənləşdirib. Yeni yaradılan dövlət mürəkkəb bir şəraitdə fəaliyyət göstərib, beynəlxalq aləmdə baş verən hərbi-siyasi dəyişikliklər nəticəsində yalnız 23 ay yaşaya bilib. Tarix üçün çox qısa bir zaman kəsiyində fəaliyyət göstərən Xalq Cümhuriyyətinin gördüyü işlər xalqımızın milli dövlətçilik məfkurəsinin formalaşmasında və inkişafında silinməz izlər buraxıb. Sonrakı dövrlərdə də kommunist rejiminin həyata keçirdiyi sərt, amansız tədbirlər, qeyri-insani, ağlasığmaz cinayətlər xalqımızın istiqlal əzmini qıra bilməyib. Zor gücünə yaradılmış sovet imperiyasını qorxu, xof ilə qoruyub saxlamaq mümkün olmayıb. 1991-ci ildə SSRİ dağılıb və Azərbaycan xalqı öz milli dövlətçiliyini yenidən bərpa edib. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gələndən sonra respublikamızı Xalq Cümhuriyyətinin hüquqi varisi elan edib.
Daha sonra Naxçıvan Tibb Kollecinin tələbələrinə mərkəzin fəaliyyəti haqda məlumat verilib.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR