Mayın 23-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.
Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, həmin dövrdə müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasından, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının tanınmasından, qadınlara seçki hüququnun verilməsindən və digər tədbirlərdən bəhs etmişdir. Baş konsul ötən əsrin sonlarında xalqımızın ikinci dəfə müstəqillik qazandığını və bu zaman üzləşdiyi çətinlikləri diqqətə çatdırmış, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarının yaradıldığını qeyd etmişdir. Bildirilmişdir ki, dahi şəxsiyyət xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz düşdüyü bəlalardan xilas olmuş, Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılmış və əbədi xarakter almışdır. Bu gün ulu öndərin siyasi xətti Azərbaycanda davam etdirilir, dünya ölkələri ilə münasibətlər genişləndirilir. Dost və qonşu dövlət olan İranla əlaqələrin inkişafı da bu mənada mühüm əhəmiyyət daşıyır. Son illər hər iki ölkə prezidentinin həyata keçirdiyi rəsmi səfərlər, imzalanan sənədlər, göstərilən qarşılıqlı dəstək əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
28 May – Respublika Günü münasibətilə təbriklərini çatdıran İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti valisinin müavini Səid Şəbüstəri İran-Azərbaycan əlaqələrinin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafından və IV İslam Həmrəyliyi Oyunlarının açılışından bəhs edən film nümayiş olunmuş, Azərbaycan xalq mahnıları səslənmiş, ziyafət verilmişdir.
Rəsmi qəbulda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
“Şərq qapısı”