26 Dekabr 2024, Cümə axşamı

Mayın 25-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barəsində tədbir keçirib. 

Dövlət Baş Sığorta Agent­liyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikada ümumi sosial-iqtisadi inkişafın nəticəsi kimi sığorta sahəsində görülmüş işlərdən danışıb, sığortanın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası da bu baxımdan vacibdir. Ona görə də bu sahədə təbliğat-maarifləndirmə işləri mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, ötən müddət ərzində Dövlət Yol Polisi ilə birgə aparılmış tədbirlər nəticəsində muxtar respublikada avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin sığorta etdirilməsi sahəsində uğurlu nəticələr əldə edilib. Belə ki, ötən dövrlə müqayisədə Naxçıvan Muxtar Respublikasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılan müqavilələrin sayında 1088 ədəd artım olub.

Baş vermiş yol-nəqliyyat hadisələrindən dəymiş zərərlərin ödənilməsində sığortanın mühüm sosial vəzifə daşıdığını bildirən Hikmət Əsgərov onu da vurğulayıb ki, bu, hər bir vətəndaş üçün faydalıdır. Çünki mülki məsuliyyətini sığorta etdirmiş nəqliyyat vasitəsi sahibləri yol-nəqliyyat hadisəsi baş verdiyi halda üçüncü şəxslərə dəymiş zərər məbləği də dövlət sığorta orqanları tərəfindən ödənilir.
Qeyd olunub ki, görülmüş işlərlə bərabər, avtonəqliyyat vasitəsi sahibləri arasında hələ də mülki məsuliyyətini icbari sığorta etdirməyən vətəndaşlar vardır. Qarşıya qoyulan vəzifə isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının qanunu ilə tənzimlənən icbari sığortalar üzrə hər bir avtonəqliyyat vasitəsi sahibi mülki məsuliyyətini icbari olaraq sığorta etdirməlidir. Bunun üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsi ilə birlikdə tədbirlər hazırlayıb həyata keçirməli və mülki məsuliyyətini icbari qaydada sığorta etdirməyən avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortaya cəlb olunması məqsədilə qanunun verdiyi səlahiyyətlərdən tam istifadə etməlidir.
Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev çıxış edərək bildirib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin bağlanmasına nəzarət işi qanunla Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinə həvalə olunub. Bu baxımdan Dövlət Yol Polisi muxtar respublikamızda hərəkətin təhlükəsizliyinin təmin olunması ilə yanaşı, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin də icbari sığorta işinə töhfə verməyə çalışır. Bu işin aparılması üçün Dövlət Yol Polisinin əməkdaşları ötən dövr ərzində Dövlət Sığorta Agentliyi ilə birgə tədbirlər həyata keçirib.
Sonda sığorta işinin aparılmasında fərqlənmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına pul mükafatları verilib.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR