26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan özünün zəngin mədəniyyəti, incəsənət ənənələri, istedadlı insanları ilə tanınan bir diyardır. Bu diyarın gözəlliyi haqqında şeirlər yazılıb, mahnılar bəstələnib, burada çəkilən rəsm əsərləri hər kəsi valeh edib. Təsadüfi deyil ki, Xalq rəssamı Səttar Bəhlulzadə Naxçıvan haqqında “Bu ulu torpaq canlı təbiət muzeyidir”, – demişdir. Bu gün Naxçıvanın səsini, sorağını eşidən insanlar böyük həvəslə bura gəlir, qədim yurd yerimiz haqqında ürəkdolusu danışırlar.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin sədri Rasim Məmməd­ov bu günlərdə muxtar respublikamıza gəlib. O, öz təəssüratlarını bizimlə belə bölüşdü:
– Naxçıvan haqqında danışmaq hər bir azərbaycanlı üçün şərəfdir. Çünki bu diyar ölkəmizin alınmaz qalası, parlayan ulduzudur. Naxçıvan gündən-günə gözəlləşir. Mən 6 ay bundan əvvəl müqəddəs Əshabi-Kəhfi ziyarət etmək üçün qədim diyara gəlmişdim. İnanın ki, 6 ay sonra mən Naxçıvanı fərqli görkəmdə görürəm. Bunun səbəbi Naxçıvanda yaradılan yeni infra­struktur, tikilən binalar, çəkilən yeni yollardır. İstənilən halda muxtar respublika aybaay deyil, günbəgün daha da gözəlləşir.
Mən bura gələndən sonra bir daha əmin oldum ki, Naxçıvan bir çox cəhətdən, o cümlədən qonaqpərvərlikdə də nümunədir. Bu diyarın təbii gözəllikləri qarşısında söz aciz qalır. Bu gün muxtar respublikanın kəskin iqlim şəraitinə baxmayaraq, aparılan yaşıllıq işləri öz bəhrəsini verir. Bir vaxtlar məlum səbəblərdən kəsilən ağacların yerində bu gün yüzlərlə ting əkilir. Muxtar respublika inkişaf edir, burada olan nizam-intizam, qayda-qanun cəmiyyətin də inkişafından xəbər verir.

Şərur rayonunun Arbatan kəndində oldum. Məndə elə təəssürat yarandı ki, bura kənd deyil, şəhərdir. Kəndin yolları, yaradılan səliqə-sahman, evlərin sıra ilə düzülüşü və oradakı insanların həvəslə evlərinin önündə abadlıq işləri aparması, hər kəsin təsərrüfatla məşğul olması bizə imkan verir ki, ürəkdən deyək: Naxçıvan Azərbaycanın fəxr ediləsi bir guşəsidir.
Hər birimiz fəxarət, qürur duyuruq ki, Naxçıvan torpağı Azərbaycan xalqına, ümumiyyətlə, bəşəriyyətə dahilər bəxş edən bir diyardır. Müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndərimiz Heydər Əliyev, dahi şairimiz Hüseyn Cavid, böyük ədibimiz Cəlil Məmmədquluzadə, akademik Yusif Məmmədəliyev, görkəmli qələm ustası Məmməd Səid Ordubadi və başqaları bu gün hər bir azərbaycanlının qəlbində yaşayırlar. Bəli, Naxçıvan həmişə elm və mədəniyyət beşiyi olub. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması doğma yurdumuzun tarixiliyindən və bugünkü inkişaf səviyyəsinin hər kəsin diqqətini çəkməsindən xəbər verir.
– Rasim müəllim, qeyd etdiyiniz kimi, Naxçıvan 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Bu, ölkəmizə və muxtar respublikamıza nə vəd edir?
– Bu, mədəniyyət tariximizin mühüm hadisəsidir. Gələn il İslam ölkələrindən muxtar respublikaya çoxsaylı rəsmi və qeyri-rəsmi şəxslər gələcək. Mən əminəm ki, Naxçıvanda yaradılan möhtəşəm infra­struktur bura gələn hər bir qonaqda xoş təəssürat yaradacaq. Muxtar respublikanın ecazkar təbiəti, Naxçıvan mətbəxi, qonaqpərvərlik, burada formalaşan böyük mədəniyyət, mövcud tarixi abidələr bu diyarın turizm potensialının təbliği üçün şərait yaradacaq. 25 illik blokada vəziyyətində olan Naxçıvanda əldə edilən bu inkişaf həm də ölkəmizin qüdrətinin göstəricisi kimi qonaqların diqqətini cəlb edəcəkdir.
Bilirsiniz ki, Qərbdə islamofobiya, ksenofobiya meyilləri ötən hər gün güclənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun islami dəyərlərə hörmətlə yanaşması, ölkəmizin həyata keçirdiyi siyasət böhtanlara tutarlı cavabdır. İslam ölkəsi olan Azərbaycan multikulturalizmin, tolerantlığın mövcud olduğu nadir diyarlardan biridir. Biz həm İslam dinini yaşadırıq, milli və mənəvi dəyərlərimizi qoruyuruq, həm də başqa dinlərə mənsub olan xalqlara, millətlərə böyük hörmət bəsləyirik. 2018-ci ildə Naxçıvana gələcək çoxsaylı qonaqlar bunun bir daha şahidi olacaqlar.
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə “Qurani-Kərim”də adı vurğulanan Əshabi-Kəhf ziyarət­gahının, Nuh Peyğəmbərin qəbirüstü türbəsinin, Naxçıvandakı məscid və imamzadələrin bərpa edilməsi bir daha sübut edir ki, biz dinimizi, dövlətimizi sevirik.
– Müsahibə üçün sağ olun.

Adilə SƏFƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR