Xəbər verdiyimiz kimi, mayın 23-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Diplomat muxtar respublikaya səfəri çərçivəsində Naxçıvanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.
Mayın 24-də Dan Stav “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olub. Tanışlıq zamanı səfirə Əshabi-Kəhf barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs “Qurani-Kərim”də “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmalarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapır. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilir. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Darıdağ Arsenli Su Müalicəxanası ilə tanış olan qonağa məlumat verilib ki, 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan bu şəfa ocağı bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir. Müalicə vannalarına gələn suyun temperaturu müsbət 37 dərəcədən 39 dərəcəyə qədərdir. Müalicə seanslarının müddətləri də fərqlidir. 2005-ci ildə regionların sosial-iqtisadi inkişafı dövlət proqramı əsasında beynəlxalq standartlara cavab verə bilən müalicəxana korpusu inşa olunub. Darıdağ ərazisində hazırda 2 yeni müalicəxana korpusundan istifadə edilir. Korpuslarda tibbi yardım göstərməyə geniş şərait və imkanlar vardır. Burada 1 saat ərzində 25-30 xəstə qəbul etmək mümkündür.
Culfa rayonunun ərazisində yerləşən Gülüstan türbəsi ilə tanışlıq zamanı qonağa məlumat verilib ki, dünya əhəmiyyətli Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən elmi və tarixi əsaslarla bərpa olunub. Gülüstan türbəsinin bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də türbənin bərpası zamanı hər bir detala xüsusi diqqət yetirilib, abidənin orijinallığı qorunub saxlanıb.
Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşən Xanəgah abidə kompleksində bildirilib ki, Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan bu abidə XII-XV əsrlərə aid edilir. Arxiv materiallarında Xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. Abidənin giriş baştağında Möminə xatın türbəsinin elementlərindən istifadə olunub. Hürufilik təliminin banilərindən olan Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər. Xanəgah uzun müddət yaşayış, ibadət və zikr yeri olub, tarixin müxtəlif dövrlərində isə həm də elm, təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirib.
Sonra səfir “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksi ilə də tanış olub. Məlumat verilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir.
Qeyd olunub ki, bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri Əlincəqalanın bərpasının xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bu gün Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, dövlətçiliyinin rəmzi olan üçrəngli bayrağımız dalğalanır.
Qeyd edək ki, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavın muxtar respublikaya səfəri bu gün başa çatır. “Şərq qapısı” qəzetinə müsahibəsində səfər təəssüratları barədə danışan səfir deyib: “Azərbaycanın çox böyük əhəmiyyətə malik bölgəsi olan Naxçıvan Muxtar Respublikasında gördüklərim məndə xoş təəssürat oyatdı. Xüsusilə də səhiyyə sisteminin müasir avadanlıqlarla təmin olunması, muxtar respublikanın ərazisində müalicəvi suların mövcudluğu Naxçıvanın yüksək inkişafının və turizm potensialının göstəricisidir”.
Dan Stav Naxçıvan Muxtar Respublikasına səfərinin məqsədinin İsrail və Azərbaycan arasında ikitərəfli münasibətlər çərçivəsində muxtar respublika ilə əlaqələrin inkişaf etdirilməsi olduğunu qeyd edib. Bu məqsədlə Naxçıvanda bir sıra sahələrlə tanış olduğunu bildirən səfir deyib ki, bu gün muxtar respublika ilə İsrail arasında səhiyyə, kənd təsərrüfatı və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar var.
Naxçıvanda İsrail şirkətləri ilə gələcək iqtisadi əməkdaşlıq barədə müzakirələr apardığını da qeyd edən Dan Stav İsraillə Naxçıvan Muxtar Respublikası arasında güclü iqtisadi əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.
Tural AĞAYEV