Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Qonaq səfər çərçivəsində muxtar respublikanın mədəniyyət və tarixi abidələri ilə tanış olub.
Diplomat ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Erkan Özoral Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına da gəlib, xiyabandakı Türk Ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə və şəhidlərimizin məzarı üzərinə gül dəstələri qoyub.
Naxçıvan Biznes Mərkəzində səfirə mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Qeyd edilib ki, hələ 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi yaradılan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirir. 2013-cü ildən isə mərkəz yeni inşa edilmiş binada fəaliyyət göstərir.
Bildirilib ki, mərkəzdə muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Bu gün muxtar respublikada 367 növdə məhsul istehsal edilir. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsinin və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsinin, özəl sektorun inkişafına yaradılan şəraitin bəhrəsidir.
Qonaq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq zamanı məlumat verilib ki, bu abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
Açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında da diplomata ətraflı məlumat verilib. Naxçıvan Muxtar Respublikası ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr qonaqda böyük maraq oyadıb.
Xan sarayında olarkən qonağa bildirilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində qonağa eramızdan əvvəl V-III minilliklərə aid olan müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, qiymətli eksponatlar haqqında ətraflı məlumat verilib.
Muxtar respublikanın mədəniyyət və tarixi abidələri ilə tanışlıq Türkiyə səfirində xoş təəssürat yaradıb.
Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın Naxçıvana səfəri mayın 18-də başa çatıb.
Erkan Özoral: Naxçıvan şəhərinin müasirliyi və tarixi abidələri məndə xoş təəssürat yaratdı
Azərbaycanın dilbər guşəsi olan Naxçıvana səfərimdən çox məmnunam. Naxçıvan şəhərinin müasirliyi və tarixi abidələri məndə xoş təəssürat yaratdı. Son dəfə Naxçıvan Muxtar Respublikasında 8 il əvvəl olmuşdum. Həmin vaxtdan Naxçıvanın müsbət mənada çox dəyişildiyini, inkişaf etdiyini gördüm.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.
Muxtar respublikada bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini bildirən səfir Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə etdiklərini diqqətə çatdırıb.
“Naxçıvan Muxtar Respublikası Türkiyə üçün çox əhəmiyyətli bir bölgədir. Çünki Naxçıvan Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan körpü rolunu oynayır”, – deyən səfir qədim diyara bir daha gəlmək arzusunda olduğunu da bildirib.
Tural AĞAYEV