Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının 213-cü məşğələsi keçirilib.
“Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti” mövzusuna həsr olunmuş tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ulu öndərimiz Heydər Əliyevin hələ SSRİ dövründə təhlükəsizlik orqanlarındakı fəaliyyətindən, milli maraqlarımızın qorunması naminə göstərdiyi xidmətlərdən danışıb. “Ölkəmizdə dövlət təhlükəsizliyinin təmin olunması ümummilli liderimizin ənənələrinə əsaslanır”, – deyən rektor vurğulayıb ki, Heydər Əliyevin milli təhlükəsizlik siyasəti və strategiyası bu gün onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
“Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti” mövzusunda çıxış edən universitetin Azərbaycan tarixi kafedrasının dosenti Nadir Hüseynbəyli Azərbaycanın müstəqilliyinin əsaslarının ulu öndərimiz Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi vaxtlarda qoyulduğunu önə çəkərək qeyd edib ki, dahi şəxsiyyət həmişə müstəqil Azərbaycanın iqtisadi, elmi, texniki və hərbi imkanlarının formalaşdırılmasına böyük önəm verib. Ümummilli liderin dövlət təhlükəsizlik orqanlarında apardığı milli kadr islahatının nəticəsidir ki, dövlətçiliyimizin möhkəmləndirilməsinə uğurla xidmət edən böyük ziyalı nəsli yetişib.
İncəsənət fakültəsinin II kurs tələbəsi Səyyad Məmmədov məruzəsində ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətinin Naxçıvan dövründən bəhs edib. Qeyd olunub ki, böyük şəxsiyyətin təhlükəsizlik orqanlarında milli əsaslara söykənən iyirmi beş illik möhtəşəm fəaliyyətinin Naxçıvan dövrü bütün zamanların ən böyük Azərbaycanlısının ideal həyat salnaməsinin qiymətli səhifələrinə, tariximizin şərəfli mərhələsinə çevrilib. Müstəqil dövlətimizin bu günü və gələcəyi ulu öndərimizin əbədiyaşar siyasi kursunun, şanlı ideyalarının şəfəqlərinə bürünüb.
Səadət ƏLİYEVA