Naxçıvan istiqamətində hərəkət edən təyyarəmiz ağ pambıq buludların üzərində süzüldükcə xəyalımda ağ rəngin harmoniyası dolanır, qeyri-iradi olaraq düşüncələrim məni bir gün əvvələ aparırdı. IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi və bu tədbirdə Azərbaycanın dünyaya verdiyi, daha çox da çağırış etdiyi sülh və həmrəyliyin, İslam əxlaqı və mədəniyyətinin, tolerant fikir və düşüncənin, qədimlik və müasirliyin harmoniyası, Azərbaycanın İslam aləmində yeri və İslam sivilizasiyasına töhfələri barədə düşünürdüm.
Dünyanın nəhəng fikir adamları İslam dininin gözəlliyi, ali dəyərləri haqqında həmişə heyranlıqla danışıblar, bu dinə yüksək ehtiram göstəriblər. Zamanın sərt küləklərı yüz illər boyu nəinki İslam dininin dəyərini azaldıb, əksinə, onun əbədiyaşarlığını təsdiq edib. Zaman göstərib ki, bu qüdrətli din axar su kimi, işıq kimi bir zərrə belə, ləkə götürmür. Dünyanın müxtəlif beynəlxalq təşkilatlarının insan və cəmiyyətlə bağlı qəbul etdiyi hüquqi və demokratik prinsiplər daha əvvəllər, daha ali formada “Qurani-Kərim”də öz əksini tapıb. Bəşəriyyəti haqqa, ədalətə, dostluğa, sülhə, insanpərvərliyə çağıran İslam dininin inkişafı sivilizasiyalararası dialoqa və mədəniyyətlərin harmoniyasına daim öz töhfəsini verir.
İslam dini dünyəvi dinlərin sonuncusu və ən mükəmməlidir. İslam özündən əvvəlki bütün dünyəvi dinlərin, həm xristianlığın, həm də musəviliyin ən müsbət tərəflərini əxz edib onların harmoniyasını yaradır. İslam dünya dinləri arasında ən tolerantı və böyük dözümlülük nümayiş etdirən dindir. Bəlkə də, İslamın bu tolerantlığı onun qısa bir müddət ərzində geniş arealda yayılmasının başlıca səbəbi olub. İslam ailə dəyərlərinə, eyni zamanda Qərbin başlıca dəyər olaraq qabartdığı insan azadlıqlarına üstünlük verən, müqəddəsləşdirən bir dindir.
İslamiadanın açılış mərasimində ayrı-ayrı İslam ölkələrinin mədəniyyətini, tarixini, ədəbiyyatını, ümumilikdə isə İslam sivilizasiyasının qızıl dövrünü əks etdirən səhnələr bir daha bizə İslam mədəniyyətinin və onun sivilizasiyalararası dialoqa verdiyi töhfələrin daim bəşəriyyətin tərəqqisi, tolerantlığın formalaşması və inkişafı istiqamətində aparıcı rol oynadığını xatırlatdı. Elm sahəsində məşhur bir kəlam var. Deyirlər ki, ən dahi kəşflər, ən böyük mədəniyyətlər müxtəlif sivilizasiyaların qovşağında yaranır. Bunu gündəlik həyatın bütün sahələrinə, eyni zamanda mədəniyyətə, siyasətə də şamil etmək olar. Bu baxımdan coğrafi mövqeyinə görə mühüm bir bölgədə yerləşən, Mərkəzi Asiya ilə Türkiyəni, İranla Rusiyanı, geniş anlamda Şərqlə Qərbi, Şimalla Cənubu bir-birinə bağlayan Azərbaycan və onun ayrılmaz parçası Naxçıvan Muxtar Respublikası mədəniyyətlərin qovşağı kimi dünya üçün çox əhəmiyyətlidir. Dünya Azərbaycanı modern bir dövlət olaraq, eyni zamanda İslam dininə etiqad edən insanların vətəni, Avropa dəyərlərini əxz etmiş, Qərbə inteqrasiya edən unikal bir məkan olaraq qəbul edir.
Tolerantlıq mühiti olmayan ölkədə sivilizasiyaların, mədəniyyətlərin dialoqundan danışmaq olmaz. Azərbaycan tarixən mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu yer olub. İslam dünyasını Azərbaycansız təsəvvür etmək olmaz. Ölkəmiz İslam dünyasına həmişə böyük abidələr bəxş edib. İslam mədəniyyətinə aid bir çox abidələri qoruyub saxlayıb, yaşadıb: “Qurani-Kərim”də adı keçən Əshabi-Kəhfdən tutmuş sonrakı əsrlərin yadigarı olan bir çox İslam abidələrinə qədər.
Azərbaycan mədəniyyəti, hüquqi, sivil, demokratik dövlət quruculuğu amili məhz İslam mədəniyyəti ilə türk mədəniyyətinin, Avropa dəyərlərinin çox uğurlu sintezindən yaranıb. Ölkəmiz coğrafi mövqeyinə görə qədim dövrlərdən insan məskəni olduğundan hələ İslamdan öncə Azərbaycan ərazisində zəngin bir mədəniyyət, dövlətçilik ənənələri mövcud olub. Biz malik olduğumuz mədəniyyətin zənginliyindən, çoxşaxəliliyindən qürur duyuruq. İslam mədəniyyəti də bizim mədəniyyətin çox ciddi və mühüm tərkib hissəsidir. Məhz buna görədir ki, bir onillikdə iki Azərbaycan şəhəri – Bakı və Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimi şərəfli bir ada layiq görülüb. Bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları da İslam dünyasında respublikamızın artan nüfuzundan, ölkəmizə olan böyük inam və etibardan xəbər verir.
2018-ci ildə İslam mədəniyyətinin paytaxtı adını daşıyacaq, möhtəşəm tədbirlərə ev sahibliyi edəcək Naxçıvanda ta keçmişdən üzübəri İslam dəyərləri, İslam əxlaqı yüksək səviyyədə qorunub saxlanılıb. Müsəlman Şərqində məscid, mədrəsə, kitabxana, xəstəxana və sair bu kimi ictimai müəssisələrin təsisi ənənəsi Azərbaycan Atabəylər dövləti tərəfindən məhz Naxçıvanda yaşadılıb. Bu, Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayan Naxçıvanın müsəlman aləminin, İslam mədəniyyətinin inkişafında və formalaşmasındakı xüsusi və əhəmiyyətli rolundan xəbər verir.
Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ticarət yolları üzərində yerləşməsi Naxçıvan şəhərinin iqtisadi-ticarət mərkəzi olmasında, Yaxın Şərq və digər müsəlman ölkələri ilə çoxşaxəli mədəni əlaqələrinin inkişafında əsas faktorlardan biri olub. Bu dövrdə Azərbaycanda təşəkkül tapmış və İslam memarlıq ənənələri əsasında formalaşmış Naxçıvan memarlıq məktəbi Qafqaz, Kiçik Asiya, İran və Mərkəzi Asiyanın memarlığına əhəmiyyətli dərəcədə təsir göstərib.
Planetin 4 qitəsində yerləşən 50-dən artıq İslam ölkəsinin nümayəndələrinin iştirakı ilə təntənəli açılış mərasimi keçirilən IV İslam Həmrəyliyi Oyunları bu gün İslamın mahiyyətini pərdələməyə çalışan, bu dini az qala ekstremizm və terrorizm sözləri ilə eyniləşdirən islamafob qüvvələrə başqa bir mesaj da verdi: terrorizm, ekstremizm İslamla daban-dabana ziddiyyət təşkil edən anlayışlardır. İslam mütərəqqi bir din olduğu üçün bəşəri dəyərləri dəstəkləyən dindir. İslam dəyərləri ümumbəşəri dəyərlərin bir hissəsidir. Buna görə də İslam dəyərləri ilə bu gün “Qərb modeli” adlandırılan sistem arasında vəhdət mövcuddur. Həm İslam mədəniyyətini, həm də Avropa mədəniyyəti deyilən məfhumun ən müsbət məqamlarını əxz etməklə demokratik, sivil və davamlı inkişaf edən bir cəmiyyət qurmaq mümkündür. Azərbaycan məhz bu cür cəmiyyəti qurmağa nail olmuş nadir ölkələrdəndir.
Gələcəyimizə aparan yolu müəyyənləşdirmək üçün əvvəlcə öz keçmişimizi qavramalıyıq. İslamın qızıl dövrü dünyamızı formalaşdırmış ideya və ixtiralarla dolu böyük mədəni və elmi irəliləyiş zəmanəsi olub. Buna görə də İslamın geniş yayılması təkcə dini etiqad baxımından yox, həm də mədəni ənənə və elmlə bağlıdır. İslamda qələmə və yazıya and içilir. Bu səbəbdən də elmə, təhsilə yüksək dəyər verən İslam dinində alimin bir damla mürəkkəbi şəhidin qanından daha üstün tutulur, bir gün elmlə məşğul olmaq 40 illik ibadətə bərabər hesab edilir, müəllimin haqqı övlad üzərində atanın haqqı ilə eyniləşdirilir. Açıq düşüncəli və biliklərə can atan insanlar üçün İslam sivilizasiyası görünməmiş əqli ixtiralar fürsətidir.
İslam aləminin birliyini, harmoniyasını təmsil edən IV İslam Həmrəyliyi Oyunları digər bir amili göz önünə gətirir: 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı rolunu oynayacaq Naxçıvanda islami dəyərlərin qorunması, yaşadılması və düzgün şəkildə təbliğ edilməsi üçün görülən məqsədyönlü işlər.
Qeyd edək ki, “İslam mədəniyyətinin paytaxtı” adına layiq görülən şəhər öz ölkəsi, regionu və İslam dünyası səviyyəsində zəngin tarixə malik olmalı, elmin, incəsənətin, ədəbiyyatın inkişafına, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi töhfə verməlidir. Naxçıvan şəhəri öz tarixiliyi, zəngin mədəniyyəti, yenidən bərpa olunmuş dini abidələri, ibadətgahları, tikilən yeni məscidləri ilə bu meyarlara cavab verdiyinə görə “İslam mədəniyyətinin paytaxtı” adına layiq görülüb. Artıq bu gün İslam dünyasında da hər kəs qəbul edir ki, muxtar respublika türk-islam mədəniyyət nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr verib.
* * *
Həyat 4 ünsürün harmoniyasından qaynaqlanır, pöhrələnir və nicat tapır. İslam aləmində 4 ünsürdən birinin – suyun xüsusi yeri var. Məhz buna görə də IV İslam Həmrəyliyi Oyunları başlamazdan əvvəl “Xəzərdən başlanan səyahət”də su ünsürünün – paklığın, gücün, özünəməxsusluğun, inancın, təravətin harmoniyası bizə təqdim edildi. Çünki su həyatın cövhəridir. O hər bir canlıya həyat verir. Qoynuna almaq, qəbul etmək onun mahiyyətindədir. Onun qüvvəsi isə sakitdir. Su təmkin və inadla ən möhkəm daşı belə, deşir.
Suyun böyük paklıq qüvvəsi var. İslamda o, ibadətin vacib amilidir, cismi və ruhu paklığa aparan yoldur. Biz hamımız fərqliyik, lakin adət-ənənələrimiz və biliklərimiz bizi bir-birimizə bağlayır. Gəldiyimiz və ya getdiyimiz yerdən, dərimizin rəngindən və ya cinsimizdən, yaşımızdan asılı olmayaraq, su bizi birləşdirən universal vasitədir. O, böyük məsafələri qət edərək, müxtəlifliyimizdən keçərək bizə xatırladır ki, öz inancımız və insanlığımızda biz vahidik. Arazın qoynunda Günəş kimi parlayan Naxçıvan şəhəri də İslam mədəniyyətinin paytaxtı kimi dünyaya məhz bu mesajları verəcəkdir.
Məmməd BABAYEV