Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski mayın 16-17-də Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın istehsal, mədəniyyət, təhsil müəssisələrində olub, tarixi abidələri ziyarət edib.
Diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Dövlət Xalça Muzeyinə gələn Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskiyə məlumat verilib ki, burada müxtəlif dövrlərə aid 3 mindən çox maddi-mədəniyyət nümunəsi var.
Qonaq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq səfirdə xoş təəssürat yaradıb.
Açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında diplomata ətraflı məlumat verilib. Naxçıvan Muxtar Respublikası ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr qonaqda böyük maraq oyadıb.
Xan sarayında olarkən İmre Laslotskiyə bildirilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində qonağa eramızdan əvvəl V-III minilliklərə aid olan müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, qiymətli eksponatlar haqqında ətraflı məlumat verilib.
Naxçıvan Avtomobil Zavodunun istehsal potensialı barədə maraqlanan Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinə bildirilib ki, burada istehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Hazırda zavodda 14 modeldə “NAZ-Lifan” avtomobili istehsal olunur.
Naxçıvan Sənaye Kompleksinin ərazisində olan qonağın diqqətinə çatdırılıb ki, kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən müəssisələrdir. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Zavodun illik istehsal gücü 40 min ton gipsdir.
Duzdağ Fizioterapiya Mərkəzinə gələn səfir İmre Laslotskiyə məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.
Qonaq daha sonra Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, beynəlxalq əlaqələrindən danışıb.
Rektor universitetin müasir elektron təhsil şəbəkəsi və elektron sənəd dövriyyəsi, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, elektron kataloq-kartoteka sisteminə malik müasir elektron kitabxanası haqqında qonağa məlumat verib.
Diplomat ali təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri üçün Macarıstan-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub, onların suallarını cavablandırıb.
Naxçıvan Biznes Mərkəzində səfirə məlumat verilib ki, burada muxtar respublikamızın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Bu gün muxtar respublikada 367 növdə məhsul istehsal edilir. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişaf etməsinə yaradılan şəraitin bəhrəsidir.
Mayın 17-də Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Diplomat “Şərq qapısı” qəzetinə müsahibəsində səfər təəssüratları barədə danışaraq deyib:
– Naxçıvan Muxtar Respublikasına səfərimin çox məhsuldar keçdiyini düşünürəm. Muxtar respublikada bir sıra yüksək səviyyəli görüşlər keçirdim. Hesab edirəm ki, Macarıstan ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat və təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirə bilərik.
Naxçıvanlılar gülərüz və qonaqpərvərdirlər. Naxçıvandakı inkişaf, buradakı səliqə-sahman və abadlıq məndə xoş təəssürat yaratdı. Buranın təmiz havası, gözəl təbiəti, güclü infrastrukturu var. Bu mənada, mən naxçıvanlılara həsəd aparıram.
Qeyd etmək istərdim ki, bu gün Azərbaycan ilə Macarıstan arasında münasibətlər yüksək səviyyədədir. Çalışacağam ki, Macarıstan ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələr bundan sonra daha da inkişaf etsin.
Tural AĞAYEV