26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan şəhərinin baş meydanında əzəməti və memarlıq quruluşu ilə diqqəti cəlb edən bir bina var. Üzərində böyük hərflərlə “MUZEY” yazılmış bu abidə­-binada xalqımızın ümummilli liderinin həyat və fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Muzeyi yerləşir. Azərbaycan Respublikasında xalqımızın böyük oğlu Heydər Əliyevin adını daşıyan 50-dən çox muzey və mərkəz fəaliyyət göstərsə də, bunlar içərisində Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyi xüsusi yer tutur.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini yeni yaranmış digər muzey və mərkəzlərdən fərqləndirən əsas cəhət budur ki, bu muzey ulu öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, 1969-cu ildən Azərbaycanın rəhbəri kimi qurub-yaratdığı, 90-cı ildən isə qoruyub saxladığı və sonrakı illərdə himayəsi ilə günü-gündən inkişaf edib çiçəklənən doğma Naxçıvan torpağında yaradılmışdır. Həmçinin bu muzey ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir. Naxçıvandakı Heydər Əliyev Muzeyinin özünəməxsus səciyyəvi cəhətlərindən biri də burada ulu öndərin muzeyin yerləşdiyi regionla əlaqələrinə dair xeyli eksponatların mövcud olmasıdır.
Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla Naxçıvan şəhərində yaradılmışdır. Bu sərəncamın imzalanması Heydər Əliyev şəxsiyyətinə olan sonsuz ehtiramın bariz nümunəsi kimi tarixi, siyasi və mənəvi zərurətdən irəli gəlmişdir. Sərəncamın imzalanmasından ötən qısa zamanda Naxçıvan şəhərinin mərkəzində Heydər Əliyev Muzeyi yaradılmış və muzey 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır.

Qeyd edək ki, hər bir xalq onun tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq onlara həsr edilmiş müxtəlif xatirə kompleksləri və muzeylər yaradır, adını park və meydanlarda, küçələrdə əbədiləşdirirlər. Belə şəxsiyyətlərin həyatı və fəaliyyəti tədqiq edilərək mənəvi dəyərlər kimi qorunub saxlanılır, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində bu dəyərlər əsas meyar kimi təbliğ edilir. Xalqımızın tarixi taleyində mühüm rol oynayan ulu öndər Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Vurğulamaq yerinə düşər ki, ümummilli liderin adının əbədiləşdirilməsi prosesi də ilk dəfə Naxçıvanda başlanmışdır. Belə ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 7 may tarixli fərmanı ilə Ona ikinci dəfə “Sosialist Əməyi Qəhrəmanı” adı verilmiş və bundan sonra ilk dəfə olaraq doğulub boya-başa çatdığı Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında büstü ucaldılmışdır. 1996-cı il may ayının 10-da isə “Naxçıvan” Sərhəd Dəstəsinin qərargahı önündə ulu öndərin büstünün açılışı olmuşdur. Həmin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “...Bu gün biz, sadəcə olaraq, öz istəyimizi, məhəbbətimizi və onun gördüyü işləri qiymətləndirmək naminə bu kiçik işləri burada, Naxçıvan Muxtar Respublikasında həyata keçiririk... Dünya siyasət məktəbində, dünya kəşfiyyat məktəblərində böyük bir Heydər Əliyev kursu keçilir. Nəyə görə bizim özümüzdə bunlar olmamalıdır?.. Ancaq biz etməliyik. Bizim – naxçıvanlıların buna daha çox haqqı var. Haqqı var, həm də mənən borclarıdır. İnsanlara sağlığında qiymət vermək lazımdır...”
Muxtar respublika rəhbərinin söylədiyi bu fikirlər zaman keçdikcə öz təsdiqini tapmış, bu sahədə görülən işlərin məntiqi davamı kimi 1999-cu ildə yaradılan Heydər Əliyev Muzeyi dahi şəxsiyyətin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, Azərbaycançı­lıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı öz üzərinə götürmüş və bu gün də həmin missiyanı uğurla həyata keçirir. Artıq 18 ildir, fəaliyyət göstərən Heydər Əliyev Muzeyi həm naxçıvanlıların, həm də bu qədim Azərbaycan diyarına üz tutan qonaqların ən çox ziyarət etdiyi ünvanlardan birinə çevrilmişdir. Yaradıldığı dövrdən cari il may ayının 1-dək bu muzeyi 280 mindən çox tamaşaçı ziyarət etmişdir ki, bu ziyarətçilərin 28 mindən çoxu xarici ölkə vətəndaşı olmuşdur.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək muzeyin ekspozisiyası ilə tanış olmuşdur. Ulu öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar bu gün burada nümayiş etdirilir. Muzeydə nümayiş etdirilən eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılmış, hər mərhələ, hər bir tarixi hadisə ilə bağlı dahi şəxsiyyətin fikirləri, seçilmiş müdrik, nəsihətamiz kəlamları ekspozisiyada öz əksini tapmışdır. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir. Muzeyin direktoru Ramil Orucəliyevdən aldığımız məlumata görə, 420 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4600-dən çox eksponat nümayiş etdirilir. Buradakı kitabxanada isə 603 adda 1200-dən çox kitab saxlanılır.
Xatırladaq ki, 2005-2006-cı illərdə əsaslı şəkildə yenidən qurulan muzey 2006-cı ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. 564 kvadratmetrlik ekspozisiya zalından ibarət muzeyin kompozisiya, dizayn, işıq və ornament tərtibatı yüksək zövqlə işlənmişdir. Burada tamaşaçılara lazımi muzey xidməti göstərmək üçün kitabxana yaradılmış, ulu öndərimiz haqqında çəkilmiş filmləri seyr etmək üçün monitor yerləşdirilmiş, kompüter dəstləri quraşdırılmış, muzeyin (www.aliyev-museum.nakhchivan.az) internet saytı yaradılmışdır.
Muzeyin zəngin ekspozisiyası onu seyr edən hər kəsin qəlbində dərin iz qoyur, yüksək təəssürat yaradır. Dahi şəxsiyyətin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçün əsl həyat məktəbidir. Azərbaycanın 40 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətini, ölkəmizin tarixi taleyində oynadığı misilsiz rolunu, əvəzsiz xidmətlərini özündə ehtiva edən Heydər Əliyev Muzeyi respublikamızda analoqu olmayan bir məbədgahdır. Bütün Heydər Əliyev sevənlərin ziyarətgahına çevrilmiş muzey ulu öndərimizin dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ideyalarını təbliğ edərək gəncləri dahi Heydər Əliyev kimi xalqa, Vətənə və dövlətə sədaqətli olmağa çağırır. Muzeydə nümayiş etdirilən eksponatlar dahi şəxsiyyətin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır. Heydər Əliyev Muzeyində hər bir eksponat ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Burada nümayiş etdirilən eksponatlar yaradıcı insanlar üçün ilham mənbəyi, elm adamları üçün isə dəyərli məlumatlar toplusudur. İl ərzində burada ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı aidiyyəti təşkilatlarla elmi konfranslar keçirilir, muzeyə tələbələrin və məktəblilərin ekskursiyaları təşkil olunur, onlar üçün lektoriyaların və açıq dərslərin keçilməsi təmin edilir.
Hər il ümummilli lider Heydər Əliyevin anadan olduğu gün – may ayının 10-u Naxçıvan Muxtar Respublikasında böyük təntənə ilə qeyd olunur. Bu il görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün yüksək səviyyədə, eyni zamanda bayram əhval-ruhiyyəsi ilə qeyd olunması da hər kəsin yaddaşında xoş xatirə kimi qalıb. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dahi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, tədbir iştirakçıları ilə birlikdə Heydər Əliyev Muzeyinə gələrək ümummilli lider Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb. Ali Məclisin Sədri Heydər Əliyev Muzeyinə yeni eksponatlar təqdim edib.
Bəli, Heydər Əliyev Muzeyi hər bir azərbaycanlı üçün Azərbaycançılıq və dövlətçilik məbədidir. Bu məbəddə hər bir eksponatın böyük dəyəri var. Bu dəyəri sözlə anlatmaq çox çətindir, daha doğrusu, yetərli deyil, ən yaxşısı yerində görmək və hiss etməkdir.

Muzeyi ziyarət edən qonaqlar sonda “Xatirə kitabı”na öz ürək sözlərini yazırlar. Bu kitabda kimlərin imzası yoxdur ki? Müxtəlif ölkələrin dövlət başçılarından tutmuş hökumət rəhbərlərinədək, beynəlxalq qurumların rəhbərlərindən tutmuş Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirlərinədək. Mən isə yazını Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olduqdan sonra “Xatirə kitabı”nda öz düşüncələrini ifadə etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz sözləri ilə tamamlamaq istərdim: “...Ulu öndər Heydər Əliyev öz doğma Vətənini – Naxçıvanı çox sevirdi. Naxçıvanlılar da həmişə onu sevirdilər və fəxr edirlər ki, dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş etdilər. Bu gün Heydər Əliyev bizim qəlbimizdə yaşayır, onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır”.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR