26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan şəhəri

Mayın 9-da Naxçıvan şəhərindəki “Nuh yurdu” restoranında Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçı­lığı ilə alman faşizmi üzərində qələbənin 72-ci ildönümü münasibətilə çay süfrəsi arxasında tədbir keçirilmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov müharibə veteranlarını faşizm üzərində Qələbə Günü münasibətilə təbrik etmişdir.
Naxçıvan şəhərində yaşayan 1941-1945-ci illər müharibəsi veteranlarının və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə İkinci Dünya müharibəsinin sovet-alman cəbhəsində qazanılmış tarixi qələbədən söz açılmış, bu qələbənin qazanılmasında bir çox xalqlar kimi, Azərbaycan xalqının, o cümlədən Naxçıvan əhalisinin misilsiz xidmətləri xatırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 aprel tarixli “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamına uyğun olaraq, ölkəmizdə, həmçinin Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000 (min) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilib.
Daha sonra müharibə veteranlarına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından hədiyyələr təqdim olunmuşdur.

Qafar Qərib

Şərur rayonu

 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbənin 72-ci ildönümü münasibətilə Şərur rayonunda keçirilən tədbirin iştirakçıları müharibə veteranları ilə birlikdə əvvəlcə 1941-1945-ci illər müharibəsi zamanı həlak olan şərurluların xatirəsinə rayon mərkəzində ucaldılan abidəni ziyarət edib, abidə önünə tər güllər düzüblər.  

Çay süfrəsi arxasında davam etdirilən tədbir­də rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək alman faşizmi üzərində qələbənin qazanılmasında digər xalqlar kimi, azərbaycanlıların da göstərdikləri misilsiz igidlik və qəhrəmanlıqlardan danışıb.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri bugünkü gənc nəsil üçün vətənpərvərlik nümunəsidir. Odur ki, ölkəmizdə yaşlı nəslə, müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərilir.
Qeyd olunub ki, ümummilli liderimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilir. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülür. Müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı əhatəsindədirlər. Ulu öndərimizin bu sahədəki fəaliyyəti də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bayram ərəfəsində ölkə başçısının sərəncamı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranlarına, müharibədə həlak olanların və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi bunun bariz nümunələrindəndir.
Muxtar respublikada da 1941-1945-ci illər müharibəsi veteranlarına yüksək diqqət və qayğı göstərilir, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür, vaxtaşırı tibbi müayinələri və müalicələri həyata keçirilir, problemləri yerindəcə həll olunur.
Rayon İcra Hakimiyyətinin başçısı müharibə veteranlarını qələbənin 72-ci ildönümü münasibətilə təbrik edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının sədri Əli Qəribov, Birləşmiş Həmkarlar ­İttifaqları Komitəsi Şərur Rayon Təşkilatının sədri Ünbülbanu Musayeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Şərur rayonundan 1941-1945-ci illər müharibəsində 4 mindən çox adam iştirak edib, onların 394 nəfəri həlak olub, 1395 nəfəri itkin düşüb. Bu gün rayonda 6 nəfər müharibə veteranı, həlak olmuş müharibə veteranlarının 123 nəfər dul arvadı, 160 nəfər isə arxa cəbhə veteranı yaşayır ki, onlar da hərtərəfli dövlət qayğısı ilə tam əhatə olunublar.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya alqışlarla ­qarşılanıb.

Elman MƏMMƏDOV

Babək rayonu

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qələbənin 72-ci ildönümü Babək rayonunda da qeyd edilib. Bu münasibətlə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri iştirak ediblər. Əvvəlcə Babək qəsəbəsindəki 1941-1945-ci illər müharibəsində həlak olmuş vətən oğullarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, müharibədə həlak olmuş qəhrəman vətən övladlarının xatirəsi ehtiramla yad edilib.
Sonra tədbir çay süfrəsi arxasında davam etdirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək bildirib ki, 1941-1945-ci illər müharibəsinə indiki Babək rayonu ərazisindən 1275 nəfər yollanıb. Müharibəyə gedənlərdən 1058 nəfəri qəhrəmancasına həlak olub, bir çoxu müxtəlif orden və medallarla təltif edilib.
Çıxış edənlər bildiriblər ki, bu gün 72-ci ildönümünü qeyd etdiyimiz qələbənin qazanılmasında iştirak ­etmiş qəhrəman veteranlarımıza xalqımızın böyük oğlu Heydər ­Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra lazımi səviyyədə diqqət yetirilməyə başlanılıb. 9 May – Qələbə Günü ölkədə böyük təntənə ilə qeyd edilir, həlak olmuş soydaşlarımız ehtiramla yad olunur, sağ qalanlara yüksək səviyyədə qayğı göstərilir.
Vurğulanıb ki, erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək, faşizm üzərində olduğu kimi, erməni vandalizmi üzərində də şanlı qələbə çalacağıq.
Veteranlardan Kazım Hacıyev çıxış edərək dövlətimiz tərəfindən onlara göstərilən qayğıya görə minnətdarlığını bildirib. Tədbirdə rayon Mədəniyyət Evinin musiqi kollektivlərinin ifaları alqışlarla qarşılanıb.

 Səbuhi HƏSƏNOV

Ordubad rayonu

Ordubad rayonunda da 1941-1945-ci illər müharibəsində qələbənin 72-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyev açıb.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək 1941-1945-ci illər müharibəsində qələbənin 72-ci ildönümü münasibətilə veteranları təbrik edib. Elşad Məmmədov qeyd edib ki, Ordubad rayonunun qəhrəman övladları da həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq və igidlik nümunələri göstəriblər. Ordubad rayonundan cəbhəyə yollanan Nəcəfqulu Rəfiyev 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən döyüşlərdə, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərib, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli Fərmanı ilə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Müharibə başlanandan Ordubad rayonundan cəbhəyə 3387 nəfər yollanıb, onların əksəriyyəti qanlı döyüşlərdə qəhrəmancasına həlak olub.
Tədbirdə YAP Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Ordubad Rayon Təşkilatının sədri Fərrux Nağızadə müharibə veteranlarını yubiley münasibətilə təbrik edərək o illəri yada salıb, arxa cəbhədə insanların “Hər şey qələbə üçün” devizi altında göstərdikləri fədakar­lıqlardan, dövrün gətirdiyi məhrumiyyətlərdən söz açıblar.
Çıxış edənlər qələbənin qazanılmasına Naxçıvanın, eləcə də Ordubad rayonunun igid övladlarının layiqli töhfəsi olduğunu, yüzlərlə rayon sakininin qələbə naminə canlarından keçdiyini, Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazdığını, o cümlədən veteranların döyüşlərdə, arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdiklərini diqqətə çatdırıblar.
Faşizmin dəhşətlərini gözləri ilə görmüş veteranlar Azərbaycan igidlərinin hünər səhifələri kimi tarixə yazılan müharibə xatirələrindən, döyüş səhnələrindən söhbət açaraq onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Tədbirə Ordubad Rayon Mədəniyyət Evinin “Dübəndi” instrumental ansamblının, qızlardan ibarət rəqs qrupunun rəngarəng ifaları xüsusi ab-hava qatıb.

 Fatma BABAYEVA

Culfa rayonu

Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Culfa rayonunda da tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində 1941-1945-ci illər müharibəsində qəhrəmancasına həlak olan culfalıların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Sonra tədbir çay süfrəsi arxasında davam etdirilib.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev müharibə veteranlarını qələbə bayramı münasibətilə təbrik edərək bildirib ki, bu müharibədə, ümumilikdə, Culfa rayonundan 1180 nəfər iştirak edib, onların, demək olar ki, yarısı cəbhədən geri qayıtmayıb. Müharibə iştirakçılarının böyük əksəriyyəti döyüşlərdə göstərdiyi şücaətlərə görə müxtəlif orden və medallarla təltif edilib.
Müharibə veteranlarına ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim diqqət göstərildiyini deyən icra başçısı qeyd edib ki, ulu öndərimizin layiqli davamçısı İlham Əliyev tərəfindən hazırda bu iş uğurla davam etdirilir. Muxtar respublikamızda da veteranlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar.
Bildirilib ki, ölkə başçısının bu ilin aprel ayında imzaladığı müvafiq sərəncam 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının daha bir təzahürüdür.
Sonra müharibə veteranlarına hədiyyələr təqdim edilib. Müharibə veteranları onlara göstərilən böyük ehtirama görə dövlətimizə minnətdarlıqlarını bildirib, tezliklə işğal altında olan torpaqlarımızda da Qələbə Gününün qeyd edilməsini arzulayıblar.
Tədbir Culfa Rayon Mədəniyyət Evinin musiqi kollektivlərinin çıxışları ilə davam etdirilib.
Sağlamlıq imkanları səbəbindən tədbirdə iştirak edə bilməyən veteranlara evlərində baş çəkilib, onlara hədiyyələr verilib.

 Nail ƏSGƏROV

Kəngərli rayonu

Faşizm üzərində qələbənin 72-ci ildönümü Kəngərli rayonunda da qeyd olunub. Qıvraq qəsəbəsində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksini rayon ictimaiyyətinin nümayəndələri ziyarət edib, önünə tər qərənfillər qoyublar. Tədbir çay süfrəsi arxasında davam etdirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirib ki, bu gün 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qələbənin 72-ci ildönümünü qeyd edirik. Bəşər tarixində ən dəhşətli müharibələrdən biri sayılan İkinci Dünya müharibəsində faşizm üzərində əldə olunan qələbə böyük tarixi hadisədir. Müharibəyə cəlb olunan keçmiş Sovetlər Birliyi respublikaları içərisində ümumi əhali sayına nisbətdə döyüşən orduya ən çox əsgər göndərən Azərbaycan idi. O dövrdə muxtar respublikanın əhalisi də döyüşlərdə şücaətlə iştirak edib, cəbhə üçün əlindən gələni əsirgəməyib. Qeyd etməliyik ki, həmin qanlı-qadalı illərdə indiki Kəngərli rayonu ərazisindən 968 nəfər müharibəyə səfərbər olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il aprelin 24-də imzaladığı növbəti Sərəncama müvafiq olaraq Kəngərli rayonunda 52 nəfərə birdəfəlik maddi yardım verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 8 nəfərə pulsuz minik maşınları hədiyyə edilib.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Kəngərli Rayon Təşkilatının sədri İsmayıl Hüseynquliyev çıxış edərək müharibə veteranlarına göstərilən dövlət qayğısından danışıb.
Sonra rayon Mədəniyyət Evinin “Kəngər” instrumental ansamblının ifası tamaşaçılarda xoş ovqat yaradıb.

Gülcamal TAHİROVA

Şahbuz rayonu

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbənin 72-ci ildönümü münasibətilə Şahbuz rayonunda da tədbir keçirilib. Tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri Şahbuz şəhərindəki 1941-1945-ci illər müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər.
Çay süfrəsi arxasında davam etdirilən tədbirdə veteranları təbrik edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev bildirib ki, bu müharibədə şücaət göstərmiş yüz minlərlə azərbaycanlının keçdiyi şərəfli döyüş yolu bu gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Ön cəbhədə vuruşmuş, arxa cəbhədə fədakarlıq etmiş şahbuzlu veteranların xatirəsi də hər zaman dərin ehtiramla xatırlanır. Vurğulanıb ki, dövlətimizin müharibə veteranlarına göstərdiyi yüksək diqqət və qayğı əlaməti olaraq hər il 9 May Qələbə bayramının yüksək təntənə ilə qeyd olunması ənənə halını alıb.
Tədbirdə çıxış edənlərdən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Şahbuz Rayon Təşkilatının sədri Məmməd Bağırov, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov, 93 yaşlı müharibə veteranı Əli Xəlilov tarixi qələbənin qazanılmasında azərbaycanlı döyüşçülərin qəhrəmanlığından, xalqımızın fədakarlığından danışıblar.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsində 1500-dən artıq şahbuzlu könüllü olaraq cəbhəyə gedib, onlardan yarısı qəhrəmancasına həlak olub. Hazırda Şahbuz rayonunda yaşayan 6 nəfər müharibə veteranı və habelə arxa cəbhədə fədakarlıq göstərmiş veteranlar dövlətimizin onlara göstərdiyi diqqət və qayğını yaxından hiss edirlər.
Sonda veteranlara hədiyyələr təqdim olunub, rayon musiqi kollektivlərinin hazırladığı geniş konsert proqramı ilə tədbir davam ­etdirilib.

 Əli CABBAROV

Sədərək rayonu

Sərhəd bölgəmiz Sədərək rayonunda 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan qələbənin 72-ci ildönümü münasibətilə keçirilən tədbirdə bölgə sakinləri, dövlət orqanlarının əməkdaşları, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər. Tədbirə böyük maraq göstərilməsinin əsas səbəblərindən biri də yaxın keçmişdə düşmənin faşizmə bərabər cinayətlərinə bu diyarın sakinlərinin şahidlik etmələri olub.
Tədbir iştirakçıları əvvəlcə Sədərək kəndindəki Şəhidlər xiyabanına gedərək 1941-1945-ci illər müharibəsi və Azərbaycan Vətən müharibəsi iştirakçılarının əziz xatirəsinə ucaldılan abidələrin önünə və burada uyuyan türk əsgərinin məzarı üzərinə gül dəstələri qoyublar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra tədbir Heydərabad qəsəbəsində çay süfrəsi arxasında davam etdirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Həbib ­İbrahimov çıxış edərək müharibə və arxa cəbhə veteranlarını qələbənin 72-ci ildönümü münasibətilə təbrik edib. Qeyd edib ki, 1941-1945-ci illər müharibəsində Sədərəkdən 462 nəfər iştirak edib. Onların 263 nəfəri qəhrəmancasına həlak olub. Rayonda müharibə veteranlarının mənzil və şəxsi minik maşınları ilə təmin edilmələri, onların müalicə olunmaq üçün müxtəlif sanatoriyalara, pansionatlara göndərilmələri, digər problemlərinin həll olunması üçün dövlətimiz tərəfindən bütün mümkün tədbirlər görülür.
Veteranlara qiymətli hədiyyələrin təqdim olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Sədərək Rayon Təşkilatının sədri Teymur Quliyev, İkinci Dünya müharibəsi veteranı Ələkbər Cabbarov çıxış edərək müharibə illərində qəhrəman oğul və qızlarımızın keçdiyi döyüş yolundan, göstərdikləri rəşadətdən bəhs ediblər. Çıxışlarda daha bir qələbənin tez bir zamanda düşmən tapdağı altında olan torpaqlarımızda qeyd ediləcəyinə əminlik ifadə olunub, dövlətimizin müharibə veteranlarına göstərdiyi qayğıya görə minnətdarlıq edilib.
Tədbirin bədii hissəsində rayon Mədəniyyət və Turizm Şöbəsinin “Qeyrət qalası” instrumental ansamblı üzvlərinin ifasında səsləndirilən mahnılar, ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sərxan İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR