26 Dekabr 2024, Cümə axşamı

Dövlət Təhlükəsizliyi Xidmətinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə mayın 3-də “Heydər Əliyev – dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-mayor Fazil Ələkbərovun da iştirak etdiyi həmin tədbirdə əsas çıxışlardan sonra namizədlikləri təmsil etdikləri şəhər və rayonların yerli icra strukturları, digər dövlət orqanları tərəfindən irəli sürülən 11 gəncin məruzələri dinlənilib.
Naxçıvanı təmsil edən Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin ikinci kurs tələbəsi Səyyad Məmmədovun hazırladığı “Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətinin Naxçıvan dövrü” mövzusundakı məruzəsi xüsusi maraq doğurub və alqışlarla qarşılanıb. Konfransın təşkilatçılarının nümayəndələrindən, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun məsul əməkdaşlarından və təhlükəsizlik orqanları veteranlarından ibarət münsiflər heyəti onun məruzəsini I yerə layiq görüb. Qalibə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev diplom, sertifikat və pul mükafatını təqdim edib. Mövzunun aktuallığını nəzərə alaraq həmin məruzəni oxucularımıza təqdim edirik:

Ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı
fəaliyyətinin Naxçıvan dövrü

94 il bundan əvvəl, 1923-cü il mayın 10-da, bir bahar günündə dünyaya göz açan dünya şöhrətli dövlət xadimi Heydər Əliyev xalqa, Vətənə misilsiz xidmət nümunəsi olan möhtəşəm fəaliyyəti ilə doğma Azərbaycanımızı əbədi bahara qovuşdurmuşdur. Tariximizin Heydər Əliyev epoxası müdrik rəhbərin parlaq dühasının, amal və əməllərinin nuruna boyanmış, müstəqil dövlətimizin bu günü və gələcəyi ulu öndərin əbədiyaşar siyasi kursunun, şanlı ideyalarının şəfəqlərinə bürünmüşdür.
Ümummilli liderimizin nəsillərə nümunə olan şərəfli ömür yolunda Naxçıvan mərhələsi özünəməxsus yer tutur. Gələcəyin böyük dahisi ilk təhsilini burada almış, 1939-cu ildə pedaqoji məktəbi uğurla bitirmişdir. Ulu öndərimiz həmin dövrü yüksək qiymətləndirərək demişdir: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək... Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb”.
Hələ ilk təhsil mərhələsində dərin biliklərə yiyələnən dahi şəxsiyyətin mükəmməl hazırlıq səviyyəsi diqqəti cəlb etmiş və gənc yaşlarından Naxçıvanda rəsmi işə qəbul olunmuşdur. Dahi rəhbər həmin illəri belə xatırlayırdı: “1941-ci ildən mən Naxçıvan MSSR-in... Xalq Daxili İşlər Komissarlığının arxiv şöbəsinin məxfi hissəsinin müdiri vəzifəsində işləyirdim. Sonra muxtar respublikanın Xalq Komissarları Sovetində şöbə müdiri, 1944-cü ildən... Dövlət Təhlükəsizliyi Komitəsində əməliyyat işində işləmişəm”.
1944-cü il yanvarın 29-da göndərişlə Dövlət Təhlükəsizlik Komitəsinin Naxçıvan təşkilatında işə qəbul edilən gənc Heydər bir müddət burada çalışdıqdan sonra 1945-ci il iyunun 20-dən iyulun 10-dək baş əməliyyat müvəkkili kimi Bakı Diyarlararası Məktəbin əməliyyat işçilərinin peşə hazırlığının artırılması üzrə ixtisasartırma kursunda oxumuş, həmin kursu əla qiymətlərlə başa vurmuş, Naxçıvana qayıdaraq fəaliyyətini uğurla davam etdirmiş, qısa müddətdə bölmə rəisi vəzifəsinə və baş leytenant rütbəsinə yüksəlmişdir.
Azərbaycan SSR dövlət təhlükəsizliyi nazirinin 1949-cu il 10 may tarixli sərəncamı ilə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Nazirliyinin 5-ci bölməsinin rəisi Heydər Əliyev vəzifəsi saxlanılmaqla bir il müddətinə təhsil almaq üçün SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Leninqraddakı (indiki Sankt-Peterburq) rəhbər əməliyyat heyətinin hazırlığı məktəbinə göndərilmiş, 1949-cu il mayın 16-dan 1950-ci il iyulun 6-dək təhsil aldığı həmin məktəbi əla qiymətlərlə bitirmişdir.
1950-ci il iyunun 21-də məktəb rəhbərliyi tərəfindən verilmiş xidməti xasiyyətnamədə gənc zabit Heydər Əliyevin kamil şəxsiyyəti, fitri istedadı və əməli iş məharəti xüsusi vurğulanaraq qeyd olunmuşdur ki: “O, intizamlı, mənəvi cəhətdən saf, ciddi, yoldaşları ilə münasibətdə ünsiyyətcil, müdavimlər arasında böyük nüfuza malik olan bir zabitdir. Əməliyyat məsələlərinin həllində əsas mahiyyəti bacarıqla üzə çıxarır, əməliyyat şəraitində sərbəst və düzgün hərəkət edir, əməliyyat sənədlərini dolğun və əsaslandırılmış şəkildə tərtib edir... Xidməti vəzifədə irəli çəkilməyə layiqdir”.
Xüsusi məktəbdəki təhsildən sonra Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Nazirliyində 5-ci bölmənin rəisi kimi fəaliyyətini davam etdirən professional əməliyyat işçisi Heydər Əliyev yüksək hazırlığı, qeyri-adi bacarığı nəzərə alınaraq çox çəkmədən daha məsul işə keçirilmiş, Azərbaycan SSR dövlət təhlükəsizliyi nazirinin 1950-ci il 25 avqust tarixli əmri ilə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin 2-ci şöbəsində 6-cı bölmənin rəisi vəzifəsinə təyin edilmişdir.
Beləliklə, böyük şəxsiyyətin təhlükəsizlik orqanlarında milli əsaslara söykənən iyirmi beş illik möhtəşəm fəaliyyətinin Naxçıvan mərhələsi başa çatmış və fəaliyyətini Bakıda davam etdirərək Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə, general-mayor rütbəsinə yüksəlmişdir. Naxçıvandan başlanan uğurlu yol, sadəcə, tərcümeyi-hal göstəriciləri olmayıb, bütün zamanların ən böyük Azərbaycanlısının ideal həyat salnaməsinin qiymətli səhifələrinə, tariximizin şərəfli mərhələsinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyev hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq daim Vətən və xalq üçün çalışmış, son dərəcə böyük, taleyüklü məsələlərin öhdəsindən məharətlə gəlmişdir. “Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün yaşamışam...”, – deyən müdrik rəhbər Naxçıvanda dövlət təhlükəsizlik orqanlarında çalışdığı ilk gənclik illərindən vətənpərvərliyi, qеyri-adi istеdadı, hеyrətamiz çalışqanlığı, gеniş еrudisiyası, zəngin və hərtərəfli biliyi, dərin analitik təfəkkürü ilə hamıdan seçilmiş, həmişə dоğma Azərbaycanımızın hərtərəfli yüksəlişi üçün fədakarlıqla çalışmış, yaşı min illərlə ölçülən ulu tariximizin ən qüdrətli və misilsiz dahisi, ən parlaq şəxsiyyəti kimi şöhrətlənmişdir. Təsadüfi deyil ki, fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev bir neçə medalla, o cümlədən 1949-cu ildə “Əmək rəşadətinə görə” medalı ilə təltif olunmuşdur.
Ulu öndərimiz Naxçıvanda təhlükəsizlik orqanlarında fəaliyyətə başladığı zaman 1937-ci il repressiyalarından çox keçməmişdi və bu orqan xalq içərisində öz xofu, bir sıra hallarda mənfi imici ilə tanınırdı. Lakin bütün varlığı ilə xalqa bağlı olan ümummilli lider həmin orqanda illər boyu əsl milli kadr kimi fəaliyyət göstərmiş, dəfələrlə həyatını, gələcəyini təhlükə altına qoyaraq Azərbaycanın milli mənafeləri naminə qətiyyətli addımlar atmış, bu yоlda əzmlə çalışmışdır.
Ulu öndər hələ 1940-cı illərdə Naxçıvanda təhlükəsizlik orqanlarında işləyərkən otuzuncu illərin repressiyalarının səbəbləri və mahiyyəti barədə düşünərək özü üçün təhlillər aparmışdı. Dahi rəhbər xatırlayırdı: “Bu orqana işə keçdiyim vaxt mən gənc idim. Bir işçi kimi arxiv materialları ilə, 1920-1921-ci illərdə, xüsusən 1937-38-ci illərin, ondan sonrakı dövrlərin materialları ilə tanış olarkən daim öz-özümə sual vermişəm: bu antisovet qruplar, millətçi qruplar… kimlərdir, hansılardır?.. Onların bir qismi həbs edilib, ya öldürülmüş, ya da uzaq Sibirdə həlak olmuşdu…Əgər insanlar siyasi cəhətdən öz fikrini bildirmək, demək istəyirdisə, yaxud başqa fikir söyləmək istəyirdisə, dərhal nəzarət altına alınır, haqqında ölçülər götürülür və… cəzalandırmağa çalışırdılar”.
Həmin illərdən yol verilmiş haqsızlıqlara, günahsız insanların cəzalandırılmasına qarşı mübarizə yolu seçən xalqımızın böyük oğlu daim ədalətin, haqqın keşiyində durmuş, obyektivliyi həmişə önə çəkərək “təhlükəsizlik işçisinin ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməsini” vacib şərt kimi vurğulamışdır.
Bədnam ermənilərin fitnəkar əməllərinin, o cümlədən təhlükəsizlik orqanlarına yol tapmış mənfur nümayəndələrinin iç üzünün açılması və müvafiq vasitələrlə dövlət orqanlarından uzaqlaşdırılmasının vacibliyi barədə ulu öndərin ilk düşüncələri də fəaliyyətinin Naxçıvan dövründə yaranmağa başlamışdır. Sonralar ulu öndər nitqlərinin birində deyirdi: “30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə erməni millətçiləri… dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.
Təhlükəsizlik orqanlarında çalışdığı illərdə bu orqanın milli, vətənpərvər kadrların cəlbi yolu ilə yenidən qurulması kimi böyük missiya da müdrik siyasətçinin atdığı qəti addımlar sayəsində gerçəkləşmişdir. Ümummilli liderimiz 1999-cu ildə Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 80 illik yubileyində demişdir: “Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bu təşkilatın Azərbaycana vurduğu zərərə baxmayaraq, bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu”.
Dünya siyasətinin patriarxlarından sayılan ulu öndər Heydər Əliyevin bu sahədəki ilk addımları da təhlükəsizlik orqanlarındakı fəaliyyətinin Naxçıvan dövrünə aiddir. O, 1940-cı illərin ikinci yarısında bir sıra beynəlxalq səviyyəli əməliyyatlarla əlaqəli olmuş, bu zaman da Azərbaycançılıq missiyasına sadiq qalmışdır. Bununla yanaşı, professionallığı, siyasi yetkinliyi, analitik təhlil qabiliyyəti, operativliyi, dünya hadisələrindən, beynəlxalq siyasətdən məharətlə baş çıxarması, dəqiq mühakimələr yürütməsi ilə nüfuz qazanmış və zəngin təcrübə toplamışdır.
Bütün sahələrdə, o cümlədən təhlükəsizlik orqanlarında peşəkar kadrların və mükəmməl iş üslubunun formalaşmasına xüsusi əhəmiyyət verən, əsl professionallığa yiyələnmək üçün nəzəriyyə ilə praktik fəaliyyətin vəhdətinin vacibliyini vurğulayan ulu öndərimiz hələ Naxçıvanda çalışdığı illərdə elmi biliklərlə əməli səriştənin əlaqəsinə nail olmuş, daim öz savadını və iş təcrübəsini artırmaq qayğısına qalmış, bu prinsipi digər çekistlər üçün də vacib saymışdır.
Müstəqil Azərbaycanda təhlükəsizlik orqanlarının fəaliyyətinin milli dövlət quruculuğu konsepsiyası əsasında qurulması da ulu öndərin adı ilə bağlıdır. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən bu sahədə ciddi islahatlar aparmış, 1993-2003-cü illərdə, müstəqil Azərbaycan Respublikasının böyük Xilaskarı və Qurucusu kimi digər sahələrlə yanaşı, milli təhlükəsizlik sahəsində də sistemli işlər görmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sözləri ilə desək, ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına – AZƏRBAYCANI AZƏRBAYCANA QAYTARMAQ məramına xidmət etmişdir.
Bu gün müstəqil Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir, dövlət təhlükəsizliyi sahəsində dahi rəhbərin həmişəyaşar ideyaları yüksək səviyyədə həyata keçirilir. “Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm”, – deyən ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm fəaliyyəti, müdrik tövsiyə və tapşırıqları biz gənclər üçün, təhlükəsizlik orqanlarının əməkdaşları üçün, o cümlədən hər bir Azərbaycan vətəndaşı üçün ən qiymətli nümunə, əsl xidmət devizi və proqramıdır.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR