26 Dekabr 2024, Cümə axşamı

Ötən ayın mənzərəsi də belə deməyə əsas verir

Ekspertlərin ümumi rəyi belədir ki, hər bir ölkənin və ya məkanın gələcək inkişaf perspektivləri xüsusilə iki mühüm amildən asılıdır. Onlardan birincisi enerji, digəri isə ərzaq təhlükəsizliyidir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda hər iki sahədə böyük nailiyyətlər əldə olunub. Keçən əsrin 90-cı illərinin ağır, böhranlı günlərində enerji qıtlığı ilə üzləşən muxtar respublika bu gün enerji ixracatçısına çevrilib. Ötən illər ərzində ərzaq təhlükəsizliyi istiqamətində də mühüm nailiyyətlər əldə edilib, daxili bazarda məhsul bolluğu yaranıb. Hazırda muxtar respublikada 367 növdə məhsul istehsal olunur. Bu məhsulların 121 növü ərzaq məhsullarıdır. 107 növdə ərzağa olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Dünyada geni modifikasiya olunmuş sağlamlığa zərərli məhsulların ayaq tutub yeridiyi bir dövrdə muxtar respublikada əhali ekoloji cəhətdən təmiz yerli kənd təsərrüfatı məhsullarıyla təmin olunur. Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını da artırıb.

 Muxtar respublikada kənd təsərrüfatında yeni innovasiyaların tətbiqi bu gün özünün müsbət nəticələrini verir. Məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunub. Aprelin 4-də Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaş­lıq sazişi çərçivəsində Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua bu münasibətlə keçirilən tədbirdə iştirak ediblər.

İki min hektar sahədə yeni metodlarla əkin və becərmə işlərinin aparılması məqsədilə gətirilən 33 adda 80 kənd təsərrüfatı texnikası yüksək iş göstəricilərinə malikdir. Yeni alınan toxumçuluq laboratoriyasında isə yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaqdır. Toxumçuluq təsərrüfatında bütün işlərin elmi əsaslarla aparılması, aqrotexniki qaydalara əməl edilməsi, məhsuldar toxum sortları yetişdirilərək tətbiq olunması vəzifə kimi qarşıya qoyulub.
Rentabelli suvarma şəbəkələrinin qurulması əkinçiliyin inkişafında vacib şərtdir. Torpaq və su ehtiyatlarından səmərəli istifadə, bol məhsul istehsalı məqsədilə görülən işlərin davamı olaraq “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatının Kəngərli rayonunun Böyükdüz kəndindəki əkin sahələrinin 400 hektarında yeni qapalı suvarma şəbəkəsi qurulacaqdır. Aprelin 22-də Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin layihəsinə və tikinti aparılacaq əraziyə baxıb.
Qeyd edək ki, son 3 ildə muxtar respublikada 3100 hektar sahədə qapalı suvarma şəbəkəsi qurulub. Yeni qurulan qapalı suvarma şəbəkəsi də ərazinin su təminatını yaxşılaşdıracaq, şoranlaşmaya və su itkisinə yol vermədən əkin sahələri tələb edilən miqdarda suvarma suyu ilə təmin olunacaqdır.
Sağlamlıq hər bir insan üçün böyük sərvətdir. Əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlərdən biri də idmanın kütləviliyinə nail olunmasıdır. Son illər həyata keçirilən məqsədyönlü tədbirlər, idman obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi, müxtəlif idman federasiyaları üzrə klubların yaradılması, özəl fitnes mərkəzləri və müxtəlif idman klublarının fəaliyyətə başlaması bu sahəyə qızların da marağını artırıb. Son illər yaradılan və səmərəli fəaliyyət göstərən idman klublarından biri də “Xatun” Bədii Gimnastika Klubudur. 2017-ci il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq “Xatun” Bədii Gimnastika Klubunun Şərur Olimpiya-İdman Kompleksində, Naxçıvan Dövlət, “Naxçıvan” universitetlərində və Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzində filialları yaradılıb.
Bədii gimnastikanın inkişafı və qızların bu idman növünə cəlbi sahəsindəki səmərəli fəaliyyəti nəzərə alınaraq, eləcə də yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə aprelin 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Xatun” Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarovaya Naxçıvan şəhərində yeni mənzil təqdim olunub.
İnsanların sağlamlığına birbaşa təsir göstərən başlıca amillərdən biri də ekoloji mühitdir. Bu mənada, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə keçirilən iməciliklər də böyük əhəmiyyət daşıyır. Yaşıllıqlarla yanaşı, meyvə bağlarının salınması yalnız ekoloji deyil, iqtisadi səmərəlilik baxımından da keçirilən iməciliklərin gələcək üçün böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Aprelin 8-də muxtar respublikada növbəti iməciliklər keçirilib. Ali Məclisinin Sədri Uzunoba Su Anbarının ətrafında keçirilən iməcilikdə iştirak edib, ərazidə yeni meyvə tingləri əkib.
Onu da qeyd edək ki, ötən illər keçirilən iməciliklər zamanı Uzun­oba Su Anbarının ətrafındakı 20 hektar sahədə qoruyucu yaşıllıq zolağı salınıb. Həmin gün isə daha 1 hektar ərazidə minə yaxın müxtəlif meyvə tingləri əkilib. Meyvə bağında damcı üsulu ilə suvarma şəbəkəsi qurulacaq, becərmə işləri aqrotexniki qaydalara uyğun aparılacaqdır.
Bu gün dövlət siyasətində insan amili ön plandadır. Həyata keçirilən çoxşaxəli tədbirlər insanların maddi­ rifah halının yaxşılaşmasına, onların məşğulluğunun artırılmasına hesablanıb. Gələcəyimiz olan uşaqlar da dövlətin qayğısından kənarda qalmayıb. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanıb, həmin siyasət bu gün də uğurla davam etdirilir. Muxtar respublikamızda uşaqların əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Bu baxımdan uşaqların bir şəxsiyyət kimi formalaşmasında, milli dəyərlər ruhunda təlim-tərbiyəsində və məktəbəqədər hazırlığın təmin edilməsində bağçaların rolu böyükdür. Son illər Naxçıvan Muxtar Respublikasında 3-ü hərbi şəhərciklərdə olmaqla, 21 uşaq bağçası tikilərək istifadəyə verilib, bağçalarda uşaqların məktəbəqədər tərbiyəsinin təşkili və sağlam böyümələri üçün müasir şərait yaradılıb. Bu, təhsilin ilk pilləsi kimi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, istedad və qabiliyyətinin üzə çıxarılmasını, estetik tərbiyəsini təmin edir.
Görülən işlərin davamı olaraq aprelin 14-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilib.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan uşaq bağçasında 2 körpələr, 3 orta, 3 böyüklər və 3 məktəbəhazırlıq qrupları olmaqla, ümumilikdə, 11 qrup fəaliyyət göstərir. Müasir infrastrukturla təchiz edilən bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb. 160 uşağın cəlb olunduğu 224 yerlik uşaq bağçasında 40 nəfər işlə təmin olunub.
Ali Məclisin Sədri Kəngərli rayonunun Qıvraq qəsəbəsində uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kollektivi və valideynləri təbrik edib, bağçada yaş qruplarına uyğun təlim-tərbiyə qaydalarının tətbiq olunması, valideyni işləyən, aztəminatlı ailələrdən olan və sağlamlıq imkanları məhdud uşaqların qəbuluna üstünlük verilməsi, uşaqların mütəmadi tibbi müayinədən keçirilməsi və sağlam qidalanmasına diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Son illər əbəs yerə Naxçıvan Muxtar Respublikasını Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırmırlar. Çünki qədim diyarımız, həqiqətən də, özünün yüksəliş, inkişaf dövrünü yaşayır. Bir sıra beynəlxalq ekspertlər Naxçıvanı həm də regional cazibə mərkəzi adlandırırlar. Səbəb isə çox sadədir: inkişaf olan məkanlarda əldə edilən nailiyyətlər, tətbiq olunan yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, elmə, təhsilə, mədəniyyətin inkişafına göstərilən xüsusi diqqət və qayğı, aparılan genişmiqyaslı islahatlar, müasir dövrün tələblərilə həmahəng olan məqsədyönlü işlərin görülməsi diqqəti cəlb edir, maraq yaradır. Hər kəsi təəccübləndirən digər bir mühüm amil isə bütün bu nailiyyətlərin 25 ildir, davam edən blokada şəraitində əldə edilməsidir. Muxtar respublikaya səfərə gələn nüfuzlu xarici ölkələrin diplomatları da bu məqama xüsusilə diqqət çəkirlər.
Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.
Ali Məclisin Sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, Azərbaycan-Almaniya əlaqələrinin inkişaf etdiyini, Naxçıvanın da Azərbaycanın tərkib hissəsi kimi bu əlaqələrdə iştirakçı olduğunu bildirib. Ali Məclisin Sədri muxtar respublikada təhsil sahəsində Almaniya təcrübəsindən istifadənin əhəmiyyətindən danışıb, Naxçıvan Dövlət Universitetində və ümumtəhsil məktəblərində alman dilinin tədris olunduğunu, “Naxçıvan” Universitetinin Almaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Beynəlxalq ekspertlər həm də bunu xüsusilə qeyd edirlər ki, bir ölkənin ən böyük sərvəti müstəqillik, inkişafının təkanverici amili isə aparılan düzgün siyasət nəticəsində yaradılan sabitlikdir. Dünyada baş verən neqativ proseslərin fonunda özünün sosial-iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası müstəqilliyin bəxş etdiyi inkişafa, sabitliyə qovuşub. Bu gün ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası muxtar respublikada uğurla həyata keçirilir. Nəticədə, xüsusi şəraitdə iqtisadi inkişaf modelini yaradan Naxçıvan son illər ərzində beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi dünyada şöhrət qazanıb. Quruculuğun möhtəşəm nümunəsi kimi diqqətləri cəlb edən qədim Naxçıvan şəhəri tələb olunan bütün meyarlara cavab verdiyi üçün İslam mədəniyyətinin paytaxtı seçilib və qədim diyar bu missiyanı 2018-ci ildə yerinə yetirəcək. Bütün bunlara ötən illər, aylar ərzində çəkilən zəhmətin, fədakarlığın, işgüzarlığın, vətənpərvərliklə, torpağa bağlılıqla görülən işlərin, ulu öndər Heydər Əliyev yoluna sədaqətin nəticəsində nail olunub. Ötən ayın mənzərəsinə nəzər yetirdikdə bunu bir daha görürük.

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR