Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində şəhər ərazisində əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilib.
Tədbirin təşkilində məqsəd avtomobil nəqliyyatı sahəsində xidmətin intensivliyinin təmin olunmasından, yaranmış çətinliklərin, yol verilən nöqsanların aradan qaldırılması yollarının müəyyən edilməsindən ibarət olub.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Yasin Əliyevin, Elxan Novruzovun, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədovun çıxışları olub.
Çıxışlarda qeyd edilib ki, muxtar respublikada digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb və müsbət nəticələr əldə edilib. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınır, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilir. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblərə uyğun yerinə yetirilməsinə əlverişli şərait yaradıb.
Bildirilib ki, bu gün sərnişinlərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılmasına xüsusi diqqət yetirilir. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirən sürücülərin intizam qaydalarına əməl etmələrini yoxlamaq məqsədilə reydlər keçirilir, qanun pozuntusuna yol verən sürücülər aşkar edilir.
Vurğulanıb ki, sərnişin və yük daşınmaları ilə məşğul olan sürücülərin başlıca vəzifələrindən biri də avtomobillərini vaxtında texniki müayinədən keçirmələridir. Bu məqsədlə müntəzəm reydlər keçirilir, avtonəqliyyat vasitələrində aşkar olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılır.
Diqqətə çatdırılıb ki, nəqliyyat vasitəsi yola düşməzdən əvvəl sürücü tərəfindən onun texniki cəhətdən sazlığı yoxlanılmalı, yol hərəkətinin və daşımaların təhlükəsizliyi qaydalarına əməl edilməlidir. Nəqliyyat vasitəsi müəyyən edilmiş sürət həddini keçməməli, marşrut qrafikinə əməl olunmalıdır.
Sonra seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.
Səbuhi Hüseynov