Görkəmli dövlət xadimi Heydər Əliyev elə dahi şəxsiyyətdir ki, hələ sağlığında hər bir azərbaycanlının qəlbində daimi yaşamaq hüququ qazanmışdır. Şərəfli və mənalı ömrünün 40 ilə yaxın bir dövrünü respublikamıza rəhbərlikdə keçirən ulu öndər həyatımızın bütün sahələrinin yüksəlişinə nail olmuş, dövlətimizin gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Bu sahələr sırasında xalqımızın milli pasportu sayılan dilimizin layiq olduğu səviyyədə tanınmasında çox mühüm işlər görmüşdür.
Qeyd etmək lazımdır ki, Azərbaycan dili çox qədim dövrlərdən formalaşmağa başlamış, xalqımızın ictimai həyatında böyük nüfuz qazanmış, zəngin inkişaf mərhələləri keçmişdir.
Azərbaycanda dil siyasətinin həyata keçirilməsinə Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlanılmışdır. 27 iyun 1918-ci il tarixdə qəbul edilmiş qərar Azərbaycan dilini dövlət dili elan edən ilk rəsmi sənəd kimi çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycan milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoymuşdur. Müəyyən dövrlərdə çox ciddi təzyiqlərə məruz qaldığından dövlət dili anlayışı Azərbaycanda ancaq müstəqillik dövründə real məzmun kəsb etməyə başlamışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdən Azərbaycan dilinin siyasi nüfuzunun yüksəlməsinə çalışmış, doğma dilimizə işləklik qazandırmaq, onun dövlət dili kimi yüksək statusa sahib olmasını təmin etmək üçün məqsədyönlü addımlar atmışdır. Dahi şəxsiyyət təşəbbüsü ilə Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyasında ilk dəfə dilimiz dövlət dili kimi rəsmiləşdirilmişdir. Bu, dövlətçilik tariximizdə dilimizin dövlət dili statusu sahəsində aparılan mübarizələrdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı ən möhtəşəm, böyük qələbələrin birincisi və ən vacibi idi. Çünki bu tarixə qədər dilimizin statusunun müəyyənləşməsinə bir neçə dəfə təşəbbüs göstərilsə də, onların hamısı uğursuzluqla nəticələnmişdi. Bildiyimiz kimi, dilin cəmiyyətdəki mövqeyi dövlətçiliklə birbaşa bağlıdır. Çünki dövlətçilik dilin dayağıdır. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin əsas aparıcı atributlarından biri sayılır. Ona görə də ana dilimizin dövlət dili statusu Konstitusiyada qanuniləşdirildikdən sonra dövlət idarəçiliyinin müxtəlif sferalarında, sosial-iqtisadi həyatda dilimizin fəaliyyət dairəsi ulu öndərin qayğısı sayəsində genişlənməyə başlamışdır.
Ümummilli liderimizin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Azərbaycan Respublikası dil siyasəti sahəsində də bu varisliyi qoruyub saxladı.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, – deyən ümummilli liderimiz Azərbaycana rəhbərlik etməyə başladığı andan mədəniyyətimizə və mənəviyyatımıza dərindən bağlılığını dönə-dönə sübut etmiş, öz siyasi təcrübəsi, yüksək intellekti ilə milli dilin inkişafı istiqamətində məqsədyönlü iş aparmış və bu siyasəti bütün çətinliklərə baxmayaraq, dönmədən həyata keçirmişdir.
Ulu öndər Heydər Əliyevin dahiyanə fəaliyyəti sayəsində müstəqillik dövrü dilimizin inkişafı üçün yeni perspektiv imkanlar və üfüqlər açmışdır. 1995-2000-ci illərdə Heydər Əliyev Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dilinə yalnız sözdə deyil, əməldə çevrilməsi üçün bütün enerjisi, siyasi iradəsi ilə çalışmış, bu dilin böyük Azərbaycanın ünsiyyət vasitəsi, milli və mənəvi dəyəri olması uğrunda mübarizə aparmış və Azərbaycan dilinə sevgini Azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi kimi təsbit etmişdir.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində görkəmli dövlət xadimi Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərmanı böyük rol oynamışdır. Bu fərmanla Azərbaycan dövlətinin müstəqillik təcrübəsinə əsaslanan böyük siyasi xadim dövlət dilinin tətbiqi sahəsində görülməli olan zəruri işlərin proqramını vermişdir. Ulu öndər Azərbaycan xalqının ana dilinin – dövlət dilinin inkişafı, tətbiqi işinin təkmilləşdirilməsi üçün çox mühüm tədbirlərin həyata keçirilməsini – Azərbaycan Respublikasının dövlət dili haqqında qanunun hazırlanmasını, dövlət dilinin və latın qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı kompleks planlar hazırlanıb həyata keçirilməsini, latın qrafikası ilə çap olunacaq elmi, bədii, tədris və sair ədəbiyyatın siyahısının hazırlanmasını zəruri saymışdır. Ulu öndər bu fərmanın tətbiqini sürətləndirmək məqsədilə 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” daha möhtəşəm bir Fərman imzalamışdır. Bu fərmana əsasən hər il 1 avqust tarixi dil bayramı kimi qeyd olunmaqdadır. Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi ümummilli lider Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin, 1993-cü ildən etibarən həyata keçirdiyi milli dövlətçilik siyasətinin davamı və qanunauyğun nəticəsidir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ 1937-ci ildə repressiyaya uğradılmış latın qrafikalı Azərbaycan əlifbasına yeni həyat verilmişdir. Bu tarixi hadisə ilə Azərbaycan Türk dünyasında Türkiyədən sonra latın qrafikasına keçən ilk postsovet respublika olmuşdur.
Ümummilli liderin milli dil siyasəti onun layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, 12 yanvar 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam milli dil siyasətinin reallaşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Eləcə də dövlət başçısının 2007-ci il 30 dekabr tarixində imzaladığı “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamı ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.
Prezident İlham Əliyevin həmin sərəncamları onun dövlətçilik fəaliyyətində milli mənəviyyatın təməllərinə nə qədər qayğıkeş yanaşmasının açıq göstəricisidir. Prezidentin latın qrafikalı əlifbada bədii, elmi ədəbiyyatların nəşrinə başlamaq qərarı mədəni, ideoloji məzmunu ilə yanaşı, daha geniş məsələləri də özündə ehtiva edir. Latın qrafikalı əlifba ilə kütləvi nəşrlərin həyata keçirilməsi Azərbaycan dövlətinin mədəniyyət, mənəviyyat sahəsindəki müasir siyasətini ifadə edir və möhkəm əsaslara malikdir.
Latın qrafikalı əlifba ilə kütləvi nəşrlərin həyata keçirilməsi siyasəti məzmunu, forması, texnologiyası etibarilə böyük mənəvi hadisədir. Bu tədbir həm yeni qrafikanın ölkə əhalisi arasında sürətlə yayılmasına şərait yaratmış, həm də milli ideologiyanı təbliğ edən ədəbi-ictimai və mədəni-siyasi ədəbiyyatın müasir gəncliyin milli ruhda tərbiyəsinə xidmət göstərir. Burada bir faktı da qeyd etmək yerinə düşər ki, ulu öndərin fərmanı ilə yeni latın qrafikasının tətbiqindən sonrakı dövrdə ölkə Prezidentinin bilavasitə rəhbərliyi altında Azərbaycan dilinin orfoqrafiya qaydaları yenidən işlənmiş və yeni variant Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
Dilimizin qorunması, dövlət dilinin əhatə dairəsinin genişləndirilməsi, beynəlxalq arenaya çıxışı və digər sahələrdə xeyli iş görülmüşdür. Bütün bunlarla yanaşı, son illər dünya miqyasında gedən qloballaşma prosesləri ilə əlaqədar milli dəyərlər, o cümlədən milli varlığımızın əsas vasitəsi olan dilimizin istifadəsi istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə zəruri ehtiyac yaranmışdır. Məhz buna görə ölkə Prezidenti İlham Əliyev 9 aprel 2013-cü il tarixdə dil problemlərinin həlli, eləcə də dövlətçiliyimizin rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılması məqsədilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət proqramının icra müddəti 2014-2020-ci illəri əhatə edir.
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramında nəzərdə tutulan zəruri tədbirlərin bir qismi artıq həyata keçirilmişdir. Belə ki, dövlət proqramı işığında hazırda Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi, eləcə də müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü şəkildə aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komitəsi və Tərcümə Mərkəzi kimi dövlət orqanları yaradılmışdır.
Bu dövlət proqramında Azərbaycan dili ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin, terminologiya istiqamətinin də inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır.
Bu mühüm dövlət sənədində ana dilinin saflığının qorunması, ədəbi dilin inkişafı ilə yanaşı, Azərbaycan dilçilik elminin vəziyyəti haqqında məsələ qaldırılır, dilçi alimlərin qarşısında xüsusi tələblər qoyulur və bununla da, bu elm sahəsinin inkişafı üçün böyük bir perspektiv açılmış olur.
Dilimizə hörmət və ehtiram Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə özünü göstərir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, muxtar respublikamız Azərbaycanda ilk dəfə olaraq “Ana dili” abidəsi ucaldılmış regionlardan biridir. Ulu öndərimizin təsis etdiyi Azərbaycan Əlifbası və Ana Dili Günü hər il diyarımızın paytaxtındakı “Ana dili” abidəsi önündə qeyd edilir.
Nəzərə alsaq ki, xidmət sahələri və istehsal müəssisələri insanların ən çox üz tutduqları ünvanlardır, onda bu sahələrdə istifadə olunan reklam lövhələrindəki yazıların ana dilimizdə yazılması vacib şərtdir. Muxtar respublikamızda bütün reklam və elan lövhələrindəki yazıların ədəbi dilimizin bütün normalarına uyğun şəkildə əks olunması biz dilçi alimləri sevindirən hadisədir. Belə ki, regionda istehsal və xidmət sahələrində istifadə olunan reklamlarda Azərbaycan dilinin normaları gözlənilməkdədir. Və bu iş, yəni reklam lövhələrinin yazılışının və istifadəsinin qanunvericilikdə nəzərdə tutulmuş formada həyata keçirilməsi nümunədir.
Xalqımızın dövlət müstəqilliyi əldə etməsindən artıq 26 il ötür. Bu müddət ərzində ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial-siyasi sahədə də xeyli nailiyyətlər qazanılmışdır. Dilimizin dövlət dili kimi müstəqil inkişafı bu nailiyyətlərin bariz nümunələrindən biri, görkəmli dövlət xadimi Heydər Əliyevin dil siyasətinin ölkəmizdə uğurla həyata keçirilməsinin ifadəsidir.
Məqaləni ümummilli liderimiz Heydər Əliyevin dilimizin inkişafı haqqındakı aşağıdakı fikri ilə bitirmək istəyirəm: “...Biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir... Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.
Əbülfəz QULİYEV
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü