26 Dekabr 2024, Cümə axşamı

Azərbaycan Respublikası Prezidentinin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən gənclərin və tələbələrin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyalarının təşkili nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə hazırladığı qrafikə əsasən gənclərin Zəngəzur Milli Parkının Boyəhməd kəndi istiqamətində ekskursiyası təşkil olunub.
Ekskursiyadan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Azər Məmmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, gənclərin ayda bir dəfə olmaqla muxtar respublikamızın tarixi və təbiət abidələrinə yürüşlərinin təşkilində məqsəd bölgənin turizm potensialının gənclərə tanıdılmasından, onların asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir.

Qeyd olunub ki, bu çərçivədə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının ərazisinə səfərlərin təşkil edilməsi xüsusilə vacibdir. Çünki bu ərazi muxtar respublikanın flora və fauna cəhətdən ən zəngin yerlərindən biridir. Bura ekskursiyaların təşkil olunması isə həm muxtar respublikanın turizm potensialının gənclər arasında təbliği, həm də təbiətin, bölgənin zəngin ekoloji mühitinin gənclərə tanıdılması və sevdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Ekskursiya çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədov Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəm­li alim, tanınmış ictimai xadim Həsən Əliyevin fəaliyyətindən və onun adını daşıyan Zəngəzur Milli Parkının flora və fauna aləmindən geniş məlumat verib.
Bildirilib ki, Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks pro­qram və silsilə layihələri uğurla həyata keçirib.
Dövlət başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Zəngəzur Milli Parkı yaradılıb və parka akademik Həsən Əliyevin adı verilib.
Qeyd olunub ki, 42797,4 hektar əraziyə malik parkın yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlimə, relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.
Diqqətə çatdırılıb ki, parkın ərazisi ali və nadir bitkilərlə zəngindir. Belə ki, muxtar respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın ərazisində mövcuddur ki, onlardan əksəriyyətinin adı “Qırmızı Kitab”a daxil edilib.
Gənclər muzey binasında, parkın ərazisində mövcud olan heyvan və bitki növləri haqqında məlumatların toplandığı eksponatlarla tanış olub, ekskursiya üçün nəzərdə tutulmuş yerləri gəziblər.
Qeyd edək ki, ayda bir dəfə olmaqla bu ilin oktyabr ayına qədər davam edəcək ekskursiyalarda gənc­lərin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində Gənzə, Kotam, Parağaçay kəndləri, Fərhad evi və Babək qalası istiqamətində də səfərləri həyata keçiriləcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR